Mobil versiya
Kamaləddin Qafarov: “Rəsmi İrəvan indiki şəraitin reallıqlarını anlamalıdır”
Tarix: 13-01-2024 | Saat: 11:22
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Rəsmi İrəvan indiki şəraitin reallıqlarını anlamalıdır”

“Ölkə Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibəsində, hər zaman olduğu kimi, təkcə Azərbaycan və region ölkələri ictimaiyyətini maraqlandıran suallar ətrafında deyil, həm də Avrasiya məkanında yerləşən əksər dövlətlər üçün böyük maraq və əhəmiyyət kəsb edən məsələlər barədə detallı açıqlamalar yer almışdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində vacib strateji mövqeyə sahib olması ölkəmizi Cənubi Qafqaz regionunda reallaşdırıla biləcək bütün beynəlxalq nəqliyyat layihələrinin ən önəmli iştirakçısına çevirib. “Azərbaycanın razılığı olmadan regionda heç bir belə layihə gerçəkləşə bilməz. Bu baxımdan dövlət başçımızın müsahibəsində keçən ilin oktyabr ayında Tbilisidə keçirilmiş IV İpək Yolu Forumunda Ermənistanın baş nazirinin bəhs etdiyi “Sülh kəsişməsi” adlı layihəyə dair sualı cavablandırarkən qeyd etdiyi məqamlar da xüsusi maraq doğurur. Ermənistanın yeni bir “təşəbbüs” kimi irəli sürməyə çalışdığı və guya ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların inkişafını nəzərdə tutan bu ideya Azərbaycan tərəfindən artıq üç ildir ki, təklif olunur. Ermənistan isə, sadəcə olaraq bir tərəfdən 10 noyabr üçtərəfli Bəyanatının məlum müddəasını yerinə yetirmədiyini pərdələmək, digər tərəfdən isə, “Zəngəzur dəhlizi” ifadəsini unutdurmaq üçün çalışır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır və faktiki olaraq bu, ermənilərin keçirməyə çalışdıqları piar aksiyadan başqa bir şey deyil. Prezidentimiz konkret tələb olaraq bildirdi ki, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə Azərbaycana maneəsiz keçid verməlidir. Çünki bu, onların öhdəliyidir. Azərbaycanın hər zaman Ermənistandan fərqli olaraq alternativ planları və imkanları da var. Azərbaycan qısa yolla əsas ərazisini Naxçıvanla birləşdirmək məqsədilə artıq İranla razılığa gəlib və hətta təməlqoyma mərasimi də keçirilib. Beləliklə, möhtərəm Prezidentimizin dediyi kimi, Ermənistan yenə dalan olaraq qalacaq.”

Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin imzalanması üçün indi daha əlverişli tarixi şəraitin yarandığı barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edən deputat deyib: “Təbii ki, bu gün Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması prosesində vacib rol oynayan əsas amillərdən biri də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Bu münasibətlərin normallaşması isə, ilk növbədə, iki ölkə arasında sülh sazişinin imzalanması ilə təmin edilə bilər. Prezident İlham Əliyev bu önəmli məsələyə toxunaraq bir daha qeyd etdi ki, məhz bu gün, Azərbaycan özünün ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün daha əlverişli zəmin yaranıb. Əgər bir müddət əvvəl Ermənistan və onun arxasında dayanan bəzi ölkələr sazişin mətninə mütləq Qarabağın statusu ilə bağlı hansısa bir müddəa da salmaq üçün çalışırdılarsa, hazırda bu məsələ müzakirə obyekti belə deyil. Qarabağda Ermənistanın dəstək vermək istəyəcəyi heç bir qondarma rejim artıq mövcud deyil. Sentyabr hadisələrindən sonra isə, bəzi dairələr Ermənistana vədlər verirdilər ki, həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək. Bu da növbəti səhv olaraq Ermənistanda belə bir əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədikləri kimi tərtib edə biləcəklər və Azərbaycan da həmin sənədi imzalayacq. Lakin artıq Ermənistan da bu vədlərin boş olduğunu görür. Buna görə də artıq rəsmi İrəvan da Azərbaycanla münasibətlərini məhz ikitərəfli formatda müzakirələr əsasında qurmağın öz ölkəsi üçün ən yaxşı variant ola biləcəyini anlamalıdır.”

K.Qafarov vurğulayıb ki, dövlət başçısının artıq bu il işğaldan azad edilmiş ərazilərdə olan beş şəhərimizə keçmiş məcburi köçkün vətəndaşlarımızın qayıdacaqlarını anonslaması xalqa verilmiş ən böyük müjdə oldu: “Böyük Qayıdış dövlət proqramının icrası barədə danışarkən Prezident İlham Əliyev Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini və bu məntəqələrə artıq ilk sakinlərinin daimi yaşayış üçün qayıtdıqlarını bir daha diqqət mərkəzinə çəkdi. Həmçinin qeyd olundu ki, bu il Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Dövlət başçımız xüsusi olaraq vurğuladı ki, həyata keçirilən infrastruktur layihələri sayəsində bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. O cümlədən, bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini, əsil sahiblərini qarşılayacaqlar. Bu, Azərbaycan xalqına verilmiş çox böyük bir müjdədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı həm 2024-cü ildə, həm də bundan sonra hələ uzun illər ərzində öz müdrik Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün vəzifələri uğurla həyata keçirəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə