Mobil versiya
Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
Tarix: 23-01-2023 | Saat: 11:44
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali Baş Komandan kimi bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Cənubi Qafqazda növbəti əməkdaşlıq imkanlarına yol açacaq yeni şərait yarandı. Bu reallıqları Azərbaycan, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı.
Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. 
işğaldan azad edilən torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətli hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir.
Bu gün respublikamız Şərq– Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Belə ki, qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı–Tbilisi–Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal–Cənub beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında çoxxətli logistik körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq.
Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcək. Bu layihə region ölkələrinin, onun imkanlarından yararlancaq digər tərəfdaş ölkələrin maraqlarına, ümumi sosial-iqtisadi inkişafa və xalqlarının rifahının yüksəlməsinə də xidmət etmiş olacaq.
Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcək.
Bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaq. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan, Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividendlər qazandıracaq. 
Beləliklə, yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcək, eyni zamanda, iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaq. Zəngəzur dəhlizi 30 ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaq. 
Bu dəhliz Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək. Qardaş ölkələrimiz uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə bir-birinə daha sıx və möhkəm qovuşacaq. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi nüfuza, böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik regionda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcək. 
Respublikamızda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi üçün bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə, Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın tranzit potensialını daha da gücləndirib.
Bütün bunlar deməyə əsas verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi təmin edilib, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və ölkəmizin fəal iştirakı ilə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir və Şərq–Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol–biri Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa, digəri isə Pakistan–Əfqanıstan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və təbii ki, respublikamızın imkanlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Bu, sözügedən istiqamətdə də nəqliyyat təhlükəsizliyimizin təmin olunmasından xəbər verir.
Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanları, dövlət olaraq daha yaxşı tanınması üçün çox yaxşı platformadır. Cənab Prezident də bu imkanlardan geniş surətdə istifadə edir. Bu isə təbii ki, ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir
Qarşılıqlı iqtisadi əlaqələr və siyasi məsələlərdə hər il daha da inkişaf hiss olunur. Cənab Prezidentin bu ölkəyə hər səfəri və ölkə rəhbərlərinin Azərbaycana səfər etmələri ölkələr arasındakı münasibətlərin daha yüksələn xətlə inkişafına təkan verir. Ümumiyyətlə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət istər beynəlxalq təşkilatlar, forumlar səviyyəsində, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində Azərbaycanı inanılmış və güvənli bir tərəfdaşa çevirib.

Filologiya üzrə elmlər doktoru, professor
İmamverdi Həmidov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024