Mobil versiya
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Tarix: 15-05-2026 | Saat: 18:34
Bölmə:Ölkə | çapa göndər

“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?


“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun “ATV Aktual” verilişində səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub.

Qurum rəhbəri bildirib ki, şəhər ətrafında yeni metro stansiyalarının inşası mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər:

“Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi ərazilərdə metro stansiyası tikilsə, həmin sakinlər şəhərin mərkəzinə daha çox axın edə bilərlər. Nəticədə mərkəzdə onsuz da yüksək olan infrastruktur yükü tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin mərhələdə məqsəd şəhər mərkəzini şaxələndirmək, mərkəzə alternativ giriş istiqamətləri yaratmaqdır. Daha sonra isə digər əraziləri bu şəbəkəyə qoşmaq mümkün ola bilər”.

Bu açıqlama sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və narazılıqla qarşılanıb.

"Azvision" saytının baş redaktoru Vüsal Məmmədov öz sosial media hesabında bildirib ki, metropoliten rəhbərinin yanaşması Bakı şəhərinin real hərəkət axınını düzgün əks etdirmir:

“O elə düşünür ki, metro stansiyası yoxdursa, Binəqədi, Bakıxanov, Qaraçuxur və Yeni Yasamal sakinləri şəhərin mərkəzinə gəlmir. Halbuki bu insanlar onsuz da mərkəzə gəlir, sadəcə daha çətin şəkildə — əvvəl avtobus və ya “manatlıq taksi” ilə yaxın stansiyaya çatır, sonra metroyla yoluna davam edir”.

Jurnalist Zülfiyyə Quluyeva da mövzuya münasibət bildirərək qeyd edib ki, hazırkı nəqliyyat vəziyyəti şəhər sakinləri üçün ciddi çətinlik yaradır:

“Şəhərin mərkəzində işi olanlar onsuz da Binəqədinin poladəritmə zavodundan başlayıb Miqrasiya İdarəsinə qədər uzanan tıxaclarda, 133 nömrəli avtobusda saatlarla vaxt itirirlər. Metro çəkib insanları bu əziyyətdən xilas etmək niyə problem olmalıdır? Lazımsız istiqamətlərə (Məsələn, Xocahəsən) deyil, Binəqədi, Masazır, Xırdalan, Binə, Sumqayıt, Zabrat kimi ərazilərə metro çəkilsə, insanlar tıxaclardan xilas olar”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Metropoliten rəhbərinin çıxışı ilə bağlı müxtəlif fikirlər səslənir, müzakirələr, ittihamlar və tənqidlər var. Əslində, mən bunu normal qəbul edirəm. Bütün məmurların dedikləri qanun deyil və ya ideal fikir deyil. Bütün fikirlər tənqid oluna bilər və ya əlavə fikirlər səsləndirilə bilər. Ola bilsin orada fikrin düzgün izah etmir, Vüsal müəllimin çıxışında müəyyən bir anlaşılmazlıq var. Çünki insanların hər birinin şəhərin bütün əraziləri ilə ictimai nəqliyyat əlaqəsi olmalıdır. İctimai nəqliyyatdan faydalı şəkildə istifadə etmək imkanları olmalıdır. Dövlətin elə bir marağı heç vaxt ola bilməz ki, şəhər ətrafında yaşayan sakinlərin şəhərin mərkəzinə gəlmək imkanlarını məhdudlaşdırsın. Burada fikrin ola bilsin ki, bir az fərqli formada ifadə olunması və ya təhrif olunmuş forması ola bilər. Mən əminəm ki, bunun izahı olacaq.

Digər tərəfdən, hər bir sakinin, hər bir vətəndaşın normal ictimai nəqliyyat tələbatı var və dövlətin də borcudur ki, bunu təmin etsin. Alternativ variantlar olmalıdır, tramvay imkanı da, metro, avtobus, hətta taksi imkanları da olmalıdır. Dövlət qurumlarının borcudur bunları vətəndaşlar üçün təmin etsin. Əgər ictimai nəqliyyat olmayacaqsa, onsuz da bu vətəndaşlar hansısa formada şəhər mərkəzinə gəlirlər , işi olan da gəlir, gəzməyə gələn də. Bu vətəndaşın problemi deyil, bu dövlətin problemidir ki, şəhər mərkəzini çoxşaxəli edə bilməyib. Bizim indiyə qədər nəqliyyat siyasətimiz çox böyük səhvlər üzərində qurulub. Çünki nəqliyyatın başında duranlar yanlış siyasət yürüdüblər. İndi-indi biz dövlət proqramları qəbul edirik, müəyyən işlər görməyə çalışırıq ki, bu proseslər öz həllini tapsın. Amma ümumilikdə nəqliyyat siyasətini bərbad vəziyyətə qoyublar. İndi də vətəndaşa “şəhərin mərkəzinə gəlməsin” demək bir az yerinə düşmür”.

Ekspert vurğulayır ki, təəssüf Bakı şəhəri yalnız bir mərkəzdən ibarətdir:

“Yəni insanlar artıq gəzməyə çıxanda bilirlər ki, ya “Torgovı”ya getməlidirlər, ya da Bulvara. Gəzinti üçün başqa ciddi alternativlər yoxdur. Vətəndaş ona görə əlinə imkan düşən kimi Bakıya gəlir, çünki başqa güclü şəhər mərkəzləri yoxdur. Gəncə, Mingəçevir, Lənkəran və digər şəhərlər elə inkişaf etməlidir ki, ölkədə paytaxt səviyyəsində inkişaf edən mərkəzləri çox olsun. Amma hazırda demək olar ki, əsas inkişaf bir şəhərdə — Bakıdadır və ölkə də çox vaxt Bakıdan “qidalanır”. Buna görə vətəndaşı qınamaq lazım deyil ki, “Yasalmaldan şəhər mərkəzinə gəlmə” və ya “Binəqədidə qal”. Əksinə, Yasamal, Binəqədi kimi rayonlar elə inkişaf etdirilməlidir ki, insanlar mərkəzə getməyə məcbur olmasın. Əgər vətəndaşın mərkəzə gəlməməsini istəyiriksə, bu təkcə deməklə olmur — real iş qurulmalıdır, sosial şərait yaradılmalıdır, xidmət sahələri olmalıdır. Notariusdan tutmuş ASAN xidmətə qədər, supermarketlərdən tutmuş digər zəruri xidmətlərə qədər hər şey olmalıdır. Belə olarsa, Binəqədi, Yasamal və ya Mərdəkan sakininin şəhər mərkəzində nə işi var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2026