Mobil versiya
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Tarix: 20-09-2024 | Saat: 13:05
Bölmə:Özəl | çapa göndər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına etdiyi dəyişiklik suverenlimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edir     
Dövlət başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli  «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Sərəncamına uyğun olaraq 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Suverenliyimizin bərpasından bir il ötür. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində  torpaqlarımız separatçılardan təmizləndi və suverenliyimiz bərpa edildi. Dövlət başçısı İlham Əliyev ötən ilin oktyabr ayında Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfər etdi. Səfər çərçivəsində  Müzəffər Ali Baş Komandan  Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim: «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.» Cənab İlham Əliyev bu məqamı da  böyük qürur hissi ilə bildirdi ki,  bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki,  bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir: «Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” 
Reallıq budur ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda  ədaləti özü bərpa etdi. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Qeyd etdiyimiz kimi, bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq.  Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Çünki ölkəmiz  öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi. Şəhərlərimiz, kəndlərimiz azad edildi.Qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gündə  bir yumruq kimi birləşdi. Bu yumruq həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu.
44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin bir günlük antiterror tədbirlərində  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu  təsdiqlədi.  Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və çıxardı. Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki,  BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanında olduğumuz unudulmasın. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq»un yerində olmasıdır. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldular. Amma təəssüflər olsun ki, bu gün də ikili siyasətlərini davam etdirən dünya gücləri var və onlar ədaləti, beynəlxalq  hüququ maraqlarının arxasında gizlətməklə problemlərin yaranmasının fərqindədirlər.
Məlumdur ki, Azərbaycan tarixi Zəfərə imza atdığı halda Fransanın ilk gündən münaqişənin hələ həll edilmədiyi barədə fikirlər yaratmaq üçün dərindən-qabıqdan çıxdığını unutmuruq. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifindən və qarşı tərəfin bu müqavilənin imzalanmasında maraqlı olmasından narahatlıq keçirən Fransadır. Bu məsələ ilə bağlı müxtəlif məkanlarda və formatlarda keçirilən görüşlərə qatılıb sülh təklifini dəstəkləyən, amma görüş qurtaran kimi Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirən Fransadır. Eyni fikirləri ABŞ haqqında da söyləyə bilərik.  ABŞ, Avropa İttifaqı və Ermənistanın mütərək sammitini yada salmaq kifayətdir.   Tərəflər bu görüşü Ermənistana iqtisadi yardım adı altında ört-basdır etməyə çalışsalar da bunun reallıqdan uzaq olduğunun fərqində idilər. Bu məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə məsələnin həlli üçün bütün  beynəlxalq təşkilatların malik olduğu potensialdan yararlanmaqda maraqlı olduğunu bəyan etdi. Ölkəmizin BMT Baş Assambleyasına Faktaraşdırıcı Missiyanın yaradılaraq işğaldan azad edilmiş ərazilərimizdə süni məskunlaşma  faktının araşdırılması ilə məşbul olması təklifi Ermənistanda və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində böyük narazılığa səbəb oldu. Azərbaycanın bu addımı Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirildi. Lakin rəsmi Bakı bunun vasitəçiliyə heç bir aidiyyəti olmadığını bildirdi. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və iki dəfə işğaldan azad edilmiş ərazilərimizdə oldu. Hesabatların hazırlanması məqamı yetişdikdə yenə də Missiya işğalçının adını çəkməkdən imtina etdi. Qurum açıq-aydın nümayiş etdirdi ki, Ermənistanın müdafiəsi onlar üçün əsasdır. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bu məqamı qeyd etməklə, artıq tarixə qoauşmuş münaqişənin həllində vasitəçiyə ehtiyacın olmadığını görürük. Məlum olduğu kimi, bu il Qazaxın dörd kəndi vasitəçisiz işğaldan azda edildi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirildi. Bir daha sübut olundu ki, tərəflər vasitəçi olmadan da öz aralarında ümumi fikrə gəlmək imkanındadır. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyev Qarabağ münaqişəsinin həllində dövlətin qətiyyəti, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstəyi xüsusi qeyd edirdi. Bildirirdi ki, problemin  beynəlxalq miqyas alması onun həlli prosesinii uzanmasına səbəb olur. Tərəflərin özünə qalsaydı, təbii ki, münaqişə çoxdan öz həllini tapmışdı. Münaqişənin beynəlxalq problem kimi diqqətdə olması maraqların toqquşmasına, həll prosesinin uzanmasına gətirib çıxarar.
   Təbii ki, bunları qeyd etməkdə məqsədimiz 44 günlük İkinci  Qarabağ müharibəsinin, eyni zamanda, bir günlük antiterror tədbirlərinin qaçılmaz olduğunu bir daha diqqətə çatdırmaqdır. Dövlət başçısı İlham Əliyevin «Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik» çağırışı da keçilən yolun və hazırkı dövrün reallıqlarının  təqdimatında əhəmiyyətli rol oynayır.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir. Cənab  İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti,  işğaldan azad edilmiş ərazilərimizə hər səfəri  Ermənistana mühüm mesajlarla zəngindir. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidəlrimiz dağıdıldı,  məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu.  Şəhidlərimizin canı, qanı ilə  torpaqlarımızı işğaldan azad etdik, tariximizin Zəfər səhifəsini yazdıq. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Dövlət başçısı İlham Əliyev bildirir: «Biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar… Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq.»
Postmünaqişə dövründə  «Dəmir yumruq»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatlarının aparılması da  Ermənistanın təxribatlarını davam etdirməkdə maraqlı olduğunu, sülh müqaviləsini imzalamaqdan, 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən yayınmaq cəhdini ortaya qoydu.    Lakin bu əməliyyatlar da tez unuduldu. Təbii ki, Ermənistana bu dərsləri unutduran himayədarlarının dəstəkləri idi.  Fransa Ermənistanı silahlandırmaqla vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu təsdiqləyir. Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri bütün bu məqamlara işıq saldı.  Bu gün böyük qürur hiisi ilə qeyd edirik ki, Azərbaycan  tarixi ədaləti özü bərpa etdi. 
30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri  bu mənzərənin  təqdimatlarıdır. Dövlət başçısı İlham Əliyev ötən il sentyabarın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki,  əməliyyatdan bir qədər sonra  vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və  Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların   verdiyi  məlumat bu oldu  ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Hətta bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz  yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər.
 44 gün davam edən İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycanın son dörd ildə   işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, abadlıq, yenidənqurma işləri möhtəşəmliyi ilə diqqəti cəlb edir. Azərbaycan quruculuq işlərini  daxili imkanları hesabına davam etdirir. Bu ərazilərdə bərpa işləri sürətlənir, mühüm infrasruktur layihələri həyata keçirilir, ərazilərin su, elektrik enerjisi ilə təminatına, yolların çəkilişinə və bərpasına diqqət yetirilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı  inamla bildirir ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024