Mobil versiya
Könüllərdə yaşayan, ürəklərdə iz qoyan böyük alim və şəxsiyyət Həsən Mirzə
Tarix: 25-11-2025 | Saat: 13:01
Bölmə:Karusel / Manşet / Özəl / Təhsil / Qərbi Azərbaycan / Yazar4 | çapa göndər

Könüllərdə yaşayan, ürəklərdə iz qoyan böyük alim və şəxsiyyət Həsən Mirzə

Şəmsi Qoca,
Qərbi Azərbaycan İcması
Aparatının elmi işçisi


26 noyabr Azərbaycanın elm, siyasət və ədəbiyyat tarixində silinməz izlər buraxmış bir şəxsiyyətin, görkəmli dilçi alim, ictimai xadim və qəlbi Vətən dərdilə çırpınan şair Həsən Mirzəyevin (Həsən Mirzə) anım günüdür. Onun həyat yolu Dərələyəz mahalındakı Qovuşuq kəndində 1927-ci il noyabrın 26-da başlayan, elmə, millətə və əbədi yurda sevgi ilə dolu bir dastandır.
Həsən Mirzəyev Naxçıvan Dövlət Müəllimlər İnstitutunda (1948–1950) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1951–1955) ali təhsil alaraq, öz yurdsevərliyini ilk olaraq doğma kəndində orta məktəb müəllimi (1950), sonra isə məktəb direktoru (1957–1959) kimi əmək fəaliyyətinə çevirdi.
Həsən Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi üzrə aspiranturada oxuduqdan sonra ömrünün sonuna qədər bu elm ocağında çalışaraq, müəllim, dosent, professor, kafedra müdiri və dekan kimi vəzifələri şərəflə yerinə yetirdi. 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edərək, 1990-cı ildə professor elmi adını aldı. Həsən Mirzəyev təkcə Filologiya elmləri doktoru və professor kimi yox, həm də Türkologiyanın dərinliklərinə enən, dilçiliyin müxtəlif problemlərinə dair 200-dən çox elmi əsəri, 25 kitabı və 10-a yaxın dərs vəsaiti ilə milli elmə fundamental töhfələr verdi. Xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Böyük alim olmaqla yanaşı, H. Mirzəyev həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçildi. Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin sadiq davamçısı kimi dövlətçiliyimizin möhkəmləndirilməsindəki fədakarlığı 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni və 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı ilə qiymətləndirilmişdi. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Onu tanıyanlar deyir ki, Həsən Mirzənin şəxsi keyfiyyətləri onun bədii yaradıcılığının güzgüsü idi: sadə, təbii, kin saxlamayan, zarafatcıl, lakin haqsızlığa qarşı amansız. O, ürəyində Zəngəzurun, Göycənin, Təbrizin, Qarabağın dərdini daşıyırdı.



Lakin onun bütün bu fəaliyyətlərinin ruhu məhz mütəmadi olaraq məşğul olduğu bədii yaradıcılığı, "Həsən Mirzə" təxəllüsü ilə yazdığı dərdli şeirləri idi. Onun poeziyası Qərbi Azərbaycanın fəryadı idi. Dərələyəzin cənnətmisallı torpaqlarının itirilməsi onun üçün ən böyük faciə olaraq, Vətən dərdi poeziyasının ana xəttini təşkil edirdi. O, kədəri adi bir yük kimi yox, müqəddəs bir yaddaş kimi qiymətləndirirdi. Şairin ictimai dərdinin böyüklüyünü ifadə edən "Dərdimi" qoşmasından gətirilən nümunədə, yurdun itirilməsi fiziki çərçivəni aşaraq bəşəri, qlobal bir ağrıya çevrilir. O, bu dərdi yox etmək deyil, əksinə, onu yaşatmaq niyyətini poetik dildə belə ifadə edirdi:

Babamın o yerdə izi qalıbdır,
Nənəmin nəğməli sözü qalıbdır,
Türk-oğuz yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.


Həsən Mirzə poeziyasının dərd coğrafiyası sadəcə Qərbi Azərbaycanla məhdudlaşmırdı; bu dərd Borçalının, Dərbəndin, İrəvanın nisgili ilə qovuşaraq Təbrizə uzanırdı. Onun yaradıcılığı millətin eyni soydan, eyni dərddən və eyni toydan olduğunu təkcə coğrafi deyil, mənəvi sərhədlərlə tərif edərək, Böyük Azərbaycan ideyasını təbliğ edirdi:

O taylı, bu taylı boyların birdir,
Güneyli-Quzeyli soyların biridir,
Dərd-qəmin, ələmin, toyların biridir,
Qardaşıq, qardaşı unutma, Təbriz!
Həsən Mirzəni də unutma, Təbriz!


Həsən Mirzə bütün bunlarla yanaşı, daim nikbinliyə çağırırdı. O, poeziyasını bir professorun mühazirəsi kimi istifadə edərək, milləti öz tarixi yaddaşı ilə qovuşdurur, gənc nəsli milli şərəf və heysiyyət dərsi ilə böyüdürdü. Hətta "Dərələyəz" qoşmasında ürəyin coşqun həsrətini ifadə edərkən belə, axırda Allaha yalvarışla qurtuluş ümidini dilə gətirirdi:

Həsrətdən qamətim yaya dönübdü,
Həsəni bu dərddən qurtar, ay Allah!


Filologiya elmləri doktoru, professor, ADPU-nun prorektoru Mahirə Nağıqızı, Həsən Mirzənin yetirməsi, tədqiqatçısı, həm də doğması olaraq, ustadının irsinin əbədiliyinə özünün "Həsən Mirzə yaşayır" şeiri ilə poetik möhür vurur. Bu şeir, Həsən Mirzənin fiziki yoxluğunu inkar etmir, lakin onun əbədi qalan mənəvi varlığını, Azərbaycanın hər sözündə və hər yetirməsinin qəlbində yaşamasını bəyan edir.
Şairə əvvəlcə Həsən Mirzənin yüksək insani keyfiyyətlərini və xalq arasında qazandığı səmimi hörməti dilə gətirir:

El oğluydu, el adamı- dedilər,
Tək qoymayıb bir adamı- dedilər.
Ata, qardaş, əmi, dayı- dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır.


Bu misralar, Həsən Mirzənin ziyalılığı ilə yanaşı, həm də dərin insani keyfiyyətlərinin necə qiymətləndirildiyini göstərir. "Dağda, düzdə Həsən Mirzə yaşayır" isə onun ruhunun Vətənin bütün coğrafiyasına yayıldığını, onun Dərələyəz həsrətinin bütün Azərbaycanın mənəvi coğrafiyasında əbədiləşdiyini təsdiqləyir.
Mahirə Nağıqızı daha sonra ustadının elmi və bədii irsinin əbədiyaşarlıq zəmanəti olduğunu vurğulayır:

Bu illəri onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.


Bu misralar, Mahirə xanımın yetirməlik və qohumluq telləri ilə bağlı olduğu ustadına olan sarsılmaz inamın ifadəsidir. "Üzbəüzdə" və "Yüzə-yüzdə" ifadələri ilə onun elmi və mənəvi prinsiplərinin yetirmələrin fəaliyyətində tam, bütöv və qüsursuz şəkildə qorunub saxlanıldığına olan inamı bəyan edir.
Şeir alim və şair Həsən Mirzənin əbədi yaşamasının son və ən fundamental qarantını göstərir:

Gedib çıxıb haralara sədası,
Azərbaycan – ora, bura obası.
Cild-cild kitablarda yuvası,
Qalıb sözdə Həsən Mirzə yaşayır.


"Cild-cild kitablarda yuvası" onun Filologiya elminin inkişafına verdiyi fundamental töhfələri simvolizə edir. Lakin ustadın həqiqi evi, yuvası məhz Sözdür. Özü də dilçi alim olan Həsən Mirzə bütün ömrünü sözə həsr etdi, onu qorudu və məhz sözdə əbədiləşdi.
Həsən Mirzə bütün fəaliyyətləri ilə bir daha sübut etdi ki, yaxşı əməllər, qurub yaratdıqlar və Vətən dərdini yaşadan sənət əbədidir. O, 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etdi və Fəxri Xiyabanda dəfn edildi. Onun elmi, siyasi və insani xidmətləri Vətən dərdini yaşadan poeziyası ilə birləşərək, onu millətinin yaddaşında ölməz etdi. Bu gün Azərbaycanın torpaqlarını azad etməsi, onun sağlığında çəkdiyi ən böyük arzunun təntənəsi və onun nigaran ruhunun şad olması deməkdir.

Həsən Mirzə fiziki olaraq aramızdan ayrılsa da, onun elmi əsərləri, siyasi irsi və od-alovlu Vətən şeirləri ilə əbədiyyətə qovuşmuşdur! Onun xatirəsi, Dərələyəzə qayıdış günümüzün ilk şad xəbəri kimi, qəlblərimizdə daima yaşayacaqdır! Azərbaycan xalqı dərdinin şairini heç zaman unutmayacaq!




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025