Mobil versiya
Novruzəli Aslanov: “Xankəndidə Azərbaycan Bayrağını qaldıran Ölkə Prezidenti bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtliyi nəsib etdi”
Tarix: 13-11-2023 | Saat: 12:24
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Xankəndidə Azərbaycan Bayrağını qaldıran Ölkə Prezidenti bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtliyi nəsib etdi”

“2023-cü ilin 8 noyabrı Azərbaycan xalqı üçün, bütün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən əlamətdar günlərdən biri kimi yaddaşlarda qalacaq. Bu gün Azərbaycanın qədim şəhəri olan Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. 8 noyabr tarixi Şuşanın işğaldan azad edilməsi və ölkəmizdə Zəfər Günü kimi qeyd olunması ilə əlaqədar Azərbaycan tarixində nə qədər önəmli yer tuturdusa, həmin gün Ölkə Prezidenti, Ali Baş Komandan cənb İlham Əliyevin iştirakı ilə Xankəndidə ilk dəfə keçirilən hərbi parad bu önəmi bir qədər də artırdı. Silahlı Qüvvələrimizin bu möhtəşəm nümayişində çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımz və dövlətimiz bu müqəddəs günü hər gün, hər saat öz fədakar əməyilə, işiylə yaxınlaşdırırdı. 2003-cü ildə xalqın etimadını qazanaraq Ölkə Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində çıxış edərək xalqa söz vermişdi ki, gün gələcək Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində qaldırılacaq. Üç il bundan öncə Qarabağın tacı olan Şuşada yüksələn müqəddəs bayrağımız bu gün artıq Xankəndidə, Ağdərədə, Xocalıda və bütün digər ərazilərimizdə qürurla dalğalanır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu vədinə də əməl etdi və artıq bundan sonra ölkəmizin bütün ərazisində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun da hər bir guşəsində Azərbaycan Bayrağı əbədi dalğalanacaq.”

Bu sözləri noyabrın 8-də Xankəndidə keçirilmiş hərbi paradla bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin qeyd edib ki, Vətən müharibəsinin başlanmasının əsas səbəbi Ermənistan rəhbərliyinin və ona havadarlıq edən xarici qüvvələrin Azərbaycana qarşı qeyri-adekvat mövqelərdən çıxış etmələri və dövlətimizin real gücünü düzgün qiymətləndirə bilməmələri olub: “Xankəndidə keçirilən hərbi paradda iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında bir çox vacib məsələlərə toxunub. O cümlədən dövlətimizin başçısı Vətən müharibəsinin başlanma səbəbləri barədə detallı açıqlamalar verib və bir daha vurğulayıb ki, Ermənistan heç bir halda öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində əldə olunmuş atəşkəsdən sonra keçən ilk dövrlərdə münaqişənin sülh yolu ilə həll olunmasına az da olsa ümid var idisə belə, illər keçdikcə bu ümidlər də tükənirdi. Münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilər də faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar və hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Əlbəttə, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Bununla belə, cənab Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində xalqa etdiyi bütün müraciətlərində hər zaman deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə qaytarmağa hazır olmalıyıq. Bu hazırlığı təmin etmək üçün dövlət başçımız bütün potensialları səfərbər etdi. Həyata keçirilən xarici və daxili siyasət Azərbaycanın həm siyasi müstəvidə, həm də hərbi cəhətdən güclənməsinə şərait yaratdı. Əgər Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı.”

Daha sonra N.Aslanov 2020-ci il 10 noyabr tarixində müharibənin dayandırılmasının ən düzgün qərar olduğunu vurğulayaraq bunları deyib: “Vətən müharibəsinin davam etdiyi qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Lakin heç bir təhdid Azərbaycan Prezidentinin polad iradəsini sarsıda bilmədi, Azərbaycan xalqını haqq yolundan döndərə bilmədi. Noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması da Azərbaycanın öz seçini idi və tarix göstərdi ki, bu ən doğru qərar idi. Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalamasından sonra müharibənin dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bununla da minlərlə gəncimizin həyatı xilas edildi. Artıq o zaman Ali Baş Komandan bir gün Xocalıda və digər ərazilərimizdə də Azərbaycan bayrağını qaldıracağına tam əmin idi. Məhz bu məqsədə nail olmaq üçün müharibədən sonra Silahlı Qüvvələrimiz dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. Müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelər ələ keçirildi. 2020-2023-cü illər ərzində keçirilmiş bir neçə hərbi əməliyyat əslində Ermənistanın siyasi rəhbərliyinə də bir siqnal idi ki, onlar kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlidirlər və ilk növbədə öz silahlı qüvvələrini Qarabağdan çıxarmalıdırlar. Lakin rəsmi İrəvan bu dəfə də real vəziyyətə yox, xarici havadarlarının istəyinə görə hərəkət etdi. Bu səbəbdən bu ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək, ən mühüm strateji yerlərə çıxaraq, qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldıran Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza, bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtliyi nəsib etdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024