Mobil versiya
Elmar Məmmədyarov: Ermənistan-Azərbaycan münaqişəsi MDB daxilindəki inteqrasiya potensialını tam reallaşdırmağa imkan vermir
Tarix: 12-05-2020 | Saat: 17:28
Bölmə:Siyasət | çapa göndər

Elmar Məmmədyarov:


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans şəklində keçirilmiş iclasına qatılıb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

İclasda çıxış edən Elmar Məmmədyarov deyib: “Bu görüş çətin bir vaxtda - COVID-19 pandemiyası dövründə keçirilir. Pandemiya şübhəsiz ki, beynəlxalq fəaliyyətə də təsir göstərir. Böhran səbəbindən bəzi görüşlər, səfərlər, eləcə də beynəlxalq tədbirlər təxirə salınıb. Lakin, eyni zamanda, bir çox görüşlərin bugünkü kimi, başqa bir formatda - videokonfrans şəklində keçirilməsinin şahidi oluruq”.

Elmar Məmmədyarov pandemiyanın beynəlxalq səviyyədə əməkdaşlıq, qarşılıqlı yardım və əlaqələndirmənin səmərəliliyinin artırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirdiyini vurğulayaraq bildirib ki, COVID-19 dünyanın qlobal böhranlara hazırlığının bir növ sınağına çevrildi.

Azərbaycanın həm ölkə daxilində, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynadığını, qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə üçün könüllü olaraq 10 milyon ABŞ dolları ianə ayırdığını deyən nazir respublikamızın, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərdiyini diqqətə çatdırıb.

Azərbaycanın koronavirusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün atdığı operativ və qabaqlayıcı addımlar barədə məlumat verən Elmar Məmmədyarov yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini qeyd edib. O deyib: “Fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Azərbaycanda planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim, ayın sonlarından etibarən isə ölkədə xüsusi karantin rejimi tətbiq olundu”.

Azərbaycan hökumətinin yaranmış çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirləri gördüyünü bildirən nazir dövlətin bütün resurslarının səfərbər edildiyini, müəyyənləşdirilmiş məqsədlərə çatmaq üçün onlardan səmərəli şəkildə istifadə olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, ölkə sərhədindən kənarda qalmış vətəndaşlarımızın təxliyəsi böhran şəraitində ən vacib vəzifələrdən birinə çevrildi. Hazırda yaranmış vəziyyətdə vətəndaşlarımızın digər ölkələrdən geri qaytarılması üçün bütün lazımi tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir və hazırda 20 minə yaxın Azərbaycan vətəndaşı Vətənə qaytarılıb. Dövri sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin nəticəsi müsbət olub və son üç həftə ərzində Azərbaycanda müsbət tendensiya müşahidə olunur. Yəni, koronavirusdan sağalmış insanların sayı yoluxmuş insanlardan çoxdur. Ölüm hallarının nisbətinin aşağı olması işin müsbət istiqamətdə aparıldığını göstərir. Mayın ayının 4-dən etibarən Azərbaycan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci fazasına keçib.

“Hesab edirəm ki, MDB, COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır.

Hazırkı gündəlik beynəlxalq gənclər əməkdaşlığı kimi humanitar əməkdaşlığın, eləcə də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafı kimi aktual məsələlərin müzakirəsini nəzərdə tutur. Azərbaycanda bu sahələrə böyük diqqət yetirilir. Humanitar və mədəniyyət sahələrində ənənəvi sıx əlaqələr ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün münbit zəmin təşkil edir.

Bununla əlaqədar, bugünkü iclasda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığının inkişafı strategiyası layihəsi haqqında Qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim. Əminəm ki, bu Strategiya bədən tərbiyəsi və idman sahəsindəki əməkdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirməyə, vətəndaşların bədən tərbiyəsi və idmana cəlb edilməsində mühüm nəticələr əldə etməyə imkan verəcək”, -deyə nazir vurğulayıb.

Çox qısa bir müddətdə Azərbaycanın müxtəlif beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirildiyi mərkəzə çevrildiyini xatırladan Elmar Məmmədyarov bildirib ki, dövlətin idmana verdiyi dəstək, dövlət proqramlarının icrası beynəlxalq idman strukturları tərəfindən yüksək qiymətləndirilir. Son beş ildə respublikamızda bir çox idman növləri üzrə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, həmçinin Dünya və Avropa çempionatları, Dünya Kubokları və Qran Pri yarışları kimi beynəlxalq miqyaslı tədbirlər uğurla keçirilib. Bu il də ölkəmizdə yenidən mötəbər idman yarışlarının keçirilməsi planlaşdırılırdı.

Onların arasında dörddə bir final da daxil olmaqla futbol üzrə Avropa çempionatının dörd oyunu var. Lakin, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Avropa çempionatı üçün tarixləri 2020-ci ildən 2021-ci ilə keçirdi. Əminəm ki, bu gün qəbul olunan “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illər üçün Beynəlxalq Gənclər Əməkdaşlıq Strategiyası haqqında" Qərar MDB çərçivəsində gənclərin əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməyə, gəncləri dövlətlərimizin sosial-iqtisadi inkişaf problemlərinə daha fəal cəlb etməyə imkan verəcək.

Nazir deyib: “Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik üçün yeni çağırışlara və təhdidlərə qarşı bütün dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətini və səylərinin əlaqələndirilməsini tələb edir. Lakin Birlik məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir. Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır. Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir.

Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024