Mobil versiya
Bütün rayonlarda idmanla məşğul olmaq üçün hər cür şərait var
Tarix: 26-12-2024 | Saat: 11:57
Bölmə:Siyasət | çapa göndər

Bütün rayonlarda idmanla məşğul olmaq üçün hər cür şərait var

Azərbaycan müstəqil dövlət kimi bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti indi Azərbaycanı idman ölkəsinə çevirib. Bu, idmançıları yeni qələbələrə ruhlandırır. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı idman növləri üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Həmin vaxtdan başlayaraq, xeyli sayda idman komplekslərinin, meydançaların, idman-sağlamlıq mərkəzlərinin tikilməsi, bəzilərinin yüksək keyfiyyətlə təmir olunması diqqət mərkəzində saxlanılmışdır. İdmana və idmançılara göstərilən qayğı Azərbaycan idmanının şöhrətini getdikcə artırmışdır. İndi idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırlar. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə deyib: “O ki, qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik”. Cənab Prezident onu da bildirib ki, “Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. İnkaredilməz bir həqiqət var. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə dövlətimizin başçısı idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm vermiş, daim respublikamızın idman imicinin yüksəldilməsinə çalışmışdır. Hazırda Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bütün bunlar gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərmələri də bundan xəbər verir. Dövlət başçısının bu yarışları öz ailə üzvləri ilə birlikdə şəxsən izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması yeni qələbələrə zəmin yaradır.


Bəxtiyar Mustafayev ,
YAP Mingəçevir şəhər təşkilatının sədri.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024