Mobil versiya
Azərbaycanın idmanda qazandığı beynəlxalq status çox möhkəmlənib
Tarix: 26-12-2024 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın idmanda qazandığı beynəlxalq status çox möhkəmlənib

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması belə deməyə ciddi əsas verir. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir. Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Cənab Prezident İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bu barədə ətraflı danışıb, bildirib ki, “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Cənab Prezidentin də dediyi kimi “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024