Mobil versiya
Azad Kəlbəcərin dirçəliş mərhələsi
Tarix: 25-11-2025 | Saat: 10:35
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Azad Kəlbəcərin dirçəliş mərhələsi

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcaması
İdarə Heyətinin sədri

Kəlbəcər sadəcə bir coğrafi ad deyil, Türkün ulu yurdu, Azərbaycanın ürəyindəki zümrüd qaş, sıldırım qayaların əhatəsində, vulkanik yaylalarda əsrlərin izlərini yaşadan qədim bir diyardır. Toponimiyası belə Qafqazın qədim sakinləri olan Kol türk tayfasının varlığını (Kol-bi-içər, yəni Kol tayfasının içərliyi – əyaləti) günümüzə daşıyır. Bu torpaq, eyni zamanda, İstisu kimi dünyaca məşhur mineral suları, zəngin qızıl yataqları və misilsiz müalicəvi iqlimi ilə Azərbaycanın ən qiymətli xəzinəsidir.
Bu torpağın 30 min illik yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və çöp şəkilli qədim türk əlifbası nümunələri Azərbaycanın erkən dövr türklüyünün, atəşpərəstliyin, xristianlığın və İslamın beşiyi olduğunu təkzibolunmaz sübutlarla göstərir. Rayon 1930-cu ildə inzibati status almış və işğala qədər 3054 kvadrat kilometr ərazidə 53 478 nəfər əhaliyə ev sahibliyi edirdi. Lakin 1993-cü il aprelin 2-si... O dəhşətli işğal günü 511 dinc sakinin qanı töküldü, 3054 kvadrat kilometrlik bu cənnət parçası düşmən tapdağı altına düşdü. Rayon əhalisi respublikanın 56 rayonunda 770 yaşayış məntəqəsinə səpələnərək evlərindən didərgin salındı. Onlarla tarix-mədəniyyət abidəsi, 97 məktəb, 42 mədəniyyət evi, yüzlərlə abidə talan edildi, o cümlədən Qafqaz Albaniyasının ən böyük və qədim monastırlarından sayılan Xudavəng kompleksi təhqir olundu və mənimsənildi. Milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Kəlbəcər Vətən həsrətinin ən ağrılı yarasına çevrildi.
Kəlbəcərin işğalından sonra, beynəlxalq hüququn son ümidi – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi qəbul edildi. Qətnamədə bütün işğalçı qüvvələrin dərhal Kəlbəcərdən çıxarılması tələb olunurdu. Lakin Ermənistan riyakarcasına susan Qərb və Avropa dairələrindən aldığı ruhla bu qətnaməni 27 ildən artıq müddətdə kağız üzərində saxladı. Beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirmədi. Bu ədalətsizliyə son qoyulmasının tək yolu qaldı: Güc!
Məhz burada Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər boyu yürütdüyü iradəli siyasi və qətiyyətli hərbi strategiya öz bəhrəsini verdi. Ölkə başçısı beynəlxalq hüququn aliliyini bərpa etmək üçün xalqımızın böyük gücünü səfərbər etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində Azərbaycan Ordusu hərbi meydanda ədaləti bərpa etdi, Ermənistan ordusunu diz çökdürdü! Qələbəmiz nəticəsində imzalanan üçtərəfli bəyanatda Kəlbəcərin Azərbaycana təhvil verilməsi tarixi – 15 Noyabr 2020-ci il müəyyən edilmişdi. Cəbhə xəttinin ən çətin dağlıq hissəsini təşkil edən, Ermənistanla birbaşa sərhəddə yerləşən Kəlbəcərin qaytarılması Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün həlledici strateji əhəmiyyət daşıyırdı. Düşmən son çırpıntılarını yaşayarkən, vaxt qazanmaq üçün yalvarışla vaxt istədi. Cənab Prezident İlham Əliyev beynəlxalq müstəvidəki üstün hərbi-siyasi mövqeyindən çıxış edərək bu xahişi qəbul etdi. Bu, onun Liderlik böyüklüyünün və diplomatiya meydanında tam üstünlüyünün göstəricisi idi.
Beləliklə, Müzəffər Ali Baş Komandanın yürütdüyü uzaqgörən siyasət sayəsində 25 Noyabrda Kəlbəcər, bir güllə belə atılmadan, 1 şəhəri, 1 qəsəbəsi və 145 kəndi daxil olmaqla, 147 yaşayış məntəqəsi ilə birlikdə Azərbaycana təhvil verildi. Bununla da Azərbaycan BMT qətnaməsinin tələbini özü reallaşdırmış oldu. Bu, tək hərbi deyil, beynəlxalq hüququn icra olunması üzərində qurulmuş möhtəşəm siyasi qələbə idi! İşğalçı ermənilər öz vandalizmlərini sona qədər davam etdirsələr də, evlərdən qopardıqları "unitazları da kürəklərinə alıb" geri dönməyə məcbur oldular. Bu Zəfər sayəsində, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər uğrunda igidlik göstərmiş 9454 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi. Bu təltiflər millətin və Ali Baş Komandanın öz qəhrəmanlarına verdiyi dəyərin təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi kimi: “Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir... Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır.”


İndi həmin Kəlbəcər azaddır, torpağın əsl sahibləri qayıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Kəlbəcərdə tarixin ən böyük quruculuq layihələrinə start verilib. Kəlbəcər sadəcə bərpa olunmur, o, regionun yeni iqtisadi dayaq nöqtəsinə çevrilir. Rayonun qızıl, civə, xromit kimi zəngin yataqları, eləcə də İstisu mineral bulaqları ölkə iqtisadiyyatına ciddi töhfələr verməyə başlayır.
Xüsusilə:
- Regiona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu tuneli (Murovdağ silsiləsini dəlib keçən strateji layihə) və Kəlbəcər-Laçın yolu çəkilir.
- Köçürülmənin təmin edilməsi üçün Kəlbəcər şəhərinin Baş Planına əsasən müasir şəhərciyin, o cümlədən "Townhouse" tipli evlərin və çoxmənzilli binaların tikintisinin birinci mərhələsi uğurla başa çatdırılıb.
- Böyük su ehtiyatlarından istifadə edərək "Kəlbəcər-1", "Çıraq-1" kimi Kiçik Su Elektrik Stansiyaları yenidən qurulur və istismara verilir.
Kəlbəcər eko-turizm, heyvandarlıq və balneoloji turizm (məsələn, İstisu kurortunun dünya standartlarına uyğun bərpası) üçün nəhəng bir potensiala malikdir. Azərbaycan dövlətinin iradəsi və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Kəlbəcər Qarabağın ürəyindəki zümrüd qaş kimi, öz əvvəlki şöhrətini bərpa edərək Azərbaycanın dayanıqlı inkişafının parlaq simvoluna çevriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025