Mobil versiya
Azər Kərimli: “Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevriləcək”
Tarix: 12-08-2026 | Saat: 11:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevriləcək”

“Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı verdiyi müsahibədə diqqəti xüsusilə cəlb edən məqamlardan biri muxtar respublikanın qarşıdakı dövrdə nəqliyyat imkanlarının necə dəyişəcəyi ilə bağlı fikirlərdir. Bu məsələyə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının bərpası kimi yanaşmaq düzgün olmazdı. Prezident İlham Əliyevin açıqlamalarından görünür ki, qarşıda daha böyük məqsəd – Naxçıvanı regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevirmək məqsədi dayanır. Uzun illər ərzində Naxçıvanın Azərbaycanın digər əraziləri ilə birbaşa quru əlaqəsinin olmaması onun iqtisadi və nəqliyyat imkanlarının tam reallaşdırılmasına müəyyən məhdudiyyətlər yaradıb. Lakin Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Zəfərdən sonra yaranmış yeni geosiyasi reallıqlar bu vəziyyətin dəyişməsi üçün tarixi imkan formalaşdırdı. Zəngəzur dəhlizinin gündəmə gətirilməsi də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının yaradılması Azərbaycanın çoxdankı məqsədidir və artıq bu istiqamətdə mühüm mərhələyə gəlinib.”

Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb.


Millət vəkili qeyd edib ki, məsələnin diqqətçəkən tərəflərindən biri Azərbaycanın gözləmə mövqeyində dayanmadığı və müharibədən dərhal sonra həm avtomobil, həm də dəmir yollarının bərpasına başlanmasıdır: “Horadiz-Ağbənd avtomobil yolunun tikintisinin son mərhələyə çatması, dəmir yolu layihəsinin sürətlə həyata keçirilməsi Azərbaycanın öz üzərinə düşən işi ardıcıl şəkildə yerinə yetirdiyini göstərir. Naxçıvan istiqamətində dəmir yolunun bərpası üzrə işlərin başlanması isə prosesin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını təsdiqləyir. Burada daha mühüm məqam Naxçıvan dəmir yolunun gələcək imkanları ilə bağlıdır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən, xəttin uzunluğu 194 kilometr olacaq və qarşıya qoyulan məqsəd onun ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılmasıdır. Bu göstərici Naxçıvana sadəcə regional əhəmiyyətli nəqliyyat bağlantısı deyil, böyük həcmdə yük axınlarını qəbul edə biləcək beynəlxalq tranzit xətti statusu qazandıra bilər. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın öz vəsaiti hesabına bu infrastrukturun yaradılması üçün maliyyə imkanları mövcuddur. Naxçıvanın üstünlüyü isə onun coğrafi mövqeyindədir. Zəngəzur bağlantısı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm qollarından birinə çevrilməklə yanaşı, gələcəkdə Şimal-Cənub marşrutu ilə də əlaqələnə bilər. Beləliklə, Naxçıvan Avropadan Mərkəzi Asiyaya, Rusiyadan İran və Fars körfəzinə uzanan müxtəlif istiqamətlərin kəsişdiyi məkana çevrilmək imkanına malikdir. Bu, muxtar respublikanın iqtisadi gələcəyi üçün tamamilə yeni perspektivlər açır. Nəqliyyat dəhlizlərinin əhəmiyyəti yalnız yolların və dəmir yollarının mövcudluğu ilə ölçülmür. Böyük tranzit imkanları yeni logistika mərkəzlərinin, xidmət sahələrinin, anbar komplekslərinin, istehsal müəssisələrinin və sahibkarlıq subyektlərinin yaranmasını stimullaşdırır. Yük dövriyyəsinin artması isə yeni iş yerlərinin açılması və əhalinin gəlirlərinin yüksəlməsi üçün əlavə imkanlar yaradır. Bu baxımdan Prezidentin Naxçıvanın gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri”nə çevrilə biləcəyi barədə fikri iqtisadi məntiqə əsaslanır. Bu perspektiv Naxçıvanın enerji potensialı ilə birləşdikdə daha böyük əhəmiyyət qazanır. Çünki müasir nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti yalnız fiziki bağlantılardan deyil, etibarlı enerji təminatından da asılıdır. Naxçıvanda yeni elektrik generasiya güclərinin yaradılması, Günəş və su elektrik stansiyalarının inşası, enerji ixracı imkanlarının genişləndirilməsi ilə bağlı planlar nəqliyyat və enerji siyasətinin bir-birini tamamladığını göstərir. Əslində, burada Azərbaycanın daha geniş strateji yanaşması görünür: ölkənin müxtəlif bölgələrinin imkanları ayrı-ayrılıqda deyil, vahid iqtisadi və nəqliyyat məkanının tərkib hissəsi kimi nəzərdən keçirilir. Naxçıvanın qarşısında açılan yeni yollar da bu baxımdan yalnız muxtar respublikanın deyil, Azərbaycanın ümumi tranzit potensialının genişlənməsinə xidmət edəcək. Bu gün Naxçıvana doğru uzanan yolların bərpası gələcəyin iqtisadi xəritəsinin qurulması deməkdir. Azərbaycanın siyasi iradəsi, maliyyə imkanları və əlverişli geostrateji mövqeyi bir araya gəldikcə Naxçıvanın coğrafi təcrid xüsusiyyəti tədricən onun əsas üstünlüyünə çevrilə bilər. Vaxtilə nəqliyyat baxımından məhdud imkanlarla üzləşən bu diyar gələcəkdə Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm keçid məntəqələrindən biri kimi çıxış edə bilər. Bu isə Naxçıvanın yeni inkişaf mərhələsinin ən mühüm iqtisadi nəticələrindən biri olacaqdır” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026