Mobil versiya
Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.
Tarix: 07-04-2025 | Saat: 14:45
Bölmə:Özəl | çapa göndər

Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platformalardan biridir. Hər il Azərbaycan Respublikasının təşəbbüsü ilə təşkil olunan bu yüksək səviyyəli tədbir, enerji sahəsində əməkdaşlığı möhkəmləndirmək və enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 2025-ci il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası baş tutmuşdur. Bu mühüm toplantıya Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdır. Tədbirdə iştirak edən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr enerji diplomatiyasının inkişafı üçün önəmli müzakirələr aparmışlar. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin iştirakı ilə keçirilən birgə mətbuat konfransı da bu əməkdaşlığın səmərəliliyini əks etdirmişdir. Toplantıda Cənub Qaz Dəhlizinin regionun enerji xəritəsindəki rolu bir daha vurğulanmış, onun Azərbaycan qazını etibarlı və rəqabətqabiliyyətli şəkildə alıcılara çatdıran ötürücü sistem kimi əhəmiyyəti ön plana çıxarılmışdır. Bildirilmişdir ki, dəhliz artıq dörd ildir ki, Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. 2024-cü ildə Azərbaycan, o cümlədən SOCAR şirkəti tərəfindən 25 milyard kubmetrdən çox təbii qaz ixrac edilmiş, bunun 13 milyard kubmetrdən çoxu Avropa İttifaqına yönəldilmişdir. Bu göstərici 2021-ci illə müqayisədə 57%-lik artımı əks etdirir. İclas çərçivəsində həmçinin qaz hasilatı və ötürülməsi infrastrukturunda müşahidə olunan inkişaf, gələcək təchizatın artırılması üçün investisiya və maliyyələşdirmə imkanları müzakirə olunmuşdur. Ekoloji məsələlərə də diqqət yetirilmiş, metan emissiyalarının azaldılmasına yönəlmiş Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi təşəbbüslərin əhəmiyyəti qeyd edilmişdir. Beləliklə, 11-ci Məşvərət Şurası iclası həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət sahəsində strateji hədəflərə nail olmaq yolunda növbəti mühüm addım olmuşdur. Bu toplantı bir tərəfdən Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi artan əhəmiyyətini nümayiş etdirdi, digər tərəfdən isə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin nə qədər vacib və etibarlı olduğunu göstərdi.
Mənim fikrimcə, bu cür beynəlxalq toplantılar Azərbaycanın diplomatik imicinə, regional və beynəlxalq arenadakı nüfuzuna mühüm töhfə verir. Eyni zamanda, bu platforma enerji sahəsində gələcək əməkdaşlıqlar üçün real zəmin yaradır və ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025