Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan nəqliyyat və yaşıl enerji sahəsində Türk Dünyasının strateji liderinə çevrilir"
Tarix: 22-05-2025 | Saat: 11:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan nəqliyyat və yaşıl enerji sahəsində Türk Dünyasının strateji liderinə çevrilir"

Mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının və iqtisadi strateji liderliyinin daha bir nümayişinə çevrildi. Cənab Prezident İlham Əliyevin çıxışı həm siyasi, həm də texnoloji müstəvidə Türk Dünyasının inteqrasiyasına təkan verəcək ciddi mesajlarla yadda qaldı.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bu gün Orta Dəhlizin əsas dayağı Azərbaycanın nəqliyyat strategiyasıdır. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat və logistika sektoruna yönəlik uzunmüddətli və sistemli siyasətini ətraflı şəkildə təqdim etdi. Azərbaycan bu gün açıq dənizə çıxışı olmayan ölkə olsa da, Avrasiya məkanında mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Dövlət başçısı bildirdi ki, “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.” Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin daşıma qabiliyyətinin Azərbaycanın daxili maliyyə resursları hesabına 5 milyon tona çatdırılması ölkənin həm texniki, həm də siyasi baxımdan tranzit funksiyasını möhkəmləndirdiyini sübut edir. Cənab Prezidentin qeyd etdiyi kimi: “Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.” Beynəlxalq ekspertlər də Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndirirlər. Məsələn, Beynəlxalq Nəqliyyat Forumu (ITF) 2024-cü il hesabatında Azərbaycanın Orta Dəhlizdə “strukturlaşdırılmış və liderlik edən ölkə” kimi qeyd olunduğunu bildirmişdir. Xəzər regionunda rəqəmsal transformasiya isə əslində logistikanın gələcəyi göstərir. Cənab Prezident İlham Əliyev çıxışında Orta Dəhlizin rəqəmsallaşdırılması təşəbbüsünü xüsusi vurğuladı: “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.” Bu təşəbbüs dünya miqyasında qəbul olunan “smart-logistika” modelinin regional səviyyədə tətbiqi baxımından mühüm addımdır. Beynəlxalq ekspertlər, xüsusilə Dünya Bankı rəsmiləri bu təşəbbüsü “regional nəqliyyat səmərəliliyinin artırılması üçün nümunəvi model” adlandırıblar. Bununla yanaşı, Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan, region ölkələri üçün tranzit xidmətləri göstərir və Bakı gəmiqayırma zavodunda inşa olunan yeni gəmilər bu infrastrukturun davamlılığını təmin edir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın COP29-a ev sahibliyinin təsadüfi olmadığını və bunun ölkənin beynəlxalq nüfuzunun göstəricisi olduğunu xüsusi qeyd etdi: “COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.” COP29 çərçivəsində əldə edilən əsas nailiyyətlərdən biri karbon bazarları üzrə 10 il ərzində əldə edilməyən konsensusun əldə olunması və yeni maliyyə hədəfinin müəyyənləşdirilməsi idi: “Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) bu hədəfi “çoxtərəfli iqlim diplomatiyasında dönüş nöqtəsi” kimi qiymətləndirmişdir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişi isə gələcək üçün fundamental əhəmiyyət kəsb edir: “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Bu razılaşma faktiki olaraq Türk Dövlətləri Təşkilatı daxilində “yaşıl enerji dəhlizi”nin formalaşdırılmasına zəmin yaradır. Bütün bunlar Azərbaycanın strateji konturlarının güclənməsi deməkdir. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regional sabitlik və inkişafın təşəbbüskarı deyil, həm də Türk dünyasında uzunmüddətli iqtisadi və texnoloji inteqrasiyanın aparıcı qüvvəsidir. Bu liderlik, həm enerji keçidi, həm də iqlim dəyişiklikləri kontekstində Azərbaycanı qlobal oyunçular sırasına yüksəltmişdir. Azərbaycanın qlobal miqyasda artan təsiri, türk dövlətləri ilə strateji inteqrasiyası və Orta Dəhlizdəki mövqeyi onun qarşıdakı illərdə regional və beynəlxalq münasibətlərdə daha güclü mövqe qazanacağının bariz göstəricisidir. Budapeştdəki Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışı geosiyasi və iqtisadi mesajlarla zəngin idi-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025