Mobil versiya
Rasimi əməliyyat edən həkim istintaqa cəlb edildi - Yenilənib
Tarix: 10-08-2015 | Saat: 12:54
Bölmə:Qərbi Azərbaycan / Manşet / Karusel | çapa göndər




Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə ölən jurnalist Rasim Əliyevin əməliyyatını professor Saday Əliyev həyata keçirib.


Aia.az xəbər verir ki, bu barədə "Report"a Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib.

Jurnalistin əməliyyatında iştirak edən həkim heyəti, o cümlədən professor Saday Əliyev istintaqa cəlb olunub. Belə ki, Bakı şəhər Prokurorluğunun müstəntiqi həkim heyətindən izahat alıb.

Professor Saday Əliyev müstəntiq tərəfindən dindirildiyini təsdiqləyib.

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

***

Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri açıqlanıb. Jurnalist Rasim Əliyevin əməliyyat edən professor Saday Əliyev "Report"a bildirib ki, R.Əliyev klinikaya avqustun 8-də saat 18:45-də daxil olub:

"Xəstə təcili yardım maşınının həkimlərinə deyib ki, onu döyüblər. Başına, qarnına, döş qəfəsinə, sinəsinə, qabırğasına ağır zərbələr endiriblər.

Xəstə klinikaya daxil olan kimi bütün müayinələrdən keçib. Bura laborator, rentgen, ultrasəs müayinəsi daxildir. Eyni zamanda başı, burnu, yəni baş hissəsinə aid olan bütün travmatoloji müayinələr aparılıb. Həmin an üçün təcili əməliyyatlıq bir şey tapılmadı. Yalnız rentgen müayinəsi ilə iki qabırğanın sınığına rast gəldik. Xəstəyə bildirdik ki, o, müalicəsini xəstəxana şəraitində davam etdirməlidir. Xəstə bunun səbəbini soruşanda, başa saldıq ki, sənin bədən nahiyəndə çoxlu zədələr var, hər hansı ciddi fəsadların çıxa bilmə ehtimalı var. Anası da söhbətimizin üstünə gəldi, o, təkid etdikdən sonra xəstə klinikada qalmağa razılıq verdi. Onu nəzarətdə saxlamaq üçün şöbəyə yatırtdıq. Çünki adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək.

Bir müddət sonra tibb bacısı xəstənin vəziyyətinin ağırlaşması barədə məlumat verdi. Müayinədən sonra onu təcili əməliyyata aldıq. Əməliyyat həmin gün saat 20:00 radələrində olub. Əməliyyat zamanı onun dalağının dağılması müşahidə olundu, mədəaltı vəzinin quyruğu da partlamışdı, qarnında litr yarımdan çox qan var idi. Mümkün olan qədər qanın müəyyən hissəsini köçürə bildik, hətta əlavə qan da köçürtdük. Həmin zaman xəstənin qan təzyiqi düzəldi, lakin əməliyyatın sonunda onun tənəffüsündə müəyyən problemlər yarandı . Eyni zamanda, nəfəs çatışmazlığı problemi də ortaya çıxdı. Hər iki döş qəfəsinin sınması və ağciyərlərinin əzilməsi ilə əlaqədar döş qəfəsinin boşluğuna trubkalar saldıq, bu zaman bir tərəfdən 150 qram qan gəldi, digər tərəfdən isə qan yox, hava gəldi. Sonradan bu da kəsildi, nə qan, nə də hava gəldi. Bunun ardınca onda ağciyərlər və döş qəfəsinin zədələnib-əzilməsi səbəbindən oksigen çatışmazlığı baş verdi. Bundan sonra xəstəyə reanimasiya şöbəsində süni tənəffüs aparatı qoşuldu. Həmin zaman onun tənəffüsü idarə olundu. Buna baxmayaraq, sonda tənəffüs funksiyası dayandı. Bununla da xəstə dünyasını dəyişdi. Bu məsələdə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz. Belə xəsarətlər zamanı xəstəyə lazım olan bütün taktikadan istifadə etdik. Bu barədə bizim təcrübəmiz kifayət qədərdir. Çünki həftədə bir neçə dəfə bu tip xəstələri qəbul edib, əməliyyat edirik, onların arasında həm ölən, həm də sağ qalan da olur.

Müstəntiqlər bizdən izahat alıb. Morqdan verilən izahatla bizim diaqnoza uyğun gəlib. Yəni, biz diaqnostik səhvə yol verməmişik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə