Mobil versiya
Sabunçu Tibb Mərkəzində yeni şöbə istifadəyə verilib
Tarix: 08-12-2023 | Saat: 11:07
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Sabunçu Tibb Mərkəzində yeni şöbə istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku əsaslı təmir olunaraq istifadəyə verilib.

aia.az xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova Cərrahi profilli reanimasiya və Əməliyyat blokunda olan yeniliklər, yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. O bildirib ki, yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.

Qeyd edilib ki, Sabunçu Tibb Mərkəzində əsaslı təmir olunan Cərrahi profilli reanimasiya və Əməliyyat bloku 1893-cü ildən fəaliyyət göstərir. Respublika üzrə ən ağır yol-nəqliyyat hadisələrində xəsarət alan xəstələrin birbaşa qəbulu, müayinə və müalicəsi ilə məşğul olan Cərrahi profilli reanimasiya şöbəsi və Əməliyyat bloku artıq tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Cərrahi profilli reanimasiya şöbəsi süni tənəffüs aparatları, defibrilyator, çətin intubasiya üçün videolarinqoskop, EKQ aparatları ilə təchiz edilib. Eyni zamanda ağır kəllə-beyin travmaları, eləcə də müştərək travmalarla daxil olan xəstələrə tibbi yardım göstərilməsi üçün şöbə portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunub.

Bundan əlavə, şöbə ağır kəllə-beyin travmalı, mədə-bağırsaq qanaxması, kəsilmiş-deşilmiş yaralar və reanimasiya göstərişi olan pasiyentləri qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.

Tibb personalının xəstələrin vəziyyətini müşahidə etmələri üçün nəzarət otaqları yaradılıb. Cərrahi profilli reanimasiya şöbəsindəki otaqlar hər biri ayrılıqda mərkəzi havalandırma sistemi ilə təmin edilib.

Anestezioloji xidmət üçün zəruri olan bütün təchizat yenilənib. Reanimasiya otaqları 22 çarpayı ilə təchiz olunub. Həmçinin infeksion xəstələrin müalicəsi üçün izolyasiya otağı ayrılıb.

Əsaslı təmir edilən Əməliyyat bloku isə müasir tələblərə cavab verən narkoz aparatları, monitorlar, masalar, laparoskopik cihaz və alətlər, endoskopiya, C-qollu rentgen, beyin əməliyyatları üçün mikroskop cihazları, “Thunderbeat” və “Sonicbeat” (ən müasir cərrahi toxuma idarəetmə sistemləri) xüsusiyyətlərinə sahib damar kəsmə, möhürləmə cihazları (“Ligature”), bipolyar və monopolyar xüsusiyyətləri olan koaqulyatorlarla təchiz olunub.

Əməliyyat blokunda 3 əməliyyat otağı, 2 çarpayılıq ayıltma otağı, material və alətlərin sterilizasiyası üçün yeni avtoklavlarla təmin edilmiş otaq mövcuddur.

Sözügedən otaqlarda ümumi cərrahiyyə, travmatoloji və beyin cərrahiyyəsi əməliyyatlarının icra edilməsi nəzərdə tutulub.

Tibb mərkəzində çoxməqsədli cərrahi və tibbi alətlərin ekspres sterilizasiyası üçün ən müasir avadanlıqlara təchiz olunan Sterilizasiya bölməsi də istifadəyə verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə