Mobil versiya
Novruzəli Aslanov: “SPECA-ya üzv dövlətlər mövcud olduqları regionda gedən proseslərə nəzarət edən müstəqil ölkələrdir”
Tarix: 26-11-2023 | Saat: 09:51
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “SPECA-ya üzv dövlətlər mövcud olduqları regionda gedən proseslərə nəzarət edən müstəqil ölkələrdir”

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu Azərbaycanı bütün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanıtmışdır. Bu siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi məsələsidir. Eyni zamanda Azərbaycanda gedən dinamik iqtisadi inkişaf, respublikamızın strateji baxımdan əlverişli coğrafi yerləşməsi və zəngin təbii ehtiyatlara sahib olması ölkəmizə olan marağı daha da artırır. O cümlədən bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Məlumdur ki, bu ölkələr 70 il ərzində keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olmuşlar. Məhz elə həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə iqtisadi əlaqələrinin inkişaf etdiyi beynəlxalq platformalardan biri də 25 il bundan öncə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-dır. Hazırda bu təşkilata Azərbaycanın sədrlik etməsi və noyabrın 24-də SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilməsi də ölkəmizin bu qurumda fəal iştirakından və yüksək nüfuza sahib olmasından xəbər verir.”

Bu sözləri SPECA-ya üzv ölkələrin hökumət və dövlət başçılarının Zirvə görüşü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat xüsusi olaraq qeyd edib ki, Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirakları regional əməkdaşlığın daha da genişləndirilməsi üçün real perspektivlərin oldunu göstərir: “Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və məhz bu əsasda qurulan regional əməkdaşlığın hər yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına güclü zəmin yaradır. O cümlədən son iyirmi beş il ərzində ölkələrimiz arasında SPECA tərkibində də hərtərəfli əlaqələr uğurla inkişaf edib. Buna baxmayaraq təşkilata üzv dövlətlərin Zirvə görüşü ilk dəfədir ki, keçirilir və bu görüşün də təşəbbüskarı kimi məhz Azərbaycan çıxış etmişdir. Qeyd etmək lazımdır ki, şəxsən cənab Prezident İlham Əliyevin dəvətilə SPECA-nın Bakı Sammitində Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri regional əməkdaşlığa olan böyük marağın göstəricisidir. Əlbəttə ki, bu tərkibdə keçirilən Zirvə görüşü iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, Sammitin yekunu olaraq qəbul olunmuş Bakı Bəyannaməsində də SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə üzv ölkələrin möhkəm qətiyyətləri bir daha təsdiq edilib.”

Daha sonra N.Aslanov ölkələrin əsl müstəqilliyi barədə Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlərin eyni zamanda Ermənistana ünvanlanan bir mesaj olduğunu vurğulayaraq bunları deyib: “Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında for-post ölkə olaraq yaradıldığı ilk gündən bəri heç zaman müstəqil olmamış Ermənistan bu gün də xarici dövlətlərin marioneti kimi çıxış edir. Öz çıxışında bu məqamı təəssüf doğuran bir hal kimi qeyd edən cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, bu gün dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri də Azərbaycanın qonşusu olan Ermənistandır. Əlbəttə ki, belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti öz xalqlarının iradəsinə əsaslanmır və onların taleyi xarici sponsorlar tərəfindən müəyyən edilir. Bundan fərqli olaraq SPECA-ya üzv dövlətlər müstəqil xarici və daxili siyasət aparan, bu siyasətin əsasına ölkələrinin maraqlarını qoyan, mövcud olduqları regionda gedən proseslərə nəzarət edən əsl müstəqil ölkələrdir. Məhz bu müstəqillik sayəsində həmin ölkələrdə siyasi sabitlik və iqtisadi inkişaf vardır. SPECA həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi də ölkələrimizdə gedən inkişafı əyani şəkildə nümayiş etdirir” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024