Mobil versiya
Kəlbəcərdə quruculuq və dirçəliş Azərbaycanın iqtisadi qüdrətinin təzahürüdür
Tarix: 25-11-2026 | Saat: 09:28
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcərdə quruculuq və dirçəliş Azərbaycanın iqtisadi qüdrətinin təzahürüdür

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində təkcə mühüm hərbi-siyasi nailiyyət deyil, eyni zamanda pozulmuş tarixi ədalətin yenidən təmin olunması və xalqımızın milli iradəsinin təntənəsi kimi böyük əhəmiyyət daşıyır. 2020-ci il noyabrın 25-də rayonun Azərbaycana qaytarılması ilə təxminən üç onillik ərzində davam edən işğala son verildi və doğma torpaqlarından məcburi köçkün düşmüş insanların geri dönüşü üçün imkan yarandı.

Bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial və qətiyyətli rəhbərliyinin, şanlı Azərbaycan Ordusunun hərbi qüdrətinin və xalqımızın nümayiş etdirdiyi möhkəm həmrəyliyin məntiqi nəticəsi oldu. Kəlbəcər ölkəmiz üçün yalnız əlverişli strateji mövqeyi və zəngin təbii ehtiyatları ilə deyil, həmçinin qədim keçmişi, özünəməxsus mədəniyyəti və tarixi abidələri ilə də xüsusi dəyərə malikdir. Adının qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi bildirilən rayonun ərazisində minilliklər əvvələ aid yaşayış məskənlərinin izləri, qayaüstü rəsmlər və müxtəlif tarixi mərhələlərdən xəbər verən maddi-mədəniyyət nümunələri mövcuddur. Bütün bunlar Kəlbəcərin milli tariximizdə tutduğu mövqeyi və xalqımızın tarixi yaddaşındakı əvəzsiz yerini təsdiqləyir. Əzəmətli dağları, sıx meşələri, gur çayları və xüsusilə İstisu mineral bulaqları ilə tanınan bu ərazi geniş turizm və iqtisadi inkişaf imkanlarına sahibdir.
Bu baxımdan Kəlbəcərin yenidən qurulması yalnız rayonun gələcəyinin təmin edilməsi deyil, bütövlükdə Azərbaycanın mədəni, tarixi və iqtisadi potensialının daha da gücləndirilməsi istiqamətində mühüm addımdır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal olunması rayonun normal həyatına ağır zərbə vurdu. Bu hadisədən sonra minlərlə sakin öz doğma ev-eşiyini tərk edərək məcburi köçkün həyatı yaşamağa məhkum oldu. İşğal müddətində yaşayış evləri və sosial obyektlər dağıdıldı, tarixi-dini abidələrə ciddi ziyan vuruldu, bölgənin təbii sərvətləri qanunsuz şəkildə istismar edilərək talan edildi. Beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin yerinə yetirilməməsi Ermənistanın uzun müddət işğalçılıq siyasətini davam etdirməsinə və öz öhdəliklərindən yayınmasına şərait yaratdı. Buna baxmayaraq, Azərbaycan dövləti torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası məqsədindən heç vaxt geri çəkilmədi.

2020-ci ildə baş verən Vətən müharibəsində Ordumuzun əldə etdiyi tarixi Zəfər, eləcə də Kəlbəcərin şimal hissəsində yerləşən mühüm strateji yüksəkliklərin nəzarətə götürülməsi rayonun azadlığına aparan prosesdə həlledici rol oynadı. Noyabrın 25-də Kəlbəcərin hərbi əməliyyatlar aparılmadan Azərbaycana təhvil verilməsi isə döyüş meydanında qazanılmış üstünlüyün siyasi və diplomatik müstəvidə də təsdiqini tapdığını göstərdi.

Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı yenidənqurma və bərpa tədbirləri ardıcıl şəkildə davam etdirilir. Şəhərin 2040-cı ilədək inkişaf perspektivlərini müəyyən edən Baş plana uyğun olaraq müasir yaşayış sahələrinin salınması, təhsil və səhiyyə müəssisələrinin, uşaq bağçalarının, ictimai obyektlərin və digər sosial infrastrukturun yaradılması istiqamətində işlər görülür. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası və Murovdağ tunelinin yaradılması rayonun nəqliyyat imkanlarını genişləndirərək bölgəyə gediş-gəlişi daha rahat edir. Eyni zamanda, mövcud su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin istifadəyə verilməsi Kəlbəcərin elektrik enerjisi istehsalı potensialının artırılmasına mühüm töhfə verir. İstisu mineral su zavodunun fəaliyyətinin bərpası, burada müalicə-sağlamlıq və turizm kompleksinin yaradılması isə rayonun iqtisadi inkişafı üçün yeni perspektivlər açır. Yanşaq, Zallar və digər yaşayış məntəqələrində aparılan tikinti-bərpa tədbirləri kənd həyatının yenidən canlandırılmasına, əhalinin doğma torpaqlarında məskunlaşmasına xidmət edir. Artıq Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində əldə olunan mühüm uğurlardan biridir. Doğma yurdlarına qayıdan ailələrin müasir yaşayış evləri ilə təmin edilməsi, onlar üçün zəruri sosial şəraitin yaradılması təhlükəsiz, rahat və davamlı həyatın qurulmasına hesablanıb. Kəlbəcərdə görülən işlər təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, xalqımızın tarixi-mədəni irsinin yaşadılması, zəngin təbii ehtiyatların milli iqtisadiyyatın və insanların rifahının yüksəldilməsinə yönəldilməsi, bölgənin gələcək nəsillər üçün abad və yaşayış baxımından əlverişli məkana çevrilməsi məqsədini daşıyır. Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısının müəyyənləşdirdiyi strateji inkişaf xəttinin ardıcıl həyata keçirilməsi nəticəsində Kəlbəcər gələcəkdə Azərbaycanın quruculuq potensialının, dövlət gücünün və Böyük Qayıdışın uğurunun parlaq nümunələrindən birinə çevriləcək.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri,
YAP Nərimanov ƏPT nin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə