Mobil versiya
Üçrəngli bayraq: Suverenliyin, birliyin və Zəfərin simvolu
Tarix: 06-11-2026 | Saat: 11:47
Bölmə:Siyasət | çapa göndər

Üçrəngli bayraq: Suverenliyin, birliyin və Zəfərin simvolu

Hər il noyabr ayının 9-u ölkəmizdə xüsusi təntənə ilə qeyd olunur. Bu tarixin bayram kimi rəsmiləşməsi 2009-cu il noyabrın 17-də dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla baş tutub. Əmək Məcəlləsinin 105-ci maddəsinə görə həmin gün respublikada iş günü hesab edilmir, istirahət günü kimi tanınır.

Bu bayramın kökləri keçmişə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə gedib çıxır. 1918-ci ilin noyabrın 9-da Bakıda keçirilən hökumət yığıncağında üçrəngli bayraq təsdiq olundu. Həmin gün Nazirlər Şurasının binası üzərində ucaldılan bayraq 1920-ci ilin aprelinə qədər dövlət rəmzi statusunu qorudu.

Bayraqda əks olunan üç rəng XX əsrin əvvəllərində milli azadlıq ideologiyasının əsasını təşkil edən üç prinsipin ifadəsidir: türkçülük, müasirlik və islamçılıq. Bu ideyanın müəllifi kimi tanınmış mütəfəkkir Əli bəy Hüseynzadənin adı tarixə düşüb. Xalq Cümhuriyyətindən bizə miras qalan bu rəmz azadlıq düşüncəsinə, milli mənəvi dəyərlərə və bəşəri ideallara bağlılığımızı göstərir.

Üçrəngli bayrağın yenidən ucaldılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusidir. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında həmin bayraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi.

Sonradan Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Sovetinə müraciət edərək üçrəngli bayrağın bütün respublikanın rəsmi rəmzi kimi tanınmasını xahiş etdi. 1991-ci il fevralın 5-də bu məsələyə baxıldı və Ali Sovet “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək bayrağı yenidən dövlət bayrağı elan etdi.

1991-ci il oktyabrın 18-də qəbul olunan Müstəqillik haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və onun dövlət rəmzlərini, o cümlədən bayrağı bərpa etdi.

Konstitusiyanın 75-ci maddəsinə əsasən hər bir vətəndaş dövlət rəmzlərinə, bayrağa, gerbə və himnə hörmətlə yanaşmalıdır. Bu rəmzlərə hörmətsizlik qanunla müəyyən edilmiş məsuliyyət yaradır.
2004-cü il iyunun 8-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun bu sahədə hüquqi bazanı daha da təkmilləşdirdi. Həmin sənəddə bayrağa hörmət, onun qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirindən istifadə, rəsmi mərasimlərdə, matəm günlərində tətbiqi, başqa bayraqlarla birgə qaldırılması qaydaları müəyyən olunub.

Bu gün Dövlət bayrağı dövlət idarələrinin, diplomatik nümayəndəliklərin binaları üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, böyük ictimai-siyasi yığıncaqlarda, mədəni proqramlarda və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bayraq vətəndaşlarımızı vahid ideya ətrafında birləşdirən ən vacib amillərdəndir. O, millətin mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq qabiliyyətinin göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə separatçı qüvvələr tamamilə məğlub edildi, ölkəmizin suverenliyi bərpa olundu. Nəticədə şanlı üçrəngli bayrağımız Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər azad edilmiş ərazilərdə qürurla dalğalanır. 9 Noyabr Dövlət Bayrağı Günü artıq bütün tarixi torpaqlarımızda böyük fəxr hissi ilə qeyd edilir.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026