Mobil versiya
Tamam Cəfərova: “Cəmiyyətin bütün sferalarında ideoloji işin gücləndirilməsi olduqca vacibdir”
Tarix: 25-09-2024 | Saat: 15:30
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Tamam Cəfərova: “Cəmiyyətin bütün sferalarında ideoloji işin gücləndirilməsi olduqca vacibdir”

44 günlük Vətən müharibəsində, eləcə də ötən ilin sentyabr ayında keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində qazanılan misilsiz qələbələr Azərbaycanın son 200 illik tarixinin ən şanlı, parlaq səhifələrini təşkil edir. Əldə edilmiş bu tarixi Zəfərlər sayəsində Azərbaycan dövləti yeni bir dövrə qədəm qoymuşdur. Azərbaycan üçün strateji inkişaf mərhələsi başlayıb. Şübhəsiz ki, bu dövrün yeni reallıqları özündə yeni çağırışlar ehtiva edir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətləri də bu dövrün yeni çağırışlarına uyğun olaraq müəyyənləşdirilir. Bu xüsusda Ölkə Prezidenti cənab İlham Əliyevin VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasındakı proqram xarakterli çıxışı olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı öz çıxışında xalqımız və ölkəmiz qarşısında duran ən mühüm vəzifələri, dövlət siyasətinin əsas istiqamətlərini, Ermənistanla münasibətlər, ölkəmizə qarşı mövcud ikili standartlar kimi mühüm məsələlərə bir daha aydınlıq gətirməklə yanaşı, daxili və xarici auditoriyaya mühüm mesajlar verdi.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 2024-cü il müasir Azərbaycan tarixində iki mühüm hadisəni özündə ehtiva edir. Belə ki, tariximizdə ilk dəfə prezident və parlament seçkiləri suveren ölkəmizin bütün ərazilərində keçirildi. Bu, müstəqillik tariximizdə olduqca önəmli əlamətdar hadisədir. Suveren ərazilərimizdə keçirilən seçkilərdə Azərbaycan xalqı öz iradəsini böyük bir inam və qürur hissi ilə nümayiş etdirmişdir. Bu barədə cənab Prezident çıxışında qeyd edib: “2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.”

Millət vəkili T.Cəfərova qeyd edib ki, dövlətimizin başçısı çıxışında olduqca mühüm məsələlərə toxunaraq, ölkə qarşısında duran vacib vəzifələrə diqqət çəkib. Şübhəsiz ki, ilk növbədə ölkənin hərbi gücünün artırılması qarşıda dayanan ən vacib məsələlərdən biridir. Məlumdur ki, artıq dünyada beynəlxalq münasibətlər sistemində hüquq, ədalət prinsiplərindən sürətlə uzaqlaşma prosesi gedir. Artıq, güc amili ön plandadır. “Hansı dövlət daha güclüdürsə, o da haqlıdır” yanaşması özünü bariz şəkildə göstərir. Bu baxımdan Azərbaycanın hərbi gücünü ildən-ilə artırması olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz, ölkənin hərbi potensialının gücləndirilməsi sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi və 30 illik ədalətsizliyə Azərbaycan öz gücü hesabına son qoydu.

Ermənistan və Azərbaycan arasında münasibətlərə diqqət çəkən millət vəkili qeyd edib ki, Ermənistan siyasi hakimiyyəti bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etsələr də, digər tərəfdən revanşist hərəkətlər nümayiş etdirməkdən çəkinmirlər. Onlar hələ də, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışa bilmirlər. Ermənistan hər gün silahlanmağa davam edir və Qərbdəki havadarları da bu istiqamətdə faşist ölkəni dstəkləməyə davam edirlər. Əlbəttə, bütün bunlar qəbuledilməzdir. Şübhəsiz ki, Azərbaycan dövləti ərazi bütövlüyünə və suverenliyinə qarşı yarana biləcək təhdidlərin ən ağır şəkildə cavabını verməyə hər zaman hazırdır. Azərbaycan hər zaman əməkdaşlığa və bir-birinin maraqlarına hörmət prinsipinə əsaslanan xarici siyasət yürütmüşdür. İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra yaranmış reallıqlar fonunda ölkəmiz xarici siyasətində daha da sərbəstdir. Hansı ölkə Azərbaycanla əməkdaşlığa önəm verirsə, dövlətimiz bunu yüksək qiymətləndirir və ikiqat əməkdaşlıq edir. Bu barədə cənab Prezident çıxışında da qeyd edib: “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!” Azərbaycan regional güc mərkəzinə çevrilmiş dövlət kimi artıq, şərtləri diqtə edən tərəfdir. Məhz buna görə də, heç bir dövlət yaxud da beynəlxalq təşkilat Azərbaycanla ultimatum dilində danışa bilməz.

Millət vəkili qeyd edib ki, ölkə başçısının proqram xarakterli çıxışında toxunduğu vacib məqamlardan biri də gənc nəslin milli ruhda tərbiyəsi məsələsidir. Cənab Prezident demişdir: “Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir.” Son günlər ölkəmizə qarşı qarayaxma kampaniyası aparan xarici dairələr ölkəmizə qarşı çirkin planlarını daha da gücləndirmək istəyirlər. Bu baxımdan da, gənc nəslin milli ruhda tərbiyə olunması hər zaman olduğundan daha da mühüm məsələdir. Buna görə də, cəmiyyətin bütün sferalarında ideoloji işin gücləndirilməsi olduqca vacibdir. Əlbəttə, biz deputatlar da fəal olmalı, seçicilərlə görüşlərdə, müxtəlif ictimai tədbirlərdə, gənclərlə görüşlərdə bu məsələni daim diqqətdə saxlamalıyıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024