Mobil versiya
Tamam Cəfərova: İtaliya Prezidentinin Azərbaycana səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi
Tarix: 02-10-2025 | Saat: 18:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tamam Cəfərova: İtaliya Prezidentinin Azərbaycana səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi

Sentyabr ayının 30-da İtaliya Prezidenti Sergio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud dostluq və strateji əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan–İtaliya münasibətləri artıq uzun illərdir ki, qarşılıqlı etimad, hörmət və strateji maraqlara əsaslanır. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Saziş və daha sonrakı illərdə qəbul edilən sənədlər bu münasibətlərin hüquqi bazasını formalaşdıraraq əməkdaşlığın çoxşaxəli inkişafına zəmin yaradıb. Prezident Mattarellanın səfəri isə həmin tərəfdaşlığın praktiki nəticələrini daha da gücləndirən addım kimi tarixə düşdü.

Enerji sektoru iki ölkə arasında münasibətlərin əsas dayaqlarından biridir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi Xəzər qazını İtaliyaya və Avropaya çatdırmaqla yanaşı, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda İtaliya Azərbaycanın təbii qazının əsas alıcılarından biri olmaqla yanaşı, ölkəmizin enerji sahəsində etibarlı tərəfdaşını təmsil edir. Bu əməkdaşlıq iqtisadi müstəvidən kənara çıxaraq siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu barədə cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.”

Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanın müxtəlif sahələrində - enerji layihələrində, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirakı iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdiyini sübut edir. Bu, yalnız Azərbaycan iqtisadiyyatının inkişafına deyil, həm də bölgədə innovativ yanaşmaların tətbiqinə şərait yaradır.

Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq, Azərbaycan və İtaliya arasında mövcud olan humanitar və təhsil sahəsində əməkdaşlığa diqqət çəkib. İki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlıq xüsusilə diqqət mərkəzindədir. Bakıda Azərbaycan–İtaliya Universitetinin açılışı bu əməkdaşlığın bariz nümunəsidir. Universitet gənc nəsillərin elmi, mədəni və akademik inteqrasiyasına təkan verəcək, eyni zamanda iki xalq arasında yaxınlaşmanı daha da gücləndirəcək. Cənab Prezidentin dediyi kimi “, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.”

İtaliya Prezidentinin Bakıya səfəri bir daha təsdiq etdi ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyində və qlobal əməkdaşlıq platformalarında isə nüfuzlu aktordur. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da strateji tərəfdaşlıq münasibətləri quran, etimad doğuran ölkə kimi tanınır.

Bu səfər Azərbaycan–İtaliya əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə, qarşılıqlı etimada və hərtərəfli əməkdaşlığa əsaslanan yeni layihələrin həyata keçiriləcəyinə dair aydın mesaj oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025