Mobil versiya
Bizim sözümüz imzamız qədər keçərlidi
Tarix: 31-12-2024 | Saat: 11:37
Bölmə:Özəl | çapa göndər

Bizim sözümüz imzamız qədər keçərlidi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.
Jurnalistin təəssüf ki, ötən günlərdə bizi dərindən sarsıdan hadisə baş verdi. Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik sualına.
Prezident İlham Əliyev cavab verərək bildirib ki, “mən bu barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldım, məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.
Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.
Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.”
Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumat alan Cənab Prezident İlham Əliyev Sankt-Peterburqda keçiriləcək MDB Zirvə görüşündən imtina edərək geri dönmüş, təyyarə qəzası ilə bağlı təxirə salınmaz tədbirlərin görülməsi üçün dərhal tapşırıqlar vermiş, hava limanında operativ müşavirə keçirmiş və baş vermiş təyyarə qəzasını diqqət mərkəzinə salmışdır. Bu, nəticədə baş vermiş təyyarə qəzasının əsas detalları üzə çıxmasına və hadisəni quşlarla əlaqələndirmək və ya qaz balonunun partlaması kimi qələmə verənlərin yalan fikirlərini ortadan qaldırmağa müvəffəq olmuşdur. Eyni zamanda, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki müdaxiləyə məruz qaldığını əks etdirən görüntülərin ictimaiyyətə təqdim edilməsi hadisənin əsas mahiyyətini ortaya qoymuşdur.
Rusiya tərəfi baş vermiş təyyarə qəzası ilə bağlı üç gün ərzində müxtəlif versiyalar irəli sürsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və gücü qarşısında tab gətirməyərək, Rusiya Prezidenti Vladimir Putin zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı Prezident İlham Əliyevə üzrxahlığını ifadə etmiş, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırmış və xəsarət alanların tezliklə sağalmasını arzulamışdır. Rusiya Prezidenti Vladimir Putinin zəngi təkcə üzrxahlıq kimi qiymətləndirilmir, eyni zamanda bizim sözümüz imzamız qədər keçərli olduğunun göstəricisi deməkdir.
Cənab Prezident İlham Əliyevin təyyarə qəzası baş verdiyi andan cəsarətli qərarlar verməsi, müsahibə verərək Rusiya tərəfinin bu hadisə ilə bağlı qınanması məni bir vətəndaş kimi əmin edir ki, qəza barədə açıq qalmış suallar faktlarla cavablandırılacaq, hadisəni törədənlər tezliklə cəzalandırılacaq və Azərbaycan tərəfindən irəli sürülmüş bütün tələblər yerinə yetiriləcəkdir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə