Mobil versiya
Novruzəli Aslanov: “Regional kommunikasiyaların açılması 10 noyabr Bəyanatında təsbit olunmuş ən mühüm məqamlardan biridir”
Tarix: 07-11-2023 | Saat: 08:56
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Regional kommunikasiyaların açılması 10 noyabr Bəyanatında təsbit olunmuş ən mühüm məqamlardan biridir”

“2020-ci il 10 noyabr tarixində məlum Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu və bununla münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ölkəmizdə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin mövcudiyyətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbə Ermənistan ordusunun məğlubedilməzliyi barədə illər uzunu formalaşdırılmış mifi 44 günə darmadağın etdi. Cənubi Qafqazda Azərbaycanın müəllifi olduğu yeni reallıqlar yarandı. Bu reallıqlar fonunda artıq bütün dünya gücləri Azərbaycana yeni və tam fərqli bir yanaşma tərzi formalaşdırmaq məcburiyyətində olduqlarını qəbul etdilər. Azərbaycan böyük güclər arasında gedən geosiyasi oyunların bir obyekti deyil, əksinə, bu oyunları özü yönəltmək iqtidarında olan bir güc olduğunu isbatladı.”

Bu sözləri 10 noyabr Bəyanatının imzalanmasının üçüncü ildönümü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmaması və gec-tez öz amalına qovuşmaq istəyi Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strategiyanın əsas məqsədi olub. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında möhtəşəm qələbələrə imza ataraq bütün məqsədlərinə nail oldu. II Qarabağ savaşında yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi, aparılan hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bu gün bütün dünyada öyrənilir. Bu, Azərbaycanın hərbi qüdrətinin bariz təsdiqidir. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.”

Öz fikirlərini davam etdirən N.Aslanov daha sonra bildirib ki, Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq: “10 noyabr tarixli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılmasının təsbit edilməsi oldu. Bəyanatda bildirilir ki, köhnə yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa cənab Prezident İlham Əliyevin təkidilə bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır və ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu missiyanı da ən yüksək səviyyədə həyata keçirəcək.”

Həmçinin deputat 10 noyabr Bəyanatının imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlardan bəhs edib: “Vətən müharibəsi başa çatdıqdan sonra Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması məhz Üçtərəfli Bəyanatın imzalanması ilə əldə olunmuş böyük siyasi nailiyyətdir. Həmçinin 10 noyabr 2020-ci ildə əsası qoyulmuş böyük siyasi uğurlardan biri kimi cənab Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınmasını qeyd etmək lazımdır. Məhz Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin davamı olaraq Azərbaycan 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla özünün ərazi bütövlüyünü təmin etdi. Bu ilin sentyabr ayının 19-da isə ölkəmiz keçirdiyi antiterror tədbirləri nəticəsində bütün ərazisində suverenliyini tam bərpa etmiş oldu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024