Mobil versiya
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
Tarix: 20-09-2024 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları əsasında böyük inamla qeyd edir ki, bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, nəhəng layihələri tərəfdaşlarımızla birlikdə həyata keçiririk və Avropanın enerji xəritəsini yenidən tərtib edirik
Azərbaycanın müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin sahibi olduğunu bütün dünyaya bəyan etməsinə geniş imkanlar yaradan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. 33 illik müstəqillik tariximizi vərəqlədikdə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. “Əsrin müqaviləsi”ndən öncə Beynəlxalq Neft və Qaz Sərgi-Konfransının keçirilməsinin malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti rolu daim önə çəkilir. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. İmzalanma mərasimində Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisəni belə dəyərləndirmişdir: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.» «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 ilin Azərbaycanın həyatında hansı mühüm hadisələrlə qaldığını keçilən yolun qısa təhlilində görə bilərik. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.
«Əsrin müqaviləsi» mahiyyətçə iqtisadi xarakter daşısa da, onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi. Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqla olan dövlətlərin coğrafiyası genişləndi. Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi yer tutan bu fikir reallıqlarımızın təsdiqidir: «Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.» 
Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı, məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.
Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Reallığa çevrilən hər bir layihə ölkəmizin bu mövqeyini daha da möhkəmləndirir. “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.»
Göründüyü kimi, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlar qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində hər bir layihəni uğurla başa çatdırır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir: «Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik.» Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.
Hazırkı dövrdə təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən edilib. Ölkədə ekoloji tarazlığın qorunması və bərpaolunan enerji istehsalı siyasətlərinin strateji əsasını Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edir. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmə istiqamətində qarşıya mühüm vəzifələr qoyuldu. Bu reallıq beynəlxalq səviyyədə təsdiqlənir ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Son tədqiqatlara görə, bərpaolunan enerji potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Təbii ki, uğurlarımızı bir yazıda əhatə etmək qeyri-mümkündür. Onların zirvəsində dayanan tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsində də «Əsrin müqaviləsi»nin rolu böyükdür. Bu sazişin imzalanması ilə başlanan tərəqqi bizi Zəfərə, suverenliyimizin tam bərpa edilməsinə qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyimiz əsas rola malikdir ki, bunun əsasında «Əsrin müqaviləsi» dayanır. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işlərinin geniş vüsət alması, soydaşlarımızı üçün ən yüksək yaşayışın təmin edilməsi də neft strategiyasının uğurlarıdır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bundan sonra da neft strategiyasının uğurlarını yaşayacaq, daha möhtəşəm zəfərləri ilə dünyanın diqqətində olacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024