Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb Yenilənib-Foto
Tarix: 16-11-2026 | Saat: 18:48
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Noyabrın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan spiker bildirib ki, gündəliyə 11 məsələ daxildir. Bunlardan 8-i 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir. Bu sənədlər birinci oxunuşda müzakirə ediləcəklər.
Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir.
Bu il Azərbaycan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı yolunda önəmli addımlar atıb.
Amerika Birləşmiş Ştatları ilə Strateji tərəfdaşlıq haqqında Xartiya, Almaniya ilə İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə, habelə Birləşmiş Krallıq ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib, uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar açıb.
Bildirilib ki, may ayında Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını, oktyabr ayında isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünü qəbul edib. Bu tədbirlərdə Azərbaycan şəhərlərin bərpası ilə bağlı təcrübəsini təqdim edib, eləcə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə töhfə verib.
Oktyabr ayında Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qarşılıqlı anlaşmanı möhkəmləndirmək və ümumi çağırışlara cavab tapmaq üçün müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirən ölkə kimi Azərbaycanın rolunu yenidən təsdiq edib.
Spiker bildirib ki, noyabrın 8-də - Vətən müharibəsində tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd etdiyimiz gün Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın görüşü keçirildi. Həmin görüş Azərbaycanla Türkiyənin müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Spikerin sözlərinə görə, bu il ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr arasında Yeni Azərbaycan Partiyasının 8-ci qurultayı xüsusi yer tutur. Dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyev qurultayda söylədiyi proqram xarakterli nitqdə ölkəmizin tarixinin mühüm bir mərhələsinə yekun vurdu və yeni dövrdə dövlətimiz və cəmiyyətimiz qarşısında dayanan vəzifələrə nəzər saldı.
Cənab Prezidentin çıxışında ölkəmizin öz qüvvələrinə arxalanmaqla gələcək inkişafının prioritetləri müəyyən edildi.
Bildirilib ki, bu il regionumuz ciddi sınaqlara məruz qaldı. Ölkəmizin yaxın ətrafında münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycan təmkinli və məsuliyyətli davranış nümayiş etdirərək öz maraqlarını ardıcıl surətdə müdafiə etdi.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verdi. Bununla əlaqədar bir neçə faktı qeyd edən spiker bildirib ki, 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olundu.
Oktyabr ayının sonuna olan məlumata görə, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur.
Qeyd edilib ki, ilin mühüm yekunlarından biri Böyük Qayıdışın davam etməsidir. Yaşayış məskənləri və infrastruktur bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı da artır.
Sosial sahəyə də böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.
Bildirilib ki, bu il əldə edilən nəticələr 2027-ci ilin büdcəsinin formalaşdırılması üçün əlverişli ilkin şərtləri təmin edib və gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaqdır. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur.
Spiker deyib ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərinin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaqdır.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcəkdir. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin olunması da büdcənin prioritetləri sırasındadır.
Spiker Azərbaycan hökumətinin səmərəli fəaliyyətinin büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
O, qeyd edib ki, son illərdə yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına da dəvət olunublar. İclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.
Bildirilib ki, Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini açıqlayıb.
Çıxışına yekun vuran Milli Məclisin sədri aparılacaq müzakirələrin səmərəli olacağına, deputatların öz fikirlərini və təkliflərini səsləndirəcəklərinə inamını bildirib və millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edib.
Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi zərfi dövlət başçımızın strateji təşəbbüslərini, sosial-iqtisadi inkişafın əsas hədəflərini, yeni dövrün çağırışlarını özündə əks etdirir və onların reallaşdırılması üçün etibarlı maliyyə təminatı yaradır.
Komitə sədri Azərbaycanın tamamilə yeni tarixi mərhələyə qədəm qoyduğunu və bunun təməlində Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi və sərkərdə məharəti, şanlı ordumuzun döyüş qabiliyyəti, qəhrəman şəhid və qazilərimizin fədakarlığı və qətiyyəti sayəsində qazanılmış möhtəşəm qələbəmizin dayandığını söyləyib.
O qeyd edib ki, Azərbaycan bu gün regional proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən, çoxtərəfli platformalarda və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən, qlobal siyasi arenada orta güc statusuna malik nüfuzlu dövlət olaraq tanınır. İqtisadi müstəvidə isə Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm vasitəsinə çevirən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edə bilən, iqtisadi müstəqilliyinə ciddi önəm verən dövlətdir.
Bildirilib ki, ümumi həcmi 89,4 milyard dollara çatan strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da dəstəkləyir. Eyni zamanda, maliyyə təhlükəsizliyinin yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60 faizi keçməsi, o cümlədən Neft Fondundan büdcəyə transfertin tədricən azaldılması, növbəti ildə cari xərclərin 90 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfi və büdcə qaydasına ciddi riayət edilməsi bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanılmış və uğurla davam edən yeni iqtisadi təşəbbüslərin dövlətimizin iqtisadi dayaqlarının, maliyyə əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Azər Əmiraslanov bu təşəbbüsləri və son illərdə reallaşdırılan iqtisadi transformasiyanı "yeni iqtisadiyyat quruculuğu" kimi dəyərləndirib. O qeyd edib ki, yeni iqtisadiyyat neft gəlirlərinin yaratdığı imkanları yeni gəlir, yeni ixrac, yeni texnologiya və yeni vergi bazasına çevirmək, dövlət üçün dayanıqlı iqtisadi sütunlar yaratmaq, vətəndaşlar üçün keyfiyyətli rifahı təmin etmək deməkdir. Vaxtilə neft gəlirləri hesabına çəkilmiş magistral yollar, dəmir yolu xətləri, qurulub tikilmiş limanlar, enerji və kommunikasiya infrastrukturu, yaradılmış logistika imkanları bu gün öz strateji nəticələrini göstərməkdədir.
Komitə sədri bütün iqtisadi təşəbbüslərin yalnız büdcə hesabına maliyyələşdirilməsi əvəzinə, özəl kapitalın səfərbər edildiyini, əlverişli investisiya mühitinin yaradıldığını, iqtisadi fəallığın stimullaşdırıldığını söyləyib. Cari ilin sentyabr ayında ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun bunu bir daha təsdiq etdiyini vurğulayıb. Rəqəmsal transformasiyanın, süni intellektin, innovasiya ekosistemlərinin, bərpa olunan enerjinin, nəqliyyat-logistikanın iqtisadi artımın yeni mənbələri kimi gündəmdə olduğunu deyib. O, eyni zamanda vergi-gömrük güzəştləri və azadolmalarının, sahibkarlığa dəstək mexanizmlərinin iqtisadi fəallığın stimullaşdırılmasına xidmət etdiyini söyləyib. Son illərdə xidmət sektorunun, xüsusilə də ticarət, nəqliyyat, logistika, turizm, informasiya və rabitə kimi sahələrin sürətlə inkişaf etdiyindən danışıb.
Bildirilib ki, 2027-ci ilin büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülüb. Qeyd olunub ki, büdcə layihəsində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən dövlət investisiyalarına 5,3 milyard manat vəsait nəzərdə tutulması fiskal dayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir. Növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulda payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Həmçinin, diqqətə çatdırılıb ki, post-müharibə dövrünü yaşamış digər ölkələrdən fərqli olaraq, dövlətimiz Böyük Qayıdış proqramını yalnız özü maliyyələşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020-2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə 3,4 milyard manat nəzərdə tutulur.
Komitə sədrinin sözlərinə görə, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da güclənəcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bununla yanaşı, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə 8,9 milyard manat yönəldiləcək. Həmçinin qeyd edilib ki, büdcə zərfi həm də dayanıqlı inkişaf prinsipinə əsaslanır. Neft Fondundan dövlət büdcəsinə transfertlərin son illər azaldılması bir tərəfdən fiskal dayanıqlığa, digər tərəfdən də neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılmasına xidmət edir.
Son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində institusional islahatlara başlanıldığını, büdcə siyasətinin keyfiyyətcə yeni mərhələyə keçdiyini söyləyən Azər Əmiraslanov, hazırda maliyyə intizamının gücləndirilməsi, fiskal dayanıqlığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib. O, perspektiv dövrdə büdcə prosesi və fiskal siyasətin həyata keçirilməsi ilə bağlı bəzi təkliflərini səsləndirib. Bildirilib ki, büdcə siyasətində əsas hədəf maliyyə dayanıqlığını qorumaqla yanaşı, həm də davamlı iqtisadi inkişafı təmin etməkdir. Komitə sədri xarici borcun ümumi dövlət borcundakı payının ortamüddətli perspektivdə mərhələli azaldılması və daxili borcla əvəz edilməsi strategiyasının davam etdiriləcəyini qeyd edib. Növbəti illərdə iqtisadi fəallığın yüksəldilməsi, büdcə gəlir və xərclərinin real olaraq artımının təmin edilməsi baxımından fiskal parametrlərin inflyasiya və iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılmasının vacibliyindən söz açıb. O, fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmasından danışıb. Büdcənin təsdiq edilmiş parametrləri ilə onun faktiki icrası arasında uyğunluğun təmin edilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin diqqətə çatdırılıb ki, 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi 12,5 faiz və ya 153 milyon manat artaraq təxminən 1 milyard 380 milyon manat təşkil edib. Bu, 2027-ci ildə iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik olan xərc istiqamətidir. Komitə sədri Prezident İlham Əliyevin kənd təsərrüfatının bizim üçün iqtisadi, sosial və təhlükəsizlik məsələsi olduğunu və hökumətin bu sahəyə dəstəyini bundan sonra da davam etdirəcəyini bildirdiyini vurğulayıb və bunu nəzərə alaraq növbəti illərdə aqrar sahənin maliyyələşdirilməsinin nəticə əsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılmasını vacib hesab etdiyini söyləyib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev çıxış edərək “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, əhalinin rifahının artdığını, dövlətimizin maliyyə imkanlarının daha da genişləndiyini söyləyib. Qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik problemlərinin həlli, potensialımızın gücləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır. Büdcə siyasətində iqtisadi inkişafın maliyyə təminatının yaradılması ilə yanaşı, dövlətin sosial və strateji öhdəliklərinin tam yerinə yetirilməsinin, büdcə resurslarından istifadənin səmərəliyinin artırılmasının və uzunmüddətli fiskal dayanıqlığın qorunmasının əsas olduğunu deyib.
Diqqətə çatdırılıb ki, 2027-ci il üçün ÜDM-in 2,7% artımla 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4%-i, yaxud 109,1 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3% proqnozlaşdırılır. 2027-ci il üçün "Azeri Light" markalı xam neftin 1 barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb. Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edir, dövlət borcu isə 23,9 milyard manat və ya illik ÜDM-in 17,3%-i səviyyəsində olub.
Maliyyə nazirinin sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsində növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz az olmaqla 17,1% proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13%-ə, 2030-cu ilə isə 12%-ə endirilməsi əsas hədəflərdəndir. 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə, dövlət büdcəsində payı isə 60,6%-ə çatacaq. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. 2027-ci il üçün dövlət büdcəsinin investisiyayönümlü olduğunu deyən nazir qeyd edib ki, növbəti ildə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5%-nə bərabərdir. Həmçinin növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq. Beləliklə, ilk dəfə olaraq dotasiyadan asılı hər hansı bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərini daha da artırması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4% azalmasına imkan yaradacaq.
Sonra Sahil Babayev dövlət və icmal büdcələrin gəlir və xərcləri barədə məlumatı təqdim edib.
Nəzərə çatdırılıb ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat həcmində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 23,8 milyard manatı və ya 60,6%-i qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4%-i neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47%-i Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6,9 milyard manat və ya büdcə gəlirlərinin 17,5%-i həcmində proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3%-i həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödənişli xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək.
Bildirilib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3%-i cari xərclərə, 13,8 milyard manatı və ya 32,5%-i əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2%-i dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə məlumatda qeyd edilib ki, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin 20,8%-i həcmində və ya 8,8 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 18,7 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat xərcləri üçün dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. İcmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri isə 12,9 milyard manat proqnozlaşdırılır. Bildirilib ki, səhiyyə xərcləri üçün dövlət büdcəsindən 2,1 milyard manat vəsait ayrılacaq. İcmal büdcənin səhiyyə xərcləri isə 4 milyard manat olacaq. Dövlət büdcəsində təhsil və elm xərcləri üçün büdcə xərclərinin 12,6%-i həcmində və ya 5,4 milyard manat vəsait proqnozlaşdırılır. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1,4 milyard manat ayrılacaq. Növbəti ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün 5,3 milyard manat vəsait müəyyən edilib. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulur. Dövlət borcuna xidmətlə bağlı xərclər üçün 2,2 milyard manat vəsait sərf ediləcək. Həmçinin, 2027-ci ildə ölkə daxilində və xaricində beynəlxalq tədbirlərin keçirilməsi üçün 231 milyon manat, səfirlik və diplomatik nümayəndəliklərin xərcləri üçün 230 milyon manat, beynəlxalq maliyyə institutlarının səhm kapitalında iştiraka görə 67,5 milyon manat, xaricdəki mədəniyyət mərkəzlərinin və ticarət nümayəndəliklərinin saxlanılması üçün 21,7 milyon manat və sair istiqamətlər üzrə təxsisatlar da əks olunub. Gələn ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 milyon manat proqnozlaşdırılır. 2027-ci il üzrə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat, yaxud ÜDM-in 2,2%-i səviyyəsində gözlənilir.
Maliyyə naziri çıxışında habelə növbəti il üçün icmal büdcənin göstəricilərini də diqqətə çatdırıb. Bildirilib ki, icmal büdcənin gəlirləri 47,6 milyard manat həcmində proqnozlaşdırılır. İcmal büdcə gəlirlərinin 64,5%-ni və ya 30,7 milyard manatını qeyri-neft sektoru üzrə daxilolmalar, 35,5%-ni və ya 16,9 milyard manatını neft-qaz sektoru üzrə daxilolmalar təşkil edəcək. Növbəti il üçün icmal büdcənin xərcləri 50,4 milyard manat həcmində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin ÜDM-də payı 35,7%-ə, qeyri-neft ÜDM-də payı isə 46,2%-ə bərabər olacaq. İcmal büdcənin kəsiri isə 2,8 milyard manat həcmində proqnozlaşdırılır.
Qeyd edilib ki, icmal büdcənin tərkibində Dövlət Neft Fondunun növbəti il üçün gəlirləri 13,3 milyard manat, xərcləri isə 12,1 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 milyard manat, xərcləri isə 9,3 milyard manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 milyard manat, xərcləri 3 milyard manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 milyon manat, xərcləri isə 319,2 milyon manat təşkil edəcək. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat məbləğində müəyyən edilib.
Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. O, dünyada müşahidə olunan mürəkkəb proseslərdən söhbət açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ölkəmizin keçdiyi inkişaf yolunu xüsusi qeyd edib. Bildirilib ki, ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib. Müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu işlər ölkənin öz resursları hesabına həyata keçirilib.
Nazir 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası dövründə iqtisadiyyatda kəmiyyət artımı ilə yanaşı, keyfiyyət dəyişikliklərinin də baş verdiyini söyləyib. Nəzərə çatdırılıb ki, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyd edilib ki, ölkə iqtisadiyyatı ümumi daxili məhsulla yanaşı, ümumi milli gəlirin artımı ilə də xarakterizə olunur. Belə ki, hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə dəyər və əlavə gəlir mənbəyinə çevrilir. Habelə, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyi söylənilib, bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsi kimi dəyərləndirilib. Bununla yanaşı, qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorlarının artımın aparıcı sahələrinə çevrildiyi qeyd olunub.
Bildirilib ki, mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşması ilə bağlıdır. Belə ki, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, əlavə dəyər vergi ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. 2019-cu ilin əvvəlindən bugünədək qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı isə iki dəfədən çox artıb və hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında bu sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb.
Həmçinin qeyd edilib ki, 2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə çox olacaq. Cari ilin 10 ayında qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticəsinə görə, qeyri-neft-qaz mal ixracımızın həcmi 4,2 milyard ABŞ dollarını üstələyəcək. İxracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb.
Nazirin sözlərinə görə, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənlik nəzərə alınmaqla hazırlanıb. Proqnozlarda büdcə siyasətində son illərdə həyata keçirilən fiskal optimallaşdırılma prinsipi əsas götürülüb. Bunlara əsaslı xərclərin səmərəliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticənin əldə edilməsi aid edilə bilər. Qeyd edilib ki, dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizədək artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bildirilib ki, bu baxımdan yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə müvafiq tədbirlər görülür. Bununla yanaşı, daxili bazarın həcmi nəzərə alınmaqla ixracyönümlü inkişafın sürətləndirilməsinin strateji vəzifələrdən olduğu söylənilib.
Nazir Milli Məclisə təqdim edilən dövlət büdcəsi paketinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan əsas hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
Sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq, makroiqtisadi sabitliyini qoruyur, iqtisadi inkişafını davam etdirir. Mərkəzi Bankın sədri bildirib ki, illik inflyasiya hədəf diapazonu səviyyəsindədir. Proqnozlara görə, növbəti ildə ölkədə ÜDM-in 2,3%, qeyri-neft-qaz ÜDM-in isə 4,3% artacağı gözlənilir.
Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli qalması valyuta bazarında tarazlıqla müşayiət olunub. Növbəti ildə də xarici sektor üzrə əlverişli mövqenin qorunacağı, cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 5,4 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır. Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayında 4,1% artaraq 88,6 mlrd. ABŞ dollarına çatıb.
Qeyd olunub ki, son 1 ildə əmanətlərin dollarlaşma səviyyəsi rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq oktyabrda 25,2%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 6,1 faiz bəndi azalaraq 54,1%-ə düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ilin 10 ayında 3,9 mlrd. ABŞ dolları və ya 34% artaraq 15,4 mlrd. ABŞ dollarına çatıb. Bu da Azərbaycanın müstəqillik tarixində maksimal səviyyədir.
Bildirilib ki, 2026-cı ilin 10 ayında bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 16,5% və likvidliyin örtülmə əmsalı 153% olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib. Kredit portfeli cari ilin 10 ayında 14%, o cümlədən biznes kreditləri üzrə 17,1% artıb.
Taleh Kazımov gələn ilin büdcə layihəsi ilə bağlı bildirib ki, ümumilikdə, növbəti il və ortamüddətli dövr üzrə təqdim edilmiş dövlət və icmal büdcə layihələri ölkənin makroiqtisadi sabitlik və iqtisadi inkişaf hədəfləri ilə uzlaşır. O, büdcə paketinin bir sıra mühüm müsbət məqamlarını xüsusi vurğulayaraq bildirib ki, cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına maliyyələşdirilməsi səviyyəsinin yüksəldilməsi cari öhdəliklərin daha dayanıqlı mənbələr hesabına təmin edilməsinə xidmət edir.
Eyni zamanda, Neft Fondundan transfertlərin azaldılması strateji valyuta aktivlərinin qorunması baxımından əhəmiyyətlidir. Mərkəzi Bankın sədri 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsirinin cari xərclər üzrə cəmi 0,34 faiz bəndi olmasını də müsbət göstərici kimi vurğulayıb.
2027-ci il üzrə Mərkəzi Bankın monetar siyasətinin prioritetləri barədə danışan Taleh Kazımov deyib ki, növbəti ildə də məzənnə sabitliyinin təmin edilməsi əsas hədəf olacaq. O, Mərkəzi Bankın 2027-ci il üzrə maliyyə sektorunun inkişafı planları və maliyyə sabitliyi siyasəti barədə məlumat verib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib.
Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. O, layihənin mühüm xüsusiyyətlərinə diqqət çəkərək qarşıdakı ilin dövlət büdcəsini neft asılılığının azaldılması baxımından dönüş nöqtəsi və eyni zamanda hərbi, sosial, investisiya xərclərinin optimal sintezi kimi xarakterizə edib.
Palata sədri diqqətə çatdırıb ki, “Büdcə zərfi”nə daxil olan sənəd və göstəricilər qanunvericiliyə uyğun hazırlanıb, büdcə parametrləri əsasən düzgün və etibarlı təqdim edilib. O, həmçinin layihənin ölkənin fiskal dayanıqlığının qorunması və dövlət maliyyəsinin səmərəli idarə olunması baxımından əlverişli çərçivə yaratdığını vurğulayıb.
Palata sədri çıxışında xərclərin səmərəli planlaşdırılması, büdcə və maliyyə hesabatlığı ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Sadiq Qurbanov, Zahid Oruc, Fazil Mustafa, deputatlar Kamal Cəfərov, Jalə Əliyeva, Ceyhun Məmmədov, Aydın Hüseynov, Hikmət Məmmədov, Azay Quliyev, Sahib Alıyev, Azər Badamov, Kamran Bayramov, Məlahət İbrahimqızı, Elman Nəsirov, Nurlan Həsənov, Rəşad Mahmudov, Müşfiq Məmmədli, Vasif Qafarov, Soltan Məmmədov, Novruzəli Aslanov, Müşfiq Cəfərov, Elçin Mirzəbəyli, Vüqar İskəndərov çıxış ediblər.
Çıxışlarda 2027-ci ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıdığı, əsas prioritetlərdən birinin vətəndaşların sosial rifahının yüksəldilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması olduğu vurğulanıb. Bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin və suverenliyin qorunması ilə yanaşı, elm, təhsil və səhiyyə sahələrinin maliyyələşdirilməsinin artırılması da diqqət mərkəzində saxlanılacaq. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi, investisiya layihələrinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və yeni iqtisadi imkanların yaradılması gələn ilin büdcə siyasətinin mühüm istiqamətləri kimi qeyd olunub.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026