Mobil versiya
Birliyimiz, həmrəyliyimiz uğurlarımızın əsasıdır
Tarix: 26-12-2024 | Saat: 11:51
Bölmə:Siyasət | çapa göndər

Birliyimiz, həmrəyliyimiz uğurlarımızın əsasıdır

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin, vahid mərkəzdən idarə olunmalarının təmin edilməsi istiqamətində davamlı addımları şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin bərpasının  ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider illər keçdikcə ölkəmizin dünyaya Günəş kimi doğacağını, güclü, qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla qürur duyacağımızı  böyük inam və qətiyyətlə səsləndirdi. Azərbaycanın bu günündən həmin illərə  baxdıqda keçilən yolun zənginliyinin, bütün çətinliklərə uğurla sinə gərildiyinin, ən əsası Ulu Öndərin görmək istədiklərinin real həyatda öz əksini tapdığının şahidinə çevrilirik. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.   Ümummilli Liderin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin  “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı bütün dünya azərbaycanlılarını bir araya gətirdi. Ulu öndər Heydər Əliyevin  23 may 2001-ci il tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Ulu Öndər proqram xarakterli çıxışında bir daha bildirmişdi ki, Azərbaycan harda yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir. Dünya azərbaycanlılarına bu çağırış da edilmişdi: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təsdiqidir. Son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim bu birliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Qurultayların keçirilməsi ənənəsinin davam etdirilməsi də bunun bariz nümunəsidir. Hər beş ildən bir keçirilən bu toplantılarda Azərbaycanın möhkəm təməl üzərində inamla addımlayaraq böyük uğurlar imza atması böyük qürurla dünya azərbaycanlılarına çatdırılır və daim bu çağırış edilir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olaq.  Məhz bu birlik, həmrəylik, erməni yalanlarının ifşası 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmizdə, bir günlük antiterror tədbirlərində öz sözünü dedi. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda 2022-ci ildə  dünya azərbaycanlıları Azərbaycanın döyünən ürəyi olan Şuşaya toplaşaraq dünyaya bir daha birliyimizi, həmrəyliyimizi çatdırdılar.  Hazırda qarşıda dayanan əsas vəzifə postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək olmaq, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük töhfələr verərək soydaşlarımızın Böyük Qayıdışını daha da sürətləndirməkdir. Dövlətimizin başçısı İlham Əliyev dekabrın 24-də keçirilən idman yekunlarına həsr edilən mərasimdə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərdən bəhs etdi. Bildirdi ki, artıq bu torpaqlarda  10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. İdman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq: “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024