Mobil versiya
Cənub Qaz Dəhlizi cənab Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin tərkib hissəsidir
Tarix: 06-04-2025 | Saat: 16:23
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Cənub Qaz Dəhlizi cənab Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin tərkib hissəsidir

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib
Ölkə başçımızın çıxışına keçmədən öncə qeyd edək ki, Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdıran Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biridir
Haqlı olaraq Cənub Qaz Dəhlizi də respublikamızın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biri kimi səciyyələndirilir.
“Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” Qaz Kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
"Cənub Qaz Dəhlizi" layihəsinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənilməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və daha sonra Cənubi Avropaya ixracının təmin edilməsi olmuşdur.
Bu layihə nəticəsində tarixdə ilk dəfə Azərbaycanın öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olmasıdır. Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məşvərət Şurasında çıxışında bildirib ki, mövcud komanda ildən-ilə genişlənməkdədir. “Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.”
Dövlətimizin başçısı qeyd edib ki, “ Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi.”
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirmişdir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. 3500 km olan layihənin ümumi dəyəri 33 milyard dollardır. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan – hündürlüyü 2500 m olan dağlardan, Adriatik dənizinin dibindən – keçir. Coğrafi olaraq çətinliyinə baxmayaraq Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir. Həm də Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
“Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq”-deyə çıxışında bildirən cənab Prezident bu prosesin davamlı olacağını qeyd etmişdir.
Hazırda dünyanın müzakirəsində olan yaşıl enerji gündəliyinin gələcək üçün çox önəmli əhəmiyyətini qeyd edən ölkəmizin başçısı bildirmişdir ki, Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik stansiyaları vasitəsilə 6.5 giqavatlıq enerji potensialı yaranacaq: “Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.”
Yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacağına ümidvar olduğunu bildirən ölkəmizin başçısı hər iki Məşvərət Şurasına uğurlar arzu etmişdir.
Sonda qeyd edək ki, cənab Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizi səmərəli əməkdaşlıq formatı olmaqla bərabər, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı yaradıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025