Mobil versiya
Kamaləddin Qafarov: “ Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir.”
Tarix: 26-10-2020 | Saat: 16:42
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “ Prezidentimiz  dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir.”




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 5 gündə dünyanın müxtəlif media vasitələrinə verdiyi müsahibələr, onun qlobal informasiya savaşının ən bacarıqlı sərkərdəlirindən biri olduğunu əyani şəkildə ortaya qoymuş oldu. Bu müsahibələr Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaqla bərabər, ölkəmiz haqqında təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişərək, Milli Ordunun son günlərdə əldə etdiyi tarixi qələbələrə tamamilə fərqli, obyektiv rakursdan baxmağa vadar etdi.” Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

Onun sözlərinə görə, müasir hərb tarixində tərəflərin informasiya meydanında da üstünlüyü amilini yüksək qiymətləndirən dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin hazırkı mərhələsində rəsmi Yerevanın, erməni lobbisinin və onların havadarlarının ictimai fikri tamamilə başqa məcraya çəkmək, erməni işğalçılarını zərərçəkən qismində qələmə vermək cəhdlərinə sərrast və tutarlı arqumentlərlə cavab verir. Bir vaxtlar Azərbaycana qara yaxmağa, onun haqq işinə kölgə salmağa çalışan “nüfuzlu” media qrupları, məsuliyyət hissini itirərək, çirkabatma kampaniyasını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə qarşı-qarşıya gəlməyə cəsarət edirlər. Onlar mənsub olduqları ölkələrin media izləyicilərinə Ali Baş Komandanımızı guya çətin vəziyyətə salmaq üçün “ uzun-uzadı olaraq hazırlanmış ev tapşırıqları” ilə müsahibəyə gəlir və sonda isə bu söz duelindən açıq-aşkar şəkildə məğlub ayrılırlar. Prezidentimizin arqumentli, dəqiq, hüquqi və məntiqi cəhətdən əsaslandırılmış cavabları qərəzli jurnalistlərin qara niyyətini, guya onu “çıxılmaz vəziyyətə salmaq” istəyini ürəklərində qoyur. Prezident fakt və hadisələrin əsl doğru mahiyyətini açıb göstərərək bu tipli yazarlara sivil jurnalistika dərsi keçir.

Millət vəkilinin fikrincə, Azərbaycan Prezidentinin Yaponiyanın “Nikkei”, Fransanın “Fiqaro”qəzetlərinə və ABŞ-ın “Fox News” telekanalına verdiyi müsahibələrdəki suallarda ölkəmizə qarşı xüsusi qərəzlilik, faktları təhrifetmə, öz erməni sifarişçilərinə açıq- aşkar referans və jurnalist təkəbbürlülüyü açıq şəkildə hiss olunurdu. Lakin dövlətimizin başçısının parlaq məntiqi və incə diplomatik gedişləri qarşısında davam gətirə bilməyən özündənrazı jurnalistlər müsahibənin sonunda bu və ya digər vasitələrlə onun fitri istedadını və parlaq polemika qabiliyyətini təsdiqləməyə məcbur olurlar. Bunun üçün Fransanın “Fiqaro “ qəzeti ilə müsahibədən kiçik bir parçanı xatırlatmaq istəyirəm:

Sual: Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.

Cavab: Bu, feyk xəbərdir. Düşünürəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Ancaq onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər.”

Kamaləddin Qafarov sözünə davam edərək bildirmişdir ki, Prezident İlham Əliyev ABŞ-ın “Fox News” telekanalına müsahibəsi zamanı da bir sıra qərəzli suallara tutarlı cavabları ilə yadda qalmışdır. Müsahibə zamanı jurnalist dövlət başçımıza Qarabağda döyüşlərin guya ölkəmiz daxilində sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün istifadə edildiyi barədə fərziyyələr irəli sürüb. Prezident İlham Əliyev bu fərziyyələrin qətiyyən həqiqətə uyğun olmadığını bildirərk demişdir: “Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin.
Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir, davamlıdır.

Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir”.

Millət vəkili müxbirin hökumətdə və korporativ strukturlarda ailə idarəçiliyi və korrupsiya ilə bağlı sualına Prezidentimizin cavabının “Fox News” telekanalı üçün “öldürücü” olduğu qənaətindədir. Aparıcının ailə idarəçiliyi ilə bağlı guya eyhamlı sualının cavabında Prezidentimiz ABŞ-da Kennedi, Buş, Klintonun hakimiyyət illərində də belə məqamların yer aldığını bildirir. Bu zaman müxbir guya daha kəskin hücuma keçərək bu məqamların ABŞ-da demokratik proseslərin nəticəsi olduğunu bildirir. Prezidentimiz oğul Buş haqqında ABŞ Ali Məhkəməsinin qərarını xatırlatdıqda isə o, təslim olur və qeyri-ixtiyarı deyir: “Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident!”

Və yaxud bu günlərdə Yaponiyanın “Nikkei” qəzeti elan etmişdir ki, Prezident İlham Əliyevlə müsahibə həftənin ən çox oxunan materialı olmuşdur.

K.Qafarov bildirmişdir ki, erməni işğalı altında olan kənd və şəhərlərimizin gündən-günə daha intensiv şəkildə azad edilməsi, sülhə məcburetmə əməliyyatının yekin fazaya yaxınlaşması Prezidentimizin istər diplomatiya, istər ideologiya, istərsə də hərbi quruculuq sahəsində parlaq istedadının və böyük səylərinin nəticəsidir. Azərbaycan xalqı qəti şəkildə əmindir ki, Prezidentimizin rəhbərliyi ilə Şuşaya qələbə bayrağının sancılacağı gün uzaqda deyildir.

Qarabağ Azərbaycandır!






Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 256 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2020
20-11-2020