Mobil versiya
Novruzəli Aslanov: “Zəfər paradı bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbənin təntənəli nümayişi idi”
Tarix: 02-12-2023 | Saat: 17:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Zəfər paradı bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbənin təntənəli nümayişi idi”

“Üç il bundan əvvəl, 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımız üçün, bütün dünya azərbaycanlıları üçün və əlbəttə ki, ümumilikdə Türk dünyası üçün yeni başlanğıcların möhtəşəm simvolu idi. Bu parad uzun illərdən bəri torpaqlarımızın ermənilər tərəfindən davam edən işğalının sonunu bəyan etməklə, həm ölkəmizin, həm də bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbənin təntənəli nümayişi oldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azadlıq meydanında bir çox paradlar keçirilsə də, məhz bu Zəfər paradı əsil tarixi hadisə olmuşdur. Düşünürəm ki, bu gün biz 2020-ci ildə Bakıda keçirilmiş Zəfər paradı ilə 2023-cü ilin 8 noyabr tarixində Xankəndidə Vətən müharibəsində əldə edilən tarixi Qələbənin üçüncü ildönümü münasibətilə keçirilmiş hərbi parad arasında bir analogiya apara bilərik. Çünki bu tarix də Azərbaycan xalqı üçün, bütün dünya azərbaycanlıları üçün müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərdən biri kimi yaddaşlarda qalacaq. 8 noyabr tarixi Şuşanın işğaldan azad edilməsi və ölkəmizdə Zəfər Günü kimi qeyd olunması ilə əlaqədar Azərbaycan tarixində nə qədər önəmli yer tuturdusa, həmin gün Ölkə Prezidenti, Ali Baş Komandan cənb İlham Əliyevin iştirakı ilə Xankəndidə ilk dəfə keçirilən hərbi parad bu önəmi bir qədər də artırdı.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Zəfər paradı dövlətimizin qətiyyətinin və ordumuzun gücünün bütün dünyaya nümayişi idi: “Otuz il davam edən işğal dövründə bütün beynəlxalq təşkilatlar təkidlə bildirirdilər ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya növbəti dəfə Azərbaycan Prezidentinin haqlı olduğunu gördü. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin bir silinməz səhifəsinə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri arasında müharibə dövründə bir dənə də olsun fərarilik halı baş vermədi. Hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu önəmli faktor Azərbaycan Ordusunun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.”

Həmçinin N.Aslanov Zəfər paradının Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin daha bir nümayişi olduğunu da vurğulayıb: “Zəfər paradının siyasi-mənəvi önəmini artıran məqmlardan biri də bu olmuşdu ki, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdi. Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdilər. Paradı iki ölkə rəhbərinin birgə qəbul etməsi də beynəlxalq ictimaiyyətə ünvanlanmış ciddi mesaj idi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarından verdiyi birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır.”

Sonda deputat Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimiz tərəfindən tarixi Qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlar barədə fikir söyləyərək bunları deyib: “Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişlər. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir. Bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək, ölkəmizə qarşı revanşist planlar cızmağa qərar verəcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə