Mobil versiya
Qoyun və keçilər qapalı rejimdə saxlanacaq - Dövlət Proqramında xüsusi məsələ/ Açıqlama
Tarix: 26-11-2018 | Saat: 17:11
Bölmə:Ölkə | çapa göndər

Qoyun və keçilər qapalı rejimdə saxlanacaq - Dövlət Proqramında xüsusi məsələ/ Açıqlama



Azərbaycanda 2016-ci ildən başlayaraq iribuynuzlu mal-qara, o cümlədən qoyun və keçilər azalır.

BakuPost-un məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı statistikada əksini tapıb.

Beləliklə, 2016-cı ilin oktyabrın 1-nə ölkədə 2 milyon 720,8 min baş mal-qara olub. 2017-ci il oktyabrın 1-nə də mal-qaranın sayı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 min 100 baş (0,4 faiz) azalaraq 2 milyon 702,6 min, 2018-ci il oktyabrın 1-nə isə keçən ilin analoji dövrü ilə müqayisədə 16 min 100 baş (0,6 faiz) azalaraq 2 milyon 686,5 baş olub.

Qoyun və keçilərin sayında da azalma tendensiyası qeydə alınıb. Əgər 2016-cı il oktyabrın 1-nə ölkədə 8 milyon 740,7 min keçi və qoyun olubsa, 2017-ci il oktyabrın 1-nə 73 min 400 baş (0,9 faiz) azalaraq 8 milyon 667,3 min, bu il oktyabrın 1-nə keçən ilin analoji dövrü ilə müqayisədə 117 min 900 baş (1,4 faiz) azalaraq 8 549,4 min başa düşüb.

Bəs ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın azalmasının səbəbi nədir? Hansı çıxış yolları üzərində iş aparılır?

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov BakuPost-a açıqlamasında bildirib ki, iribuynuzlu mal-qaranın sayında nəzərə çarpmayan azalma müşahidə olunur.

A. Ömərov deyib ki, artıq həm fermerlər, həm də nazirlik kənd təsərrüfatını ekstensiv inkişafdan intensiv inkişaf modelinə keçirməyə çalışır: "İntensiv inkişaf heyvanların baş sayını çoxaltmaqla məhsuldarlığın artırılmasına hesablanıb. İntensiv inkişaf daha məhsuldar heyvanlar gətirməklə yüksək məhsuldarlığa nail olmaq deməkdir. Bununla bağlı insanlar arasında maarifləndirmə işləri aparılır. Digər tərəfdən, fermerlər praktikada görürlər ki, iki cır heyvan saxlamaqdansa, bir cins heyvandan daha yüksək məhsuldarlıq əldə etmək olur. Bir cins heyvana qulluq da nisbətən az olur. Ölkədə iribuynuzlu mal-qaranın son 2 ildə nəzərə çarpmayacaq səviyyədə azalmasını bununla əlaqələndirmək olar. Əgər biz orta süd məhsuldarlığı ilə bağlı statistikaya nəzər salsaq, görərik ki, bu sahədə müəyyən artım var. Xüsusən cins mal-qaranın ölkəyə gətirilməsi, süni mayalanma ilə doğulmuş buzovların sayının artması fonunda görürük ki, son illər ölkə üzrə orta süd məhsuldarlığınıda az da olsa, artım var”.

Qoyun və keçilərin azalmasına gəlincə, A. Ömərov son dövrlər ölkəyə 6 minə qədər cins qoyun və keçi gətirildiyini, hələ ki, cins xırdubuynuzlu mal-qaranın sayının artırılması ilə bağlı ciddi irəliləyiş əldə olunmadığını qeyd edib. Son iki ildə ölkədə qoyun və keçilərin sayının azalmasının konkret səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılmadığını qeyd edən A. Ömərov xırdabuynuzlu mal-qaranın azalmasının otlaq sahələrinin azalması ilə bağlı olduğu barədə fermerlərin müxtəlif vaxtlarda səsləndirdiyi şikayətlərə də münasibət bildirib: "Ölkə üzrə örüş əraziləri 1 milyon 485 min 500 hektar, qışlaq otlaqlar isə 1 milyon 112 min 100 hektardır. Ancaq bir məsələni də qeyd etmək istəyirəm. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlərə əsasən, 1 hektar sahəyə 1-4 heyvan düşür. Əgər otlaq sahələrini ölkədəki heyvanların baş sayına bölsək, görərik ki, qış otlaqları mövcud heyvanların 35 faizini, örüş sahələri isə mövcud heyvanların 25 faizini təmin edə bilər. Bu da otlaqların həddən artıq yüklənməsinə, erroziyasına gətirib çıxarır. Bir sözlə, otlaqlarımız mövcud iribuynuzlu və xırdabuynuzlu mal-qaranı təmin etmək imkanında deyil. Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi qapalı rejimdə intensiv üsullar tətbiq etməklə heyvandarlığı inkişaf etdirmək məqsədini qarşıya qoyub. Çünki indiki qaydada davam etsək, otlaqlarımızın erroziyaya uğraması prosesi gedəcək. Hazırda üzərində son tamamlama işləri aparılan Azərbaycanda Heyvandarlığın inkişafına dair Dövlət Proqramının layihəsində bu məsələ əksini tapıb. Dövlət Proqramında qoyun və keçilərin qapalı rejimdə saxlanılması xüsusi olaraq əksini tapıb. Düzdür, qoyun və keçilərin qapalı rejimdə saxlanılması məcburi olmayacaq. Fermerlərə praktik olaraq qoyun və keçilərin də qapalı rejimdə saxlanılmasının daha çox gəlir gətirdiyi göstəriləcək. Bəli, ilk mərhələdə qapalı rejimdə qoyun və keçilərin saxlanması onların maya dəyərinə təsir göstərəcək. Çünki qapalı rejimdə müasir üsulla intensiv yemlənmə tələb olunacaq, bunun üçün müəyyən cihazlar, avadanlıqlar alınmalıdır. Lakin qapalı rejimdə xırdabuynuzlu mal-qaranın yetişmə müddətini hesabladıqda, görünəcək ki, fermer üçün qapalı rejimdə qoyun və keçilərin saxlanılması daha gəlirli olacaq. Otlaqlarımız mövcud iribuynuzlu və xırdabuynuzlu mal-qaranı doydurmağa imkan vermədiyi üçün müasir dünyada tətbiq edilən üsullardan istifadə etmək, intensiv yolla heyvandarlığı inkişafa etdirmək məcburiyyətindəyik. Ən azı Azərbaycanın öz əhalisini sağlam qida, ət və süd məhsulları ilə təmin etməli, imkanlar genişləndikcə isə ixrac etməyi bacarmalıyıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024