Mobil versiya
Azərbaycan və Macarıstan müstəqil siyasət həyata keçirən iki dost ölkədir - DEPUTAT
Tarix: 22-05-2025 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Macarıstan müstəqil siyasət həyata keçirən iki dost ölkədir

Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib. Prezident İlham Əliyevin Macarıstana səfərləri və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanıb. 2014-cü ildə Budapeştdə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyib.

Hazırda Azərbaycan ilə Macarıstan arasında ticarət və sərmayə əlaqələri genişlənməkdədir. Enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və tikinti sahələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Macarıstan şirkətləri Azərbaycanın bərpaolunan enerji və infrastruktur layihələrində iştirak edirlər.

Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

Deputat qeyd edib ki, iki ölkə arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələr Macarıstanda təhsil alır, eyni zamanda, Azərbaycan macar tələbələr üçün təhsil imkanları təqdim edir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da bu sahədə əlaqələrin gücləndirilməsinə xidmət edir.

Bundan başqa, Azərbaycanın Avropaya enerji resurslarının nəqli məsələsində oynadığı mühüm rol Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Macarıstan Azərbaycanın yaşıl enerji təşəbbüslərinə dəstək verir və bu sahədə əməkdaşlıq perspektivləri genişdir.

E.Akimova vurğulayıb ki, mayın 20-də Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Baş nazir Viktor Orbanla keçirdiyi yüksəksəviyyəli görüş bu münasibətin dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açıb: “Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bəyanatla çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində yeni mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi qeyd edib, Macarıstan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı sərmayə layihələrinin təşviqi, ticarət dövriyyəsinin artırılması və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Azərbaycan Prezidenti Macarıstanın ölkəmizin ərazi bütövlüyünə daim göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib və bu dəstəyin iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olduğunu vurğulayıb”.

Deputat Azərbaycan liderinin çıxışı zamanı, həmçinin iki ölkənin maraqları, mövqelərinin bir-birinə yaxın olması baxımından fikirlərinə diqqət çəkərək deyib: “Hər iki xalqın öz köklərinə bağlı olması, əhalisinin və ərazisinin yaxınlığı, açıq dənizlərə çıxışın olmaması və s. məqamlarda olan yaxınlığı qarşılıqlı anlaşma üçün də gözəl zəmin hesab edən dövlətimizin başçısı eyni çağırış və reallıqlarla üz-üzə qaldığımızı da xüsusi vurğuladı. Bu yaxınlıq hər şeydən əvvəl Macarıstanın da müstəqil siyasət aparan nadir ölkələrdən biri olmasına əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir”. İkinci Qarabağ müharibəsinin BMT-nin Nizamnaməsi əsasında aparıldığını, Ermənistanın 30 illik işğalına son qoyaraq haqq savaşımızda qalib olduğumuzu, Azərbaycan əsgərinin rəşadətini önə çəkən Prezident sülh müqaviləsinin şərtləri, məsələyə Ermənistan tərəfinin münasibətini də diqqətə çatdırdı: “Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.

Deputat Prezident İlham Əliyevin mətbuata bəyanatında energetika sahəsi ilə bağlı fikirlərinə də toxunub: “Azərbaycan Prezidenti iki ölkə arasındakı energetika sahəsində uğurlu əməkdaşlığa nəzər saldı. Bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlindən Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını bildirən ölkə rəhbəri nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdə olduğunu qeyd edib”.

Azərbaycan ilə Macarıstanın bütün digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərəcəyini vurğulayan deputat deyib: “Bunu imzalanan sazişlər, qurulan dostluq körpüləri, perspektiv planlar da sübut edir. Məlumdur ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri keçirilib. Bu il həmin ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi bu dövlətin öz tarixi köklərinə bağlılığının, qarşılıqlı münasibətlərə böyük önəm verməsinin və doğrudan da, müstəqil siyasət aparmasının bariz sübutudur”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025