Mobil versiya
Aqiyə Naxçıvanlı: “Şuşa Bəyannaməsində informasiya siyasəti və lobbiçilik məsələləri ilə bağlı maddələrin yer alması mühüm amildir”
Tarix: 13-06-2024 | Saat: 15:15
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Şuşa Bəyannaməsində informasiya siyasəti və lobbiçilik məsələləri ilə bağlı maddələrin yer alması mühüm amildir”

“2021-ci ilin iyun ayının 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qədim Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir. Bu Bəyannamə Ümummilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə tarixi münasibətlərinin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bir daha bütün dünyaya bildirən bir mesaj oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək. Şuşa Bəyannaməsi mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinin təminatına hesablanmış bir sənəddir. Bəyannamədə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.”

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Öz fikirlərini davam etdirən deputat Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən sənəd olduğunu diqqət mərkəzinə çəkib: “Əlbəttə ki, Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkənin deyil, həm də bütün Cənubi Qafqazın təhlükəsizliyinin, regional sülhün əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması çox böyük tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.”

Daha sonra A.Naxçıvanlı Şuşa Bəyannaməsində informasiya siyasəti və lobbiçilik məsələləri ilə bağlı maddələrin yer almasının mühüm amil olduğunu vurğulayıb: “Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək lazımdır. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir. Sonda bir vacib məqamı da qeyd etmək lazımdır ki, yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb olub. Çünki Qars müqaviləsi ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyil. Bu Bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olmaqla bərabər, eyni zamanda da ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə