Mobil versiya
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib -Foto
Tarix: 07-04-2025 | Saat: 16:43
Bölmə:Siyasət / Parlament | çapa göndər

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Daha sonra iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə Şura tərəfindən görülən işlər və ümumillikdə, məhkəmə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, bütün bu islahatlar beynəlxalq təcrübə, normalar, prinsiplər öyrənilməklə tətbiq olunur. Hakimlərin qəbulu, qiymətləndirilməsi,irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.
Komitənin üzvü Nizami Səfərov bildirib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Həmçinin apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.
İclasda deputatlar Kamal Cəfərov və Bəhruz Məhərrəmov ölkədə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər, öz təklif və qeydlərini səsləndiriblər.
Sonra komitə sədri Əli Hüseynli bildirib ki, məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.
Müzakirələrin sonunda gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Erkin Qədirli, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025