Mobil versiya
Həmişə yeri görünən Telman Adıgözəlov…-Fuad Biləsuvarlı yazır
Tarix: 16-07-2025 | Saat: 14:11
Bölmə:Özəl | çapa göndər



Həmişə yeri görünən Telman Adıgözəlov…-Fuad Biləsuvarlı yazır



Söhbət böyük tamaşaçı kütləsinin sevimlisinə çevrilmiş, səhnədə yaratdığı hər bir obrazla yaddaşlara hopmuş Xalq artisti Telman Adıgözəlovdan gedir. O Telman Adıgözəlovdan ki, rol aldığı tamaşalarda və filmlərdə sanki özünü yox, yaşamı oynayırdı. Hər replikasında, baxışında, gedişində səmimiyyət vardı — sanki “oynayırdı” yox, sadəcə “var idi”.

Telman müəllimin həyat yolu da elə özü kimi təbii, özü kimi təəccüblü idi. Maraqlı təsadüf deyilmi — o, böyük sərkərdə, “Dəhnamə”nin müəllifi Şah İsmayıl Xətayinin doğulduğu 17 iyul tarixində dünyaya gəlmişdi. Bu günü hər zaman qürurla anardı, bu faktı həyatına bir işarə, bir mənəvi bağlantı kimi qəbul edərdi.

1953-cü ildə, Azərbaycanın yaşıllıqlar içindəki səfalı guşəsi Balakənddə doğulan Telman Adıgözəlovun sənətə gedən yolu da elə bu torpaqdan başlayır. Əslində bu gəliş nə qədər təbii görünsə də, bir o qədər də zəruri idi. Onun bu böyük sənətə -- səhnəyə gəlişi təsadüf idimi?! Yox. Sənət qurban tələb edir. Ora elə - belə təsadüfi düşmək olmur. Çünki böyük sənət təsadüf tanımır — ora səhnəyə təsadüfi olaraq gələnlər dəniz sularına düşmüş yad cisim kimi, tezliklə dalğalar tərəfindən sahilə atılır.

Telman isə öz əli ilə qazdığı yolu gedirdi. Səhnə fədakarlıq, ürəkdə od, qəlbdə alışqanlıq tələb edir. Sanki o, səhnənin içində doğulmuşdu — məktəb illərindən bu cazibə ilə nəfəs alırdı, məktəb partasından baxanda da onun üzü səhnəyə tərəf olurdu. Və təsadüf deyildi ki, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunun teatr və kino aktyorluğu fakültəsinə qəbul olundu. Bu, artıq axtarış yox, tapıntı idi.


Bu sənət məbədində keçirdiyi illər Telmanın fitri istedadını cilaladı. O, ali təhsilini başa vuranda artıq aktyor adını qazanmışdı. Səhnə mühiti onu bənzərsiz tərzdə yetişdirir, istedadı ilə tamaşaçıların diqqətini çəkirdi. Teatr mütəxəssisləri, sənətsevərlər onu tezliklə Azərbaycanın ən çox seviləcək komik aktyorlarından biri kimi görürdülər.

Tale onu Akademik Milli Dram Teatrına gətirdi. Bu səhnə ona yalnız ifa imkanı yox, həm də tanınma, şöhrət və sənət taleyini formalaşdırmaq fürsəti verdi. Oynadığı rollar bir-bir yaddaşlarda həkk olunurdu — "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu... Bu obrazlar təkcə səhnəni deyil, tamaşaçının ürəyini də fəth etmişdi.

Onun üçün səhnə ilə ekran arasında heç bir sərhəd yox idi — harada çıxış edirdisə, nəfəsini, ürəyini, ruhunu oraya qatırdı. "Yaşıl eynəkli adam", "Ordan burdan", "Qonşular" kimi televiziya tamaşalarında da sanki birbaşa kamera üçün doğulmuşdu. Elə rollar var idi ki, lap bir-iki dəqiqəlik olsa da, o, həmin çərçivəyə öz möhürünü vurmağı bacarırdı. Tamaşaçılar onu görən kimi sevinirdi — çünki bilirdilər ki, Telman varsa, orada səmimiyyət var, dürüst oyun var.

Əslində, bu sevgi qarşılıqlı idi. Telman sənətini sevirdi. Və sənət də onu — minlərlə tamaşaçının sevgisi ilə, yaddaşlarda silinməyən rollarla.


Onun öz dəsti-xətti, öz danışıq üslubu vardı. Danışanda sanki söz onun dodaqlarından yox, içindən gəlirdi. Talış ləhcəsindəki səmimi, axıcı danışığı da fitri istedadının bir parçası idi — bu danışıq, bu ahəng aktyorun ruhundan doğan musiqiyə bənzəyirdi. Telman belə idi, belə aktyor idi — və tamaşaçılar onu həmişə belə də xatırlayacaqlar.

Onu yaxından tanıyan dostları deyirlər ki, həyatda çox kövrək, çox səmimi insan olub. Sədaqətli dost, mehriban ailə başçısı, gülərüz, istiqanlı bir adam... Ana haqqında mahnı eşidəndə gözləri dolarmış, hətta oturub uşaq kimi ağlayarmış. Bütün bu hisslər — insanın içində qıymadığı yerlərdən gələn o təmkinli ağrılar — onun sənətinə də hopmuşdu.

Ən yaxın dostlarından biri, Xalq artisti Hacı İsmayılov onu xatırlayanda belə deyir:

“Onunla tərəf müqabil olmağın ayrı bir ləzzəti vardı. Bir-birimizin nə demək istədiyini göydə tuturduq... Yatsaydım yuxuma da gəlməzdi ki, Telmanı çox erkən — 57 yaşında — itirəcəyəm.”

Bəzən tamaşadan sonra, məşqlərdən yorğun düşəndə səhnə arxasında susqunluq çökərdi. Amma Telman gələndə o səssizlik sanki otağı tərk edərdi — gülüş başlardı, söhbət canlanardı. Zarafatı sevərdi, nikbin idi, yorğunluğa yer qoymazdı.

Və bir istedadı da vardı: məclis aparıcılığı. Bu sənətə bəzən qeyri-ciddi baxanlar da bilməz ki, neçə qat məsuliyyət daşıyır. Telman isə bunu da özünəməxsus üslubla edərdi. Girdiyi hər məclisə, şənliyə rəng qatardı — onun səsi gələn kimi qonaqlar toparlanardı.

Üstəlik, görünüşünə qarşı da həssas idi. Həmişə şux geyinərdi, səliqəsinə, geyiminə xüsusi fikir verərdi. Oğlu Tural xatırlayır:
“Atam rəhmətə gedəndən sonra bir nəfər gəlmişdi. Əlində pul... Deyirdi ki, Telman müəllim gödəkçə sifariş vermişdi, bu da onun behi...”
Çox heyif...



Oğlu Tural danışır ki, atası bir neçə sərxoş obrazı oynamışdı. Ustalıqla da oynamışdı. Amma... dilinə içki dəyməmişdi. Bu rolları necə inandırıcı ifa etdiyinə heyrət etməmək olmur.

Telman müəllimin bir az da qeyri-adi, qəribə xasiyyətləri də vardı. Məsələn, həkimlərdən — xüsusən də diş həkimlərindən — çox qorxarmış. Elə bu səbəbdən ömrünün son illərini diş ağrıları ilə yaşayıb, heç müalicə etdirmədən. Amma içində bir arzu varmış: qızının diş həkimi olması. Deyirmiş ki, bəlkə bir gün qızım dişlərimi düzəldər...

O günü görmək ona qismət olmadı. Amma qızı atasının arzusuna sadiq qaldı. Diş həkimi oldu.

Və bir də, özü də deyirmiş: “Mən bu 57 rəqəmini heç sevmirəm...” Uşaqlıqdan bəri anlamadığı bir narahatlıq varmış içində — və qəribədir ki, həmin 57 yaşında da dünyadan köçdü.

Bu yaş — aktyor üçün kamillik dövrü, səhnədə ən parlaqlıq vaxtı idi. Təəssüf ki, xalqımız belə bir istedadı çox erkən itirdi. Onun yoxluğu təkcə teatr və televiziya üçün deyil, tamaşaçının ruhu üçün də boşluq yaratdı.

2006-cı ildən etibarən “Azərbaycanın Xalq artisti” fəxri adını daşıyırdı. Amma o adı öncə xalqın qəlbində qazanmışdı. Orden, diplom, fəxri ad sadəcə təsdiq idi...


Ürəyində sonsuz arzular vardı — övladlarına dair, sənətinə dair, yaşamaq eşqinə dair. O arzular ki, bir gün daha gözəl obrazlar yaratsın, övladlarının uğurunu görsün, tamaşaçı alqışlarını yenə hiss etsin... Amma çoxlarına vəfasız çıxan ürək, Telman Adıgözəlov kimi sevilən bir aktyora da vəfasızlıq etdi.

Və o gün — Telman Adıgözəlovun qəfil vəfatı səssizliyi ilə içimizi hayqıran bir gün idi. Cənazəsi Fatmayı qəbiristanlığına aparılarkən, yolboyu avtomobillər sükut içində dayanmışdı.
Yol polisləri nəqliyyatı saxlamağa məcbur qalmışdılar, çünki izdiham adamı nəfəs almağa qoymurdu. Bütün Bakı bir sənətkar üçün ağlayırdı o gün. Dönüb bu dünyaya son baxışında onun arxasınca minlərlə insan göz yaşlarını gizlədə bilmirdi. Bu, aktyorun qazandığı fəxri ad yox, xalqın verdiyi adla — “Telman bizim idi” — müşayiəti idi.

Bir aktyor getdi...
Bir dost, bir ata, bir sənət əmanətçisi. Səhnədə ayaq səsləri kimi qalan xatirəsi, sözlərində titrəyən təbəssümü, susanda belə danışan baxışları indi yalnız yaddaşımızdadır.

Onu unutmayanlar üçün isə o heç vaxt getməyəcək. Bəzən səhnəyə baxanda, bir tamaşada gülüş eşidəndə, bir obrazda səmimiyyət görünəndə deyəcəyik:
"Bunu bir zaman Telman oynayardı..."

O, həmişə yeri görünənlərdən idi. Yeri indi boşdur, amma adı ürəyimizdə qürurla yazılıb.





Müəllif: Fuad BİLƏSUVARLI,
AYB və AJB üzvü, Prezident mükafatçısı.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025