Mobil versiya
Prezident İlham Əliyev: "Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir".
Tarix: 03-01-2025 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: "Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir".

Dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun formalaşan Azərbaycanın xarici siyasəti qarşılıqlı anlaşma, bərabərhüquqluluq prinsipləri əsasında davam edir. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq respublikada bir sıra islahatlar aparan, mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd qoyan Ulu Öndər Heydər Əliyev xarici siyasətimizin bütün parametrləri üzrə inkişafına xüsusi diqqət göstərmişdi. Həmin vəzifələrdən biri və ən əsası Ermənistan tərəfindən informasiya blokadasına alınan Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək idi.
Respublikaya rəhbərliyi dövründə diplomatik səyləri ilə Azərbaycanın dünya birliyinə inteqrasiyasını bütün sahələr üzrə sürətləndirən, müəyyənləşdirdiyi neft strategiyasının həyata keçirilməsi ilə xarici ölkələrdən ölkəmizə ayrılan investisiyaların həcmini artıran, müxtəlif ölkələrlə əlaqələrin şaxələndirilmiş format əsasında inkişafını ümdə vazifə kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev təcrübəli dövlət başçısı və siyasi xadim kimi, məqsədinə nail oldu. Əminliklə demək olar ki, 1993-2003-cü illər respublikamızda inkişafda olan bütün sahələr kimi xarici siyasətimizin tarixinə də həlledici dövr kimi yazıldı. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu, diplomatik əlaqələrlə bağlı strateji xətt yeni istiqamətlər üzrə müəyyənləşdirildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətləndirildi.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünyada yaratdığı xoş əhvalı nümunə gətirməklə inamla söyləmək olar ki, Azərbaycanın düşünülmüş diplomatiyasının dəstəklənməsi, ölkəmizin möhkəmlənən siyasi, iqtisadi, humanitar platforma kimi tanınması ölkəmizə əlavə dividendlər qazandırır. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda keçirilən tədbirlərin hər biri özlüyündə beynəlxalq əhəmiyyət daşımaqla xalqlar arasında münasibətlərin güclənməsinə xidmət edir. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi» mövzusunda 3-cü beynəlxalq konfrans, «Bakı Prosesi» çərçivəsində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, «İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması» mözusunda keçirilən beynəlxalq konfranslarda ən mühüm problemlər müzakirə olundu.
COP29-un ölkəmizdə təşkil edilməsinə qısqanclıqla yanaşan anti-Azərbaycan dairələrin təxribatlarının qarşısının sistemli, ardıcıl və məqsədyönlü şəkildə alınmasının nəticəsidir ki, ABŞ, Fransa kimi dövlətlər, Aİ kimi beynəlxalq təşkilatlar Cənubi Qafqazla bağlı məkrli niyyətlərini həyata keçirə bilmirlər. Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə bağlı Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyevin Cənub Qafqazın gələcəyi ilə bağlı sözlərini ABŞ Dövlət Departamentində, Avropa Şurasında, Fransada unutmasınlar: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»
Tarixi hadisələr də təsdiqləyir ki, Azərbaycan xalqının iradəsini əks etdirən xarici siyasətimizi dövlətçilik mənafeyi baxımından təkmilləşdirən Prezident İlham Əliyev fərqli beynəlxalq platformalarda öz sözünü qətiyyətlə söyləyir, dediklərinin arxasında durur və reallaşdırır. Soydaşlarımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həllində, Zəngəzur dəhlizinin açılmasında israrlıdır.
Sözünə imzası qədər dəyər verən, «Nəyi, necə, nə vaxt etmək» müdrik kəlamı aforizm kimi dillərdə dolaşan Prezident İlham Əliyevin «Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik» sözləri xarici siyasətimizin yenilməz gücü kimi məkrli niyyətlilərə xəbərdarlıqdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-01-2025