Mobil versiya
Müğənni Samirə Əfəndiyə açıq məktub -Şəmsi Qoca yazır
Tarix: 28-11-2025 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

Müğənni  Samirə Əfəndiyə açıq məktub

Hörmətli Samirə xanım Əfəndi,

Sizə "Qızım" deyə də müraciət edə bilərdim. Amma səmimi etiraf edim ki, o banan yeyərək qeyri-adi hərəkətlərlə rəqs səhnəsini və erməni müğənni ilə coşğun qucaqlaşma səhnəsini görəndən sonra bu fikirdən vaz keçdim. Çünki mənim qızım belə hərəkət etsəydi, tam səmimiyyətlə deyirəm ki, onu ölüncə dindirməzdim. Bütün bu ağır hisslərlə, sizin Astanada keçirilən müsabiqədə atdığınız addımlar və sonrakı ziddiyyətli açıqlamalarla bağlı narahatlığımızı bildirməyə məcburam.

Sizin "Tarixin bir günü" verilişindəki etirafınız göstərdi ki, 12 bal vermək şəxsi, subyektiv qərarınız olub. Siz bu subyektiv qərarınızı elan edərkən: "Adımın qarşısında "Azərbaycan" yazıldığına görə belə dedim" ifadəsi ilə faktiki olaraq, şəxsi qərarınızı Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi təqdim etdiniz ki, bu da səlahiyyət həddinizin aşılmasıdır.
İnsanları sizin neçə bal verməyiniz maraqlandırmır. Söhbət sizin erməni müğənnini cani-dildən qucaqlamağınızdan, bağrınıza basmağınızdan gedir. Sizin "peşman deyiləm" deməyiniz və bu hərəkətinizi musiqiçi ədaləti ilə əsaslandırmağınız, minlərlə şəhid vermiş xalqın tarixi ağrısı fonunda qəbul edilə bilməz. Üstəlik, erməni bloger Bella Karapetyanın sizi "şəhid qardaşlarını unutmaqda" təhqir etməsi, sizin səmimi jestinizin qarşı tərəfdə zəiflik kimi qəbul edildiyini sübut etdi.

Məhz burada məsələ daha da ağrıdıcı olur: Siz özünüz deyirsiniz ki, atanız hər iki Qarabağ müharibəsinin veteranıdır, qazisidir. Sizin qucaqlayıb bağrınıza basdığınız erməninin qardaşı, əmisi oğlu sizin atanıza yara vuran tərəfdir. Mən də bir neçə yaxınını şəhid vermiş vətəndaş kimi sizin bu hərəkətinizdən dərindən narazıyam. Lakin bu narazılığı sizə təhqirlə yox, yazılan bu məktubla bildirmək qərarına gəldim.
Lakin bütün bunlardan daha ağrıdıcı olan məqam, sizin məsuliyyətsizliyinizə haqq qazandırmaq üçün ölkənin ən yüksək siyasi fiqurunun adından sui-istifadə etməyiniz oldu. Atanızın sözlərini sitat gətirərək "sən Cənabın (Prezidentin) yolu ilə gedirsən" deməyiniz, tamamilə yanlış bir müqayisə idi. Prezidentin sülh siyasəti rəsmi protokol və kəskin diplomatik məsafə tələb edir. İnanmıram ki, atanız belə bir söz demiş olsun! Heç bir qazi belə bir mövqedə ola bilməz! Bu səbəbdən, Ölkə Başçısının adını öz mənasız hərəkətinizə qatmağa cəhd etməyiniz, yolverilməzdir.

Mən bir ağsaqqal kimi sizə səmimi tövsiyə edirəm:
Heç kimi məhkəmə ilə hədələməyin. Bu, gərginliyi artırmaqdan başqa heç nəyə yaramır.
Siz gəncsiniz. Hamı səhv edə bilər və yuxarıda qeyd etdiklərim sizin yol verdiyiniz ciddi səhvlər və yanlışlardır.
"Özü yıxılan ağlamaz" prinsipini əsas götürərək, ən yaxşı çıxış yolu, bu xalqdan, sizi sevənlərdən üzr istəməyinizdir. Həqiqi peşmançılıq hissi ilə deyilmiş üzr, sizi nüfuzdan salmaz, əksinə, alicənablıq göstərər. Təbii ki, bu xalq sizi bağışlayacaqdır.
Bir də məsləhət görürəm ki, bu barədə bir daha danışmasanız yaxşıdır. Çünki hər danışdıqca, vəziyyəti daha da korlayır, ziddiyyətləri dərinləşdirirsiniz.
Siz son qərarı özünüz verəcəksiniz. Ona görə də qərar verməzdən əvvəl yaxşı-yaxşı düşünün və bilin ki, sabah siz xalqdan ayrı heç nəyə nail ola bilməzsiniz. Xalqımızın tarixi yaddaşı və hörməti sizin coşğunuzdan daha önəmlidir.

Hörmətlə,
Şəmsi Qoca
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2025