Mobil versiya
27 Sentyabr – Anım Günü
Tarix: 26-09-2024 | Saat: 12:08
Bölmə:Özəl | çapa göndər

27 Sentyabr – Anım Günü

27 sentyabr Azərbaycanda Anım Günüdür. Bu tarixdən  başlanan “Zəfər” yolu  8 noyabr 2020-ci ildə  tarixi qələbəmiz ilə başa çatdı. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmağa başlandı. Sərəncam, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın  ərazi bütövlüyü uğrunda  canlarından keçərək, Şəhidlik zirvəsinə ucalmış  əsgər və zabitlərimizə olan ali ehtiramın göstəricisidir.
Zəfər hisslərini bizlərə bəxş etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimiz, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib, düşməni ağır məğlubiyyətə düçar etdirdik.
44 gün davam edən  müharibənin hər dəqiqəsi  dastana döndü. Azərbaycan tarixinə şərəfli səhifələr kimi qeyd olundu. Şanlı Ordumuzun gücü və tarixi  döyüş  əməliyyatları, dövlətlə xalqın  birliyi və bütün  bu günlər ərzində təkcə  səngərdəki əsgər və zabitlərimiz deyil, siyasi müstəvidə  çıxışları ilə  həm də  xalqını ruhlandıran Ali Baş Komandanın dəmir iradəsi bu zəfəri bizlərə bəxş etdi. Şəhidlərimizin, qazilərimizin igidliyi,cəsurluğu,qalib döyüşçü ruhu  bu  qələbəni bizlərə yaşatdı. Bəli, Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə  öz  yerini göstərdi. Dəmir Yumruq” əməliyyatı ilə düşmən döyüş meydanında layiqincə cəzalandırıldı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşmənə diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi  öz  əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıqlar yarandı.Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bundan sonra biz Müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Azərbaycanın tarixinə qələbə səhifəsi yazmış müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına xalqın etibarı və ehtiramı sonsuzdur. Qəhrəman Azərbaycan xalqının sonsuz dəstəyinə arxalanan cəsur Prezident azad edilmiş ərazilərə səfərlərində öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu hər zaman əyani nümayiş etdirir.
Bu gün Prezident İlham Əliyev başda olmaqla bütün xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə və yaralanmış əsgər və zabitlərimizə böyük ehtiram göstərir.
Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.
Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.
Beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir nadir əməliyyat həyata keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi.
Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. O, prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi:
"Zəfər adı xalqımıza çox yaraşır...Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır...".
Şəhidlərimizin qanı intiqamsız qalmadı, ədaləti bərpa edərək qalib gəldik. Bayrağımız Qarabağ üzərində əbədi dalğalanacaq!
Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024