Mobil versiya
Eltun Süleymanov: “Ağdam Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”
Tarix: 19-11-2023 | Saat: 09:58
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Ağdam Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”

“Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Bu rayon tarixən döyüşkən, mərd insanların əzəli və əbədi yurdu olmuşdur. Burada məskunlaşan oğuz-terk tayfaları ermənilər üçün həmişə qorxu mənbəyi olmuşdur. Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb.
Erməni faşizminin və vandalizminin mahiyyətini anlamaq üçün Ağdam şəhərinə getmək kifayət edərdi. Sanki ağdamlılardan qorxduqlarının qisasını çıxırmış kimi faşistlər Ağdamda daşı daş üstə qoymamışdılar. Üstəlik bu gün tarixi-mədəni abidələrin qorunması adı altında həşir ssalan bu vəhşilər rayon ərazisindəki bütün tarixi abidələri məhv etmiş, məscidləri donuz fermasına çevirmişdilər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildrimişdir ki, “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Beləliklə, xalqımızın 30 illik Qarabağ həsrəti Vətən Müharibəsində qazandığımız Qələbə sayəsində başa çatdı. Vətən Müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata görə 23 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edildi. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı.
Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Ölkə başçısının Ağdam rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin, Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, eləcə də inzibati binanın təməlləri qoyulub. Bütün bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə Ağdamın şöhrətli günləri yenidən qayıdacaq.”

Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Milli-mədəni irsimiz olan Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə müstəsna işlər həyata keçirilir. Vətən Müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 20 noyabr – Ağdam şəhəri günü kimi təntənəli şəkildə qeyd edilir. Tarixi Ağdam şəhərinin işğaldan azad olunmasının 3 ili tamam olur. Bu üç ildə görülən işlər, aparılan bərpa və quruculuq prosesi deməyə əsas verir ki, tezliklə şəhərin məskunlaşması prosesi də başlayacaqdır. Bu gün isə Ağdam azad günlərini yaşayır və bu azadlığın 3 ili tamam olur. Tarix və zaman həmişə ədalət tərəfdarı olub. “Ağdam Şəhəri Günü” ilahi ədalətin təntənəsidir. Bu günü Azərbaycan xalqına yaşadan isə onun Müzəffər Ali Baş Komandanı, yenilməz Lideri cənab İham Əliyevdir, Azərbaycanın şanlı ordusudur.”







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə