Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”
Tarix: 03-07-2024 | Saat: 19:38
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. Məlum olduğu kimi, bu təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. İstər ərazisinə, istərsə də əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsi Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. İyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Təşkilata üzv ölkələrin Zirvə görüşü öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Zirvə toplantısında iştirak edir. Qeyd edək ki, dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Heç şübhəsiz Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan-ŞƏT əməkdaşlıq əlaqələri bütün tərəflər üçün cəlbedicidir və böyük perspektivlər vəd edir: “Azərbaycan artıq uzun müddətdir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində məhsuldar əməkdaşlıq edir. O cümlədən “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın hər gün daha da möhkəmlənən beynəlxalq mövqeləri, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan siyasi və iqtisadi nailiyyətlər getdikcə daha çox ölkənin, hətta Çin kimi qlobal güc olan dövlətlərin belə ölkəmizə maraq və diqqətini artırır. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması da ölkələrimiz arasında əlaqələrin inkişafına çox önəmli bir töhfədir. Bəyannamədə qeyd olunan vacib məqamlardan biri budur ki, ölkələriniz strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Həmçinin Bəyannaməyə görə, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2024