Mobil versiya
Şuşa milli qürurumuzun və tarixi Zəfərimizin əbədi ünvanıdır
Tarix: 06-11-2026 | Saat: 12:13
Bölmə:Siyasət | çapa göndər

Şuşa milli qürurumuzun və tarixi Zəfərimizin əbədi ünvanıdır

8 Noyabr Şuşa şəhəri günü Azərbaycan xalqının yaddaşında təkcə qədim şəhərimizin işğaldan azad olunduğu əlamətdar tarix kimi deyil, həm də dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin və milli iradəmizin nümayişi kimi xüsusi yer tutur. Şuşanın azadlığa qovuşması xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı müqəddəs arzunun reallaşması, tarixi ədalətin öz yerini tapması və Azərbaycanın doğma torpaqları üzərində suverenliyini təmin etmək əzminin təcəssümü oldu. Bu tarixi qələbə ölkəmizin müasir inkişaf salnaməsində tamamilə yeni bir mərhələnin əsasını qoydu.

Şuşanın azadlığına aparan tarixi yolun əsasları hələ Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu ilə formalaşmışdı. Onun uzaqgörən siyasəti ölkəmizin gələcək tərəqqisinin, milli maraqların qorunmasının və qüdrətli dövlətin qurulmasının fundamental prinsiplərini müəyyən etdi. Bu siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı yüksəldi, Silahlı Qüvvələrin döyüş qabiliyyəti gücləndi və beynəlxalq müstəvidə mövqeləri daha da möhkəmləndi. Bütün bunlar qarşıya qoyulan tarixi məqsədə çatmaq üçün mühüm imkanlar yaratdı. Beləliklə, Şuşanın azad edilməsi gözlənilməz və təsadüfi hadisə deyil, uzunmüddətli hazırlığın, düşünülmüş dövlət siyasətinin və xalqın sarsılmaz iradəsinin qanunauyğun nəticəsi oldu.

Vətən müharibəsinin başlanğıcından etibarən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa azad edilmədən qələbənin bütöv sayıla bilməyəcəyinə dair mövqeyi qarşıya qoyulan hədəfin nə qədər mühüm olduğunu göstərirdi. Çünki Şuşa Azərbaycan üçün adi bir yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəklikdən daha böyük məna daşıyırdı. Bu şəhər xalqımızın tarixi yaddaşının, zəngin ədəbiyyatının, musiqi sənətinin və milli mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz buna görə Şuşanın azadlığa qovuşması həm hərbi əməliyyatların taleyini müəyyənləşdirən mühüm nailiyyət, həm də xalqımızın mənəvi bütövlüyünün yenidən təmin edilməsi idi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi hərb salnaməmizin ən yaddaqalan qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Şəhərin mürəkkəb coğrafi şəraiti, sıldırım qayalıqları və çətin keçilən yolları Azərbaycan əsgərinin qarşısında ciddi maneələr yaratsa da, hərbçilərimizin yüksək döyüş hazırlığı, peşəkarlığı və misilsiz cəsarəti düşmənin müdafiəsini yarmağa imkan verdi. Əsgər və zabitlərimizin göstərdiyi fədakarlıq Vətənə bağlılığın, qələbə əzminin və hərbi tapşırıqları yerinə yetirmək qətiyyətinin parlaq nümunəsi oldu. Şuşanın azadlığı ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin ən əhəmiyyətli hadisələrindən biri gerçəkləşdi.

Həmin gün cənab Prezident İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına ünvanladığı müraciət bu böyük qələbənin siyasi və mənəvi əhəmiyyətini ifadə edən tarixi nitq kimi yadda qaldı. Dövlət başçısının Şuşanın azad edilməsi xəbərini böyük qürur və fəxrlə bəyan etməsi xalqımızın uzun illər davam edən həsrətinin başa çatdığını təsdiqlədi. Müraciətdə səsləndirilən “dəmir yumruq” ifadəsi isə milli həmrəyliyin, dövlətin siyasi iradəsinin və Azərbaycan Ordusunun gücünün simvoluna çevrildi. Bu tarixi birlik bir daha göstərdi ki, ümumi məqsəd naminə birləşən xalq qarşısına çıxan ən çətin maneələri dəf etmək iqtidarındadır.

Şuşanın azad olunması ilə əsası qoyulan yeni tarixi mərhələ sonrakı proseslərdə də davam etdirildi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatçı qurumun fəaliyyətinə son qoyuldu və Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində təmin edildi. Baş verən hadisələr 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin yalnız hərbi nəticələrlə məhdudlaşmadığını, eyni zamanda, ölkəmizin dövlətçilik hədəflərinin tam həyata keçirilməsi üçün mühüm zəmin yaratdığını nümayiş etdirdi.

Hazırda Şuşa öz tarixinin yeni inkişaf və dirçəliş mərhələsini yaşayır. İşğal dövründə ciddi zərər görmüş tarixi-mədəni irsin bərpası, memarlıq nümunələrinin qorunması, şəhər infrastrukturunun yenidən qurulması və Şuşanın əvvəlki simasının özünə qaytarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun milli-mədəni həyatımızda tutduğu xüsusi mövqeyin dövlət səviyyəsində təsdiqi oldu. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, eləcə də şəhərin Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı statuslarını qazanması Şuşanın beynəlxalq miqyasda mədəni əhəmiyyətini daha da genişləndirdi.

Şuşada aparılan bərpa və yenidənqurma layihələrinin başlıca məqsədi şəhərin infrastrukturunu müasirləşdirməklə yanaşı, onun tarixi görkəmini, özünəməxsus memarlıq üslubunu və milli-mədəni ruhunu yaşatmaqdır. Zəfər Yolunun istifadəyə verilməsi, tarixi abidələrin və mədəniyyət müəssisələrinin bərpası, yeni yaşayış sahələrinin salınması, turizm imkanlarının genişləndirilməsi doğma şəhərimizin gələcək inkişafına hesablanmış kompleks tədbirlərin mühüm istiqamətləridir. Şuşanın 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planının təsdiqlənməsi isə şəhərin yenidən qurulması prosesinin uzunmüddətli strategiya və sistemli yanaşma əsasında həyata keçirildiyini göstərir.

8 Noyabr – Şuşa şəhəri günü hər birimizə bir daha xatırladır ki, tarixi yaddaşını qoruyan, milli birliyini təmin edən və dövlətinin gücünə arxalanan xalq ən mürəkkəb məqsədlərinə belə nail ola bilər. Şuşanın azadlığı Azərbaycan xalqının öz milli kimliyinə, tarixinə və mədəni irsinə sahib çıxmaq əzminin parlaq ifadəsidir. Bu gün qədim şəhərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri qazanılmış Zəfərin davamı olmaqla yanaşı, milli iradəmizin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Şuşa bu gün azadlığına qovuşmuş, yenidən qurulan və dirçələn şəhər kimi Azərbaycanın dövlətçilik gücünün, milli qürurunun və zəngin mədəni irsinin rəmzi olaraq tarixdəki əbədi yerini qoruyur.

Nigar Rasulzadə,
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı aparatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026