Mobil versiya
Cüdo Federasiyasının 50 illik yubileyində Gəncədə Təlim-Məşq Mərkəzinə baxış keçirilib
Tarix: 22-11-2022 | Saat: 19:39
Bölmə:Özəl / İdman | çapa göndər

Cüdo Federasiyasının 50 illik yubileyində Gəncədə Təlim-Məşq Mərkəzinə baxış keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) 50 illik yubileyində Gəncə şəhərində Təlim-Məşq Mərkəzinə baxış keçirilib.

aia.az xəbər verir ki, mərasimdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Olimpiya çempionu Elnur Məmmədli, məşqçilər və idmançılar iştirak ediblər.
Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edənlər Milli Olimpiya Komitəsinin sədri, Prezident İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıblar. Qeyd olunub ki, məhz bu dəstəyin nəticəsində cüdoçularımız Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında və digər nüfuzlu beynəlxalq turnirlərdə mütəmadi olaraq iştirak edir, medallar qazanır və ölkəmizin bayrağını ucaldırlar. 2022-ci il ərzində Azərbaycan yığma komandasının müxtəlif yaş qrupları üzrə üzvləri beynəlxalq yarışlarda ümumilikdə 194 (66 qızıl, 55 gümüş, 73 bürünc) medal qazanıblar.
Məlumat verilib ki, yüksək səviyyədə təmir olunan cüdo təlim mərkəzinin ümumi sahəsi 814 kv.metrdir. Təlim mərkəzində sahəsi müvafiq olaraq 230 kv.m və 100 kv.m olan iki dojo (cüdo məşq zalı) var. Məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Ümumi sahəsi 270 kv.m təşkil edən fiziki hazırlıq zalı vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində valideynlər üçün gözləmə zalı yaradılıb.
O da bildirilib ki, mərkəzdə gün ərzində 100, həftədə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcəklər. Burada hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, həmçinin Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərin, tanınmış idmançıların ustad dərslərinin təşkili planlaşdırılır.
Qeyd olunub ki, hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1500 nəfərə çatdırılması hədəflənir.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının ölkəmizdə cüdo idman növünün kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin sağlam həyat tərzinin formalaşdırılması və onların müasir standartlara cavab verən idman zallarında məşğul olmaları üçün bundan sonra da hərtərəfli tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Gəncənin tanınmış idman mütəxəssisləri, məşqçilər və idmançılar göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Azər Tağızadə
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024