Mobil versiya
Prezident İlham Əliyev 21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirdi
Tarix: 23-12-2024 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev  21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirdi

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən 21 il ötür. Bu tarixi vərəqləyəndə Azərbaycan adına qazanılan böyük uğurların, qələbələrin, zəfərlərin sıralandığını görürük, möhtəşəm tarixi uğurların şahidi oluruq. Zaman üçün çox qısa bir vaxtda  tarixi ədalətin, haqqın, milli maraqlarımızın beynəlxalq hüququn prinsip və normaları çərçivəsində qətiyyətlə təmin edildiyini görürük. Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən cənab Prezident İlham Əliyevin özünün də dünyaya bəyan etdiyi kimi: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik". Bu gün Qalib Lider cənab İlham Əliyevin millətimizə qazandırdığı Zəfər salnaməsi ən böyük uğurdur, 200 illk işğala birdəfəlik son qoymaq, Azərbaycan tarixinə qızıl hərflərlə qalib xalq sözünü yazmaqdır. Cəmi 21 il ərzində Azərbaycan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Cənubi Qafqazın lider ölkəsinə çevrilib, dünyada söz sahibi olub. Ölkəmiz ictimai-siyasi, sosial-iqtisadi, hərbi, mədəni, ümumiyyətlə, bütün sahələr üzrə böyük inkişaf yolu qət edib. Dünyanın enerji, nəqliyyat qovşağına çevrilib və əbəs yerə deyil ki, bölgə ilə bağlı reallaşdırılan bütün layihələr Azərbaycanla razılaşdırılır. Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Bu baxımdan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı. Ölkəmizin həyatında son iki onillikdə baş verən hərtərəfli inkişafa, tərəqqiyə, iqtisadi, hərbi gücümüzün günbəgün artmasına, əldə etdiyimiz nailiyyətlərə, uğurlara nəzərən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev 21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafı üçün hər şeyi edib və onu qüdrətli ölkəyə çevirib.  2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqdan mandat almış, oktyabrın 31-də isə "Qurani-Kərim"ə əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içmişdi. Buna görə də prezidentlik fəaliyyəti dövründə, heç şübhəsiz, İlham Əliyevin qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycanın ərazi və suverenliyinin təmini idi və buna da nail oldu. Cəmi 44 gün ərzində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl siyasi gedişləri, diplomatik bacarığı, hərbi taktikası sayəsində ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, xalqımız məğlub xalqdan qalib xalqa çevrildi. Vətən müharibəsinə qədərki prezidentlik fəaliyyəti dövründə münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün diplomatik siyasət həyata keçirən İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini çatdırır, Ermənistanın işğalını əbədiləşdirmək istəyən qərəzli xarici ölkə və qurumlara qarşı mübarizə aparırdı. Ancaq həmin məkrli qüvvələr, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün yönləndirilən ATƏT-in keçmiş Minsk qrupu məsələnin işğalçının xeyrinə olaraq sonsuzadək dondurulmasına çalışırdılar.  Bütün bunlara görə 2019-cu ildə Valdayda "Qarabağ Azərbaycandır!" haqq nidasını səsləndirən cənab Prezident İlham Əliyev artıq Bakının səbir kasasının daşdığını dünyaya çatdırdı. Qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışmaq fikrində deyil.    
Beləliklə 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Vətən uğrunda "İrəli" əmri verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ərazilərimizin 30 illik işğalına son qoymağın zamanının çatdığının mesajını verdi. Savaşın ilk günündən qəhrəman döyüşçülərimiz addım-addım torpaqlarımızı işğaldan qurtarmağa başladılar. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi.  İkinci Qarabağ savaşının 44 günü ərzində rəşadətli Azərbaycan Ordusunun düşmənin başına endirdiyi sarsıdıcı "dəmir yumruq" zərbəsinin təsiri idi ki, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. Vətən müharibəsindəki möhtəşəm zəfər onilliklər boyu talanan, daşı daş üstə qalmayan, viranəyə çevrilən ərazilərimizi düşmən tapdağından qurtardı. Yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətini bitirdi.  Azadlıqlarının üzərindən dərhal sonra həmin şəhər, qəsəbə və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi, çox keçmədən Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirildi. Bir zamanlar yurdlarından didərgin düşərək ölkəmizin dörd  tərəfinə səpələnmiş keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba torpaqlarına qaytarılmağa başladı. Cəmi 23 saat ərzində Qalib Lider İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı.  "...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. ...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Ötən il oktyabrın 15-də Xankəndidən xalqımıza müraciət edən Prezident İlham Əliyevin qürurla vurğuladığı kimi, bu, İlahi ədalət, haqqın öz yerini tapması demək idi.  2023-cü il sentyabrın 19-da başlayıb 20-də ildırım sürəti ilə bitən və dünya erməniliyinə, onlara havadarlıq edən xarici qüvvələrə dünyanı dar edən antiterror tədbirləri Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, tarixi torpaqlarımızdakı quldur yuvasını darmadağın etdi. Status cəhənnəmə getdi, sərsəm "böyük Ermənistan" planları məhv edildi. Qalib Lider İlham Əliyevin yürütdüyü məharətli diplomatik siyasətin növbəti qələbəsi isə bu ilin may ayında Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması oldu. 4 qeyri-anklav kənd bir güllə atılmadan, qan tökülmədən azad edildi.  Bu nümunələrdən də göründüyü kimi, Azərbaycan son 21 il ərzində vətənpərvər şəxsiyyət İlham Əliyevin əzmi, qətiyyəti, uzaqgörən siyasəti sayəsində tarixindəki ən böyük zəfərlərə imza atıb. Məğlub ölkədən qalib ölkə zirvəsinə yüksəlib, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib.  Ölkəmizin qazandığı bu qələbələr isə, heç şübhəsiz, bölgə ilə bağlı məkrli planları olan qərəzli Qərb siyasi mərkəzlərini və təsisatlarını qane etmir. Buna görədir ki, Vətən müharibəsindən, xüsusilə də antiterror tədbirlərindən sonra müstəmləkəçi Fransanın başçılığı altında Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar. Onlar Ermənistana siyasi, hərbi dəstək verərək onu revanşa qızışdırırlar. Bu isə elə İrəvanın özünə zərərdir.  Bu il oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşən cənab Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin gedişatı onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın: "O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik". Bütün bunlara görədir ki, elə bu ilin 7 fevralında da Azərbaycan xalqı bir daha yekdilliklə Ulu Öndər siyasi məktəbinin layiqli varisi, sözü imzası qədər kəsərli olan  İlham Əliyevə səs verərək onu özünün Prezidenti seçdi. Cənab İlham Əliyev özünün 21 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 21 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 21 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır. Qalib Lider İlham Əliyevin bundan sonra da xalqımıza hələ çox qürurlu, şanlı günlər yaşadacağına tam əminik.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024