Mobil versiya
Novruzəli Aslanov: “Böyük Qayıdış dövlət proqramının effektiv icrası YAP-ın əsas strateji hədəflərindəndir”
Tarix: 17-11-2023 | Saat: 09:53
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Böyük Qayıdış dövlət proqramının effektiv icrası YAP-ın əsas strateji hədəflərindəndir”

“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Bu bir danılmaz tarixi həqiqətdir ki, əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi. Ümummilli Liderimizin dövlətin və xalqın rifahına həsr olunmuş şərəfli həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün əsl fədakarlıq nümunəsi idi. Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur. Məlum olduğu kimi, Azərbaycanın vətəndaş müharibəsinin bir addımlığında, müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üz-üzə durduğu bir vaxtda tarixdə adları 91-lər kimi qalmış bir qrup vətənpərvər ziyalı yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın xilaskar oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. XX əsr tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxrmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramında bütün müasir tendensiyaların və regionda yaranmış yeni reallıqların nəzərə alındığını xüsusi vurğulayıb: “YAP-ın beş fəsildən – “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəsillərindən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd edilib. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib.”

Daha sonra N.Aslanov YAP-ın strateji hədəflərindən olan “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” konsepsiyalarının bu gün sürətlə həyata keçirildiyini qeyd edərək bunları deyib: “2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə tarixi ədalət bərpa olundu, düşmən torpaqlarımızdan qovuldu. Lakin müharibə başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi sürətlə davam etdirilir. Bu ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək, ən mühüm strateji yerlərə çıxaraq, qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Həmin bölgələrdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlərin böyük vüsəti onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni hava limanlarının inşası, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda qısa zaman kəsiyində həyatı yenidən canlandıracaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024