Mobil versiya
Əziz Ələkbərli: “ Azərbaycan xalqı və dövlət başçısı bu sınaqdan da mətanətlə çıxdı”
Tarix: 30-12-2024 | Saat: 17:00
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli:  “ Azərbaycan xalqı və dövlət başçısı bu sınaqdan da mətanətlə çıxdı”

Dekabrın 25-də Rusiya səmasında baş verən təyyarə qəzası, AZAL-a məxsus təyyarənin vurulması və 38 nəfərin həlak olması ilə nəticələnmiş hadisə hamını sarsıtdı. Bilərəkdən, yaxud bilməyərəkdən sərnişin təyyarəsinin vurulması bir yana, təyyarənin yaxınlıqdakı hava limanlarına enişinə icazə verilməməsi göstərdi ki, hələ də Azərbaycana qarşı təxribatlar davam edir.
Təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınması ilə yanaşı HHM qüvvələri tərəfindən vurulması etiraf edilmədi. Əksinə, Rusiyanın bir sıra rəsmi dairələri təyyarənin guya quş sürüsü ilə toqquşması versiyasını irəli sürdülər və bu versiya ilk öncə həqiqət kimi qəbul edildi. Cənab Prezident İlham Əliyevin təbirincə desək “çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın.” Təəssüf ki hadisələrin sonrakı gedişi göstərdi ki, “quş sürüsü ilə toqquşma “ versiyası da məhz elə bu hadisəni törədənlərin irəli sürdüyü izazdırma kampaniyasının tərkib hissəsi imiş.
Hadisədən dərhal xəbər tutan ölkə başçısı cənab İlham Əliyev rəsmi səfərini yarımçıq saxlayaraq, məhz Rusiya səmasında olan təyyarəsinin geri qayıtması və dərhal operativ müşavirə keçirilməsi barədə qərar verərək məsələnin təmkinlə və ədalətli yolla aydınlaşdırılması üçün ciddi fəaliyyətə başladı.
Konkret və aydın nəticəni, eləcə də dövlətin mövqeyini elan edən ölkə başçısı xalqımızın müdrikliyini, məsələyə ədalətli yanaşmasını və öz haqqını tələb etməkdə israrlı olduğunu bir daha nümayiş etdirdi.

Bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “dekabrın 29-da Azərbaycan televiziyasına müsahibə verən ölkə başçısı bütün bu olanları belə xarakterizə etdi: “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
Cənab Prezident İlham Əliyev baş vermiş hadisəni quş sürüsü ilə bağlamaq, yaxud hansısa qaz balonunun partlaması ilə əlaqələndirmək kimi versiyaları ağılsızlıq və cəfəngiyyat adlandıraraq əslində bu cür cəhdlərin hadisəni ört-basdır etməkdən başqa bir şey olmadığını qeyd etmişdir.
Pilotlarımızın, ekipaj üzvlərinin qəhrəmanlığı sayəsində 29 nəfərin sağ qalmasını yüksək qiymətləndirən ölkə başçısı insana, vətəndaşa verilən dəyərin yüksək olduğunu qeyd etməklə, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında, hüququnun və haqqının müdafiəsində olduğunu bildirdi: “Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik.”

Əziz Ələkbərli qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi birmənalı və aydındır: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.”
Baş verən hadisəni xalqımız və dövlətimiz üçün daha bir sınaq kimi xarakterizə edən millət vəkili müsahibəsinn sonunda deyib: “ Hər halda Azərbaycan xalqı və rəhbəri bu bir neçə gündə göstərdiyi qətiyyət və mətanətlə bir çoxlarına dərs vermiş oldu və bu imtahandan da üzüağ çıxdı. Ölkə başçısının müsahibəsindəki qətiyyətli mövqe isə Azərbaycanın öz suveren hüquqlarını kimsəyə güzəştə getməyəcəyinin, öz haqqı uğrunda mübarizədə haqqa, hüquqa və ədalətə arxalanacağının nümayişi oldu.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə