Mobil versiya  Şənbə, 12 aprel 2025, 00:19:59  
AZƏRBAYCANIN ENERJİ DİPLOMATİYASI: CƏNUB QAZ DƏHLİZİ VƏ YAŞIL GƏLƏCƏYƏ DOĞRU STRATEJİ YOL
Tarix: 07-04-2025 | Saat: 14:47
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCANIN ENERJİ DİPLOMATİYASI: CƏNUB QAZ DƏHLİZİ VƏ YAŞIL GƏLƏCƏYƏ DOĞRU STRATEJİ YOL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, habelə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji sahəsində mühüm beynəlxalq dialoqun təcəssümünə çevrildi. Enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və qlobal əməkdaşlıq bu tədbirin əsas müzakirə mövzularını təşkil etdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi artıq 11-ci dəfədir ki, Bakıda müzakirə olunur və bu, Azərbaycanın enerji siyasətində ardıcıl və strateji baxışının göstəricisidir. Bu təşəbbüsün başlanğıcı Azərbaycan tərəfindən qoyulsa da, Avropa Komissiyasının dəstəyi və regional tərəfdaşların iştirakı ilə bu layihə beynəlxalq əməkdaşlıq platformasına çevrilib.
Əməkdaşlıq olmadan bu cür irimiqyaslı enerji təhlükəsizliyi layihələrinin reallaşmasının mümkün olmadığını vurğulayan Prezident İlham Əliyev, layihədə iştirak edən ölkələrin, şirkətlərin və maliyyə institutlarının ortaq məqsəd uğrunda birləşdiyini bildirdi. Bu isə layihənin sadəcə iqtisadi deyil, eyni zamanda siyasi və strateji mahiyyətə malik olduğunu göstərir.
Prezidentin çıxışında vurğuladığı mühüm məqam ondan ibarət idi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi sahə deyil, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə hazırkı geosiyasi dəyişikliklər fonunda enerji resurslarına çıxış və onların dayanıqlı təchizatı dövlətlərin əsas prioritetlərindən biridir.
Azərbaycan bu sahədə həm istehsalçı, həm də tranzit ölkə kimi çıxış edir. Neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı baxımından ölkəmiz regional enerji qovşağı rolunu oynayır.
Avropa Komissiyasının təmsilçilərinin də qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycan təbii qazını 12 ölkəyə ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Bu isə tədarük coğrafiyasının sürətlə genişləndiyini göstərir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qaz ixracı coğrafiyası interkonnektorlar və yeni infrastruktur vasitəsilə daha da genişlənəcək. Azərbaycan artıq bəzi Avropa ölkələrinin qazpaylama infrastrukturunun yaradılmasında və genişləndirilməsində investor kimi iştirak edir.
Çıxışda beynəlxalq maliyyə institutlarının yeni geosiyasi reallıqları nəzərə alaraq, enerji layihələrinə, xüsusilə də faydalı qazıntılar sahəsinə investisiya siyasətinə yenidən baxmasının vacibliyi vurğulandı. Çünki hasilat və nəql layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir və bu proses yalnız sabit və uzunmüddətli maliyyə təminatı ilə mümkündür.
Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. AÇG, “Şahdəniz”, “Abşeron” kimi layihələr korporativ maliyyələşmə və beynəlxalq əməkdaşlıqla həyata keçirilmişdir. Prezident İlham Əliyev bildirdi ki, yaxın illərdə digər yataqların da istismarına başlanılacaq və bu, Azərbaycanın enerji bazarında mövqeyini daha da möhkəmləndirəcək.
Yaşıl enerji məsələsi tədbirin digər əsas mövzusu idi. Prezident Əliyev vurğuladı ki, Avropanın yaşıl gündəliyi fonunda faydalı qazıntılar hasil edən ölkələr ayrı-seçkiliyə məruz qalmamalıdır. Əksinə, həm karbohidrogen, həm də bərpaolunan enerji sahələrinə sərmayə yatıran ölkələr təşviq edilməlidir.
Azərbaycanın yaşıl enerji üzrə ambisiyaları olduqca genişdir. 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi, habelə 500 meqavatlıq hidroenerji potensialı yaradılacaq. Beləliklə, ölkənin ümumi enerji gücü 8 giqavatı keçəcək və daxildə qaz sərfiyyatına qənaət edilərək daha çox qaz ixrac ediləcək.
Yaşıl Enerji Məşvərət Şurasının iclasında müzakirə olunan önəmli məsələlərdən biri də Azərbaycandan Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsi idi. Bu layihə texniki əsaslandırma mərhələsindədir və yaxın vaxtlarda maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Bu kabelin çəkilməsi, Azərbaycanın yaşıl enerjisini birbaşa Avropa bazarına çıxarmaq baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndələri iştirak etdi. İclas açılış sessiyasından sonra nazirlər sessiyası və iki əsas plenar sessiya – “Cənub Qaz Dəhlizi: Uğurlu İstismar və Gələcək Planlar” və “Yaşıl Enerji Layihələri və Dəhlizləri” ilə davam etdi.
Həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan-Avropa İttifaqı arasında dənizdə külək enerjisi üzrə dəyirmi masa keçirildi.
Ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş olaraq enerji sahəsindəki lider mövqeyini möhkəmləndirməyə davam edir. Bakıda keçirilən bu mühüm toplantı, qlobal enerji gündəminə töhfə verməklə yanaşı, Azərbaycanın bu prosesdə aparıcı rol oynadığını bir daha təsdiqlədi.

Bakı Qızlar Universiteti tələbəsi Şəhla Zeynalova
Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025