Mobil versiya
Kərim Rzayev: “Zəfər parkının açılması tarixi Qələbəmizin milli yaddaşda əbədiləşdirilməsinə xidmət edir”
Tarix: 06-11-2026 | Saat: 10:37
Bölmə:Siyasət | çapa göndər

Kərim Rzayev: “Zəfər parkının açılması tarixi Qələbəmizin milli yaddaşda əbədiləşdirilməsinə xidmət edir”

“Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası təkcə təqvimlə ölçülmür. Bu günlər xalqın yaddaşına milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsi kimi həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə bir tarixdir. Bu möhtəşəm Qələbə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Azərbaycanın öz gücünə, milli birliyinə və haqq yoluna sadiqliyinə əsaslanan inkişaf strategiyasının parlaq nəticəsi oldu. Uzun illər davam edən işğal xalqımıza ağır məhrumiyyətlər yaşatdı. Yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə qarşı vandalizm törədildi. İnsanların öz evlərinə qayıtmaq arzusu illərlə sülh danışıqlarının nəticəsini gözləsə də, beynəlxalq vasitəçilik mexanizmləri işğalın aradan qaldırılmasına nail olmadı. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin icrasız qalması problemin həllində beynəlxalq hüququn imkanlarından yetərincə istifadə edilmədiyini göstərirdi. Belə bir şəraitdə Azərbaycan öz məqsədindən dönmədi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi dövlət siyasətinin başlıca strateji hədəfi kimi qorunub saxlanıldı. Danışıqlar prosesində nümayiş etdirilən prinsipiallıq güclü ordu quruculuğu ilə tamamlandı. Dövlətimizin başçısının siyasətində aydın bir məntiq var idi: sülhə nail olmaq üçün ilk növbədə ölkənin müdafiə qüdrəti, siyasi iradəsi və iqtisadi müstəqilliyi təmin edilməlidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib.

Müahibimiz bildirib ki, Azərbaycan Ordusunun gücləndirilməsi ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsi idi: “Müasir silah və texnikanın alınması, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə sənayesinin yaradılması ölkəmizin hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Müxtəlif istiqamətlər üzrə əməkdaşlıq və yerli hərbi istehsalın inkişafı ordumuzun təchizat imkanlarını artırdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla sübut etdi ki, tarixi məqsədlərə çatmaq üçün yalnız arzu deyil, düşünülmüş strategiya, güclü iqtisadiyyat və davamlı hazırlıq da lazımdır. İqtisadi müstəqilliyimiz də Zəfərə aparan yolun mühüm dayaqlarından birinə çevrildi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi, tərəfdaşlarının sayını artırdı. Regional əməkdaşlıqda aparıcı rol oynayan Azərbaycan həm iqtisadi imkanlarını genişləndirdi, həm də öz milli maraqlarını daha inamla müdafiə etmək gücü qazandı. Bütün bunlar göstərdi ki, hərbi qüdrət, iqtisadi inkişaf və çevik diplomatiya vahid dövlət strategiyasının bir-birini tamamlayan istiqamətləridir.
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi xalqımızın onilliklər boyu gözlədiyi azadlıq mübarizəsini qəti nəticəyə çatdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz rəşadət nümayiş etdirdi. Şəhərlərimiz, kəndlərimiz, strateji yüksəkliklərimiz bir-birinin ardınca azad edildi. Əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı tarixin axarını dəyişdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ədalət bərpa olundu, xalqımızın pozulmuş hüquqları güc və iradə hesabına təmin edildi. Şuşanın azad edilməsi Zəfərin ən parlaq səhifələrindən biri oldu. Mədəniyyətimizin beşiyi olan bu qədim şəhərin düşmən işğalından qurtuluşu həm hərbi məharətin, həm də milli ruhun təntənəsi idi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması Azərbaycanın tarixi Qələbəsini möhkəmləndirdi. Qələbə yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya məkanında da qazanıldı. Prezident İlham Əliyevin xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdı, münaqişənin mahiyyətini faktlarla ortaya qoydu.”

Sonda Komitə sədri qeyd edib ki, əldə olunan tarixi Zəfərin arxasında xalqımızın sarsılmaz birliyi dayanırdı: “Müharibə zamanı cəmiyyətin bütün təbəqələri, müxtəlif siyasi baxışlara və etnik mənsubiyyətlərə malik vətəndaşlarımız vahid məqsəd ətrafında birləşdilər. Könüllülərin döyüşə qoşulmaq istəyi, ailələrin göstərdiyi mənəvi dəstək, xaricdə yaşayan azərbaycanlıların fəallığı milli həmrəyliyin gücünü nümayiş etdirdi. “Dəmir yumruq” ifadəsi məhz bu birliyin, qətiyyətin və milli iradənin rəmzinə çevrildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqla Ordunun birliyinə söykənən siyasəti Qələbənin mənəvi əsaslarını daha da möhkəmləndirdi. Zəfər isə azad edilmiş torpaqlarda yeni həyatın qurulması ilə öz davamını tapdı. Qarabağ və Şərqi Zəngəzurda yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa olunur. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, ailələr öz evlərində yeni həyata başlayırlar. Məşğulluq imkanlarının yaradılması, sosial xidmətlərin genişləndirilməsi və müasir infrastrukturun qurulması bu ərazilərin davamlı inkişafına zəmin yaradır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti sübut edir ki, Azərbaycanın məqsədi yalnız torpaqları azad etmək deyil, həmin torpaqlarda firavan və təhlükəsiz gələcək yaratmaqdır. Zəfər Gününün təsis edilməsi, orden və medalların yaradılması, Zəfər parkının açılması və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yaşadılması bu tarixi hadisənin milli yaddaşda əbədiləşdirilməsinə xidmət edir. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı da Qələbənin mənəvi məsuliyyətini ifadə edir. Çünki bu Zəfərin arxasında canını Vətənə fəda edən qəhrəmanların, sağlamlığını itirən igidlərin və illərlə azadlıq həsrəti ilə yaşayan insanların taleyi dayanır. 8 Noyabr Azərbaycan xalqının öz tarixinə sahib çıxmaq əzminin təntənəsidir. Bu gün biz yalnız qazanılmış Qələbəni deyil, həmin Qələbəni mümkün edən iradəni, birliyi və dövlətçilik düşüncəsini də qeyd edirik. Zəfər sübut etdi ki, milli məqsəd ətrafında birləşən, güclü dövlətə və peşəkar orduya malik xalq qarşısına qoyduğu tarixi vəzifələri yerinə yetirməyə qadirdir. Bu şanlı tarix gələcək nəsillər üçün qürur mənbəyi, müstəqil Azərbaycanın gücünün və əzminin əbədi rəmzi olaraq qalacaq” – deyə, Kərim Rzayev fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026