Mobil versiya
Region – İsmayıllı
Tarix: 21-07-2019 | Saat: 16:59
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – İsmayıllı


Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq

Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi İsmayıllı rayonudur
Ölkə Prezidenti tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi İsmayıllının da inkişafına böyük təkan vermişdir. İsmayıllı RİH-nin başçısı cənab Mirdaməd Sadıqovun rəhbərliyi altında rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynamışdır.

Qısa arayış:
Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində təhsil almış, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olmuş, 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə də İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuş, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972-ci ildən 1977-ci ilə qədər laborant və baş laborant vəzifəsinə təyin edilmişdir. 1973-cü ildən 1977-ci ilə qədər həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Yüksək işgüzarlığına görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun (Azərbaycan Maliyyə-İqtisad Kolleci) direktoru olub. 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib. 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. İqtisad elmləri doktoru, professordur.
14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib və elə həmin tarixdə dövlət başçısının digər sərəncamı ilə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.



İsmayıllılar 2018-ci ili yüksək iqtisadi
göstəricilərlə başa vurublar
İsmayıllı rayonunda 2018-ci ildə ümumi inkişafa istiqamətlənmiş əsas fəaliyyət dövlət başçısının tövsiyə və tapşırıqlarından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəldilmişdi. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib.
2018-ci il rayon üçün yaddaqalan hadisələrlə zəngin olub. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayona tarixi səfər edərək İsmayıllının sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, “Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbədə təbii qazın açılışında iştirak ediblər.



Tikinti işləri böyük vüsət alıb
Bu gün İsmayıllıda tikinti-quruculuq işləri xüsusilə böyük vüsət alıb. Belə ki, 2019-cu ildə rayonda ümumilikdə 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-sında, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli otel binasında, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo sanatoriya-istirahət mərkəzi”ndə, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndindəki fermada, Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin inzibati binasında, Quşencə-Zoğallıq, Ağbulaq-Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Fındıq emalı müəssisəsinin və Basqal qəsəbəsində Turizm kompleksinin tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulub.



Dinamik inkişaf cari ildə bir qədər də sürətlənib
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı 2019-cu ildə də yüksək dinamikasını saxlamaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə başlanan işlərin – tikinti-abadlıq, quruculuq, sosial, yol infrastrukturu, təhsil, sənaye, yaşayış evləri və aqrar istehsal layihələrinin uğurla həyata keçirilməsi rayonun daxili potensialının kifayət qədər böyük olduğunu göstərir. Bu da onunla nəticələnib ki, cari ilin birinci rübündə İsmayıllı üzrə ümumi məhsul buraxılışı 38 milyon 651 min manat təşkil edib. Onun 11 milyon 992 min manatı kənd təsərrüfatının payına düşür. İnvestorlar və iş adamları üçün yaradılan şəraitin nəticəsində əsas kapitala investisiya qoyuluşu 8 milyon 775 min manata çatıb. İsmayıllı RİH-nin may ayında keçirilmiş və rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında bunlardan ətraflı danışılıb.

Əminliklə demək olar ki, bu gün İsmayıllı hərtərəfli, dinamik inkişaf yolundadır. Heç şübhə etmirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində, respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim ön sıralarda olacaq, 2019-cu ili də yüksək nəticələrlə başa vuracaqlar.

P.S. Təəssüflər olsun ki, bu gün İsmayıllıda müşahidə olunan dinamik inkişaf bəzi qaragüruhçuları bərk narahat edir. Bu səbəbdən də son vaxtlar bəzi qəzet və saytların səhifələrində İsmayıllı rayonunun rəhbərliyinə qarşı son dərəcə xoşagəlməz böhtan kampaniyalarının təşkil olnduğunu görürük. Məsələ bundadır ki, belə materialların obyektiv tənqidlə heç bir əlaqəsi olmur. Bir qayda olaraq, belə hallarda yazı müəllifi ya sadəcə olaraq kimlərinsə sifarişini yerinə yetirir, ya da özünün hansısa şəxsi marağını təmin etməyə çalışır.
Belə həmkarlarımıza tövsiyyə edərdik ki, bu cür hərəkətlərə yol verməklə öz nüfuzlarına xələl gətirməsinlər və jurnalist peşəsinin şərəfini də ucuz tutmasınlar.

AİA.Az
Elburus Bağırov
Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024