Mobil versiya
Xatirələrdə yaşamaq haqqı - Bayram Məmmədov yazır
Tarix: 29-04-2025 | Saat: 22:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xatirələrdə yaşamaq haqqı

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Ömürdən illər keçir, illər köçür. Yadda qalanı da olur, unudulanı da...

Zəngilanda yaşadıqlarım da ömürdü, Zəngilandan uzaqlarda Zəngilansız olmayan illərim də. Hər dəfə bu illəri düşüncələrinin işığında ömürləşdirənlərlə söhbətləşəndə bir gerçəkliyi mən də sabahlarımın mənəvi yolgöstərəni bilmişəm: Dürüst yaşa, mərhəmətli ol, insanları, insanlığı sev, unutma ki, el-obaya sevgin Vətənə sevgindi. Sən həm də bu sevgi ilə tanınacaqsan, seviləcəksən. Yeniyetməliyimdə də, gəncliyimdə də belə yaşayanlarla söhbətləşməyi zamandan ömrümə qazanc bilmişəm.

Həmsöhbətlərim ünlü zəngilanlılardan söz düşəndə Ziyad və Atlıxan qardaşlarından da danışardılar. Həm də böyük ehtiramlarla deyərdilər ki, əkiz idilər. Təkcə bioloji baxımdan deyil, həm də xasiyyət baxımından, təfəkkür baxımından, düşüncə baxımından, Zəngilana sevgi baxımından, bir də dünyaduyumu baxımından...

Ziyad İsgəndər oğlu 1911-ci ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. Zəngilan kənd məktəbində təhsil alıb. Kənd təsərrüfatına sevgisi olub. Bu sevgi hardan yaranmışdı? - torpağa sevgidən, ağsaqqalların torpaqla ömür həmdəmliyi səviyyəsində ünsiyyətini görürdü, düşünürdü, duyduqları marağa çevrilirdi. Özümü qət etmişdi, məsləhətmi görmüşdülər, 1927-ci ildə Zaqatalada kənd təsərrüfatı texnikumuna daxil oldu. 1931-ci ildə texnikumu bitirdikdən sonra Zəngilan rayon torpaq şöbəsində aqronom işləyib. Müəllimlərinin bir məsləhəti onun da maraq dünyasının işığına dönübmüş: kamil mütəxəssis olmaq üçün ali təhsil mütləqdir. Bu məsləhət onun ömür yolunu istiqamətləndirib; Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra 1935-ci ildə Azərbaycan SSR Torpaq Komissarlığının məsləhəti ilə Maştağa rayon torpaq şöbəsinin müdiri təyin olunub.

Yaradıcılıq insanda fitrətən olur. SÖZlə ünsiyyət, SÖZə sayğı, düşüncələri SÖZlə ifadə etmə bacarığı hər adama nəsib olmur. Ziyad İsgəndər oğlu belə bir istedada malik imiş. Onu 1936-cı ildə Azərbaycan KP Maştağa rayon komitəsinin qərarı ilə "Abşeron kolxozçusu" qəzetinin baş redaktoru vəzifəsinə təyin etdilər. Kənd təsərrüfatı mütəxəssisi hara, qəzet hara?" - deyən oldumu, olmadımı, bilinmədi, bilinən bu oldu ki, təyinat özünü doğrultdu, qəzet oxucularla daha səmimi "kəlmələşməyə" başlamışdı. Belə təyinatlar o dövrün kadr hazırlığı mərhələsi imiş.

1938-ci ildə Maştağa MTS-də aqronom işləyən, 1939-1942-ci illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun aspiranturasında oxuyan Ziyad Məmmədov 1942-ci ildə Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilib. O illərdə sovet ideologiyası xarici dövlətlərlə həmsərhəd rayonlarda gerçək inkişafdan daha çox görünən inkişafa daha çox diqqət yetirirdi və rayon rəhbərliyini də fəaliyyəti, əsasən, bu istiqamətdə qurmağı tələb edirdi. İranla sərhəd olan Zəngilanda da beləydi. Ziyad Məmmədov bu tələblə kifayətlənmirdi, rayonda sosial inkişafın şəbəkələrinin gerçək inkişafının cəfakeşiydi. Əksər hallarda öz təşəbbüsü ilə...

"Əməkdə fərqlənməyə görə", "Qafqazın müdafiəsinə görə" medalları ilə təltif olunmuşdu. 1947-ci ildə rayonda bütün sahələr üzrə, bu sıradan pambıqçılıqda plan və tapşırıqlar artıqlaması ilə yerinə yetrilmişdi. Rayonun tarixində indiyəcən olmayan nailiyyət əldə edilmişdi. Moskva bunu yüksək dəyərləndirdi. 1948-ci il martın 10-da SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə digər 13 nəfərlə birlikdə Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Ziyad Məmmədov da Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu təltif onun gerçək niyyətinin bir qədər ləngidilməsində vəsilə oldu. 1953-cü ilə kimi burda işlədi...

Ziyad müəllimlə bağlı xatirələr, deyilənlər, xatırlananlar həm tarixdir, həm də bir insana ehtiramdır.

O vaxtların rayon rəhbərliyinin dəbdəbəli kabinetləri, iş şəraitləri, rahat xidməti və şəxsi maşınları olmayıb. Rayon rəhbərlərinin istifadəsində Amerika istehsalı olan minik maşını, bir də minik atları olarmış. Belə bir şəraitdə Ziyad Məmmədovun əsl təşkilatçılıq, rəhbərlik və işgüzarlıq məharəti özünü göstərdiyi illər sonra da ehtiramla xatırlanır.

50-ci illərin əvvəlləri haqqında bu xatırlamalar nə yaxşı yaddaşlardan tarixə, tarixdən yaddaşlara köçür. Bu da vətəndaşlıq missiyasıdı. Zəngilandan Mincivan qəsəbəsinə 11 kilometrlik yol çəkilirmiş. Bu yol həm də dağlıq yerlərdən keçdiyi üçün onu genişləndirmək çox çətin imiş. Rayon rəhbərliyi bu yolun dəmir yolunun kənarının keçilməzliyini aradan qaldırmaqla çəkilməsini qərara alır. Yol iməciliklə çəkilirmiş. Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Ziyad Məmmədov işin əsas təşkilatçılarından biri kimi müntəzəm olaraq bütün iş sahəsi boyu kollektivlərə baş çəkirmiş, hal-əhval tuturmuş, işləyənlərə özü də kömək edərmiş.


Pirçivan kəndinə "Çeşmə gözü"ndən su çəkilməsi də o illərin tarixidir. Ziyad müəllim bu tarixin də yaxın iştirakçısı olub, su çəkilişi Ziyad Məmmədovun təşkilatçılıq qabliyyətinin açılmasını aydın şəkildə göstərmişdi.

Yaxşılıq da imandandır, yaxşılığı yaşatmaq da. Yaxşılığı unutmamaq insanın daxili zənginliyidir. Unutmursan, mənən rahat olursan, sənə elə gəlir ki, ruhun bundan rahatlıq tapır. Min illərdi belə yaşanılıb, indi də belə yaşanılır. Ziyad Məmmədov xeyirxah insan olub, heç kimdən köməyini əsirgəməyib. Qanunsuzluğa yol vermədən könüllər alıb, indi könüllərdə yaşayır. Soltan Vəliyev əməkdar həkim olub, 35 il Zəngilan səhiyyəsinə rəhbərlik edib. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra özü həkim işləmək istəsə də, Zəngilana səhiyyə şöbəsinin müdiri göndəriblər. Çəkinə-çəkinə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Ziyad Məmmədovun qəbuluna gedib. Göndərişi göstərib, ancaq cərrah olmaq istədiyini bildirib. Ziyad müəllim xeyli fikirləşəndən sonra məktubu Soltanın özünə qaytarıb, deyib ki, bu məktubu nə sən mənə göstərmisən, nə mən səni görmüşəm. Sən əvvəlcə cərrah işlə, sonra baxarıq. Bu cavab Soltan Vəliyevin taleyini arzuladığı səmtə yönəldib...

Ali təhsil almışdı. Yüksək vəzifədə işləyirdi. Ancaq ruhunun yaradıcılıq işığı onu tədqiqatlara çəkirdi. Elmi məqalələr oxuyurdu, düşüncələrini oxuduqlarının fonunda sistemləşdirirdi. Hərdən düşüncələrinə sarılan işıq oxuduqlarının işığı ilə qoşalaşırdı. Onda ruhən Bakıya, böyük laboratoriyalara meyillənirdi...

Bakıya gəldi. Niyyətinin şəhərinə, arzularını gerçəkləşdirməyə, elmi düşüncələrinin işığını ümumiləşdirməyə. Həm də 43 yaşında! Yaş həddi istedadın açdığı cığırda yel əsdirə bilməz. Ziyad İsgəndər oğlu niyyətini gerçəkləşdirməyə zamanın yaş sərhədini aşaraq gedirdi. Bitkilərdə fotosintez proseslərini öyrənəcəkdi. Ziyad müəllim biologiya elminin maraqlı və faydalı sahəsi olan bitki fiziologiyası sahəsini, bitkilərdə gedən fotosintez prosesinin bitkilərin məhsuldarlığı ilə əlaqəsini geniş öyrənirdi. Onun elmi işləri 40-dan çox elmi əsərdə, bir neçə kitabçada və 1991-ci ildə çap etdirdiyi 317 səhifəlik "Kənd təsərrüfatı bitkilərinin qidalanması və məhsuldarlığı" kitabında öz əksini tapmışdır.

Ziyad Məmmədov biologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. 1962-ci ildə ona baş elmi işçi adı verilmişdi. 1967-ci ildən elmi fəaliyyətini Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda davam etdirirdi.

Müxtəlif buğda növ və hubridlərində fotosintez göstəricilərini öyrənən biologiya elmləri namizədi Ziyad Məmmədovun tədqiqatları sayəsində yüksək fotosintez potensialına malik buğda növləri müəyyənləşdirilmişdi və seleksiyaçılar onun da tövsiyələrindən bəhrələnəcəkdi.

Ziyad Məmmədov həyatının ixtiyar çağında "Qidalanma fizioloji və kənd təsərrüfatı məhsulunun idarə edilməsi amili kimi" mövzusunda doktorluq dissertasiyasını tamamlasa da, səhhətində yaranan problemlərlə bağlı müdafiə edə bilməmişdi.

Akademik Cəlal Əliyev yazırdı ki, "Ziyad müəllimlə işlədiyim dövrdə mən onun işə necə böyük məsuliyyətlə yanaşdığını, istər labortoriyada, istərsə də çol şəraitində cəsarətlə işlədiyini görürdüm".

Akademik Teymur Bünyadovun dediklərini insanı xarakterizə etmək üçün gərəkli olan bir məqamın ifadəsi bildim: "...Mən tez-tez elmi axtarışımla əlaqədar böyük insan, böyük alim, xalqsevər akademik İmam Mustafayevin yanına gedəndə Ziyad müəllimlə görüşərdim. Aman Allah! Ziyad müəllim necə utancaq, abırlı, həyalıydı".

Tanrının sevərək yaratdığı insanlardan biri olan elm fədaisi Ziyad müəllim heç bir şeydən qorxmayan, hər vaxt öz sözünü deyən bir adam idi. Mülayim təbiətli, xoşxasiyyət Ziyad müəllimdə bütün insani keyfiyyətlər toplanmışdı, bu mehriban çöhrəli insanla ünsiyyətdə olmaq çox xoş idi...

Ata övlad üçün qürur ünvanıdır. Bu qürur el-obanın da qürurudursa, daha möhtəşəm, daha əzəmətli, daha yaşarı qürur olur. Ataya sevgi ictimaiyyətin səmimi ehtiramı ilə tamamlananda zamanın da, ruhun da fövqündə dayanır. Zəngilanlıların və AMEA-nın əməkdaşlarının böyük ehtiramla xatırladığı vətənpərvər bir ziyalının oğulunun atası haqqında dediklərini milli mentalitetimizin zərrəsi bilmək günah olmazdı. Mərhum oğlu tibb elmləri namizədi Namiq Məmmədov deyirdi ki, "Çox yerdə bizi ona görə tanıyırlar. "Ziyadın övladıdır" - deyirlər. Bundan şərəfli an, bundan şərəfli hiss ola bilərmi? Xalqın sevimlisi olmaq hər kəsə qismət olmur. Atam öz gözəl qəlbi ilə camaat arasında sevilirdi. Biz də onun adının həmişə şərəflə çəkilməsi üçün çalışmışıq..."

Ziyad müəllimin qızı, fizika-riyaziyyat elmlər doktoru, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova atasını xatırlayanda həmişə ömrünün dünənlərini xatırlayır. O dünənlər tarix kimi xatırlanır, tarixdən ömürə düşən işıq kimi xaırlanır: "...Mən həyatda nə qazanmışamsa, - bunlar isə az deyil, - atama borcluyam. O həmişə mənə: "Oxu!" deyər, qiymətlərimlə maraqlanar, dərslərimə kömək edərdi. İndiki BDU-nu bitirəndən sonra aspiranturaya daxil oldum. Mən Moskvaya da onun məsləhəti ilə getdim..." Bu kəlmələrə xatirə biçimində mənəvi etiraf, mənəvi etiraf biçimində xatirə deyərdim.

Adilə xanım atasını atasızlıq ağrılarıyla anır, xatirələri bu ağrıları üstələyirmi, bu ağrılar xatirələrini sıxırmı, nə özü bilər, nə də bu xatirələri tarix kimi dinləyənlər: "...O, mənim həyat idealım idi. Atam həm də mənim dünyam idi..." Elə gözəl günlərdən uzaqlaşmağın övladı kövrəltməsi də böyük sevginin təzahürüdü. Məktəb yaşlı övladı ilə bu səviyyədə dost olmaq ata ürəyinin böyüklüyünün ifadəsidir. Bu fikirlər mənə Xalq yazıçısı İsa Muğannanın bir fikrini xartırlatdı: Ona irad tuturlar ki, niyə atandan çox yazırsan. Qüdrətli yazıçı qətiyyətlə deyir: Çünki atamı hamıdan yaxşı tanıyıram. Övladın atasını yaxşı tanıması da mənəvi zənginlikdir, onun haqqında çəkinmədən gerçəkləri səmimiyyətlə danışmaq da...

Ziyad İsgəndər oğlu Məmmədov vətənpərvər ziyalı idi. 1995-ci il sentyabrın 25-də dünyadan köçdükdən sonra da xoş xatirələrlə, ehtiramlarla anılır. Ananların hamısı onu gözəl insan, qayğıkeş insan, insanpərvər insan, dostluğa sədaqətli insan, ... kimi epitetlərlə xatırlayır. Dilimizdə "gözəl insan" söz birləşməsi böyük ehtiramı ifadə edir. Bu ifadə qayğıkeşliyi də, humanizmi də, xeyirxahlığı da, sədaqəti də, özündə birləşdirən ifadədir. Mən bu ehtiramı Ziyad İsgəndər oğlu Məmmədova da şamil edirəm, həm də böyük qürurla, Zəngilanı sevmiş bir insana Zəngilanı sevən bir insan kimi...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2025