Mobil versiya
Adəm İsmayıl Bakuvi:"8 Noyabr – Azərbaycan xalqının gücünü bütün dünyaya nümayiş etdirdiyi tarixdir"
Tarix: 05-11-2026 | Saat: 10:52
Bölmə:Siyasət / Manşet | çapa göndər

Adəm İsmayıl Bakuvi:"8 Noyabr – Azərbaycan xalqının gücünü bütün dünyaya nümayiş etdirdiyi tarixdir"

Qələbələr bəzən müharibənin sona çatması ilə yekunlaşsa da, bəzi hallarda tamamilə yeni tarixi mərhələnin başlanğıcına çevrilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər məhz belə bir hadisədir. 2020-ci il noyabrın 8-i tariximizə böyük hərbi Qələbənin əldə olunduğu gün kimi daxil olsa da, bu möhtəşəm nailiyyətin əhəmiyyəti yalnız döyüş meydanında qazanılan uğurla məhdudlaşmır. Zəfərdən sonra ölkəmizin qarşısında daha genişmiqyaslı və mühüm vəzifələr meydana çıxmışdı. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurdlarından məcburi köçkün düşmüş vətəndaşların öz torpaqlarına qaytarılması, dövlət suverenliyinin tam təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın vahid iqtisadi, sosial və mədəni sisteminə inteqrasiyası əsas prioritetlərə çevrilmişdi.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi bildirib.

Partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı səsləndirdiyi bəyanatlar qarşıda duran bu tarixi missiyanın mahiyyətini və istiqamətlərini aydın şəkildə ortaya qoyurdu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bərabər, dövlət və cəmiyyət həyatında yeni inkişaf mərhələsinə daxil olurdu. Həmin mərhələnin başlıca istiqamətlərini suverenliyin daha da möhkəmləndirilməsi, genişmiqyaslı bərpa və quruculuq tədbirləri, Böyük Qayıdışın reallaşdırılması və insan amilinin dövlət siyasətində prioritet mövqedə saxlanılması təşkil edir. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq prosesinə start verdi. Uzun illər işğal altında qalmış şəhər və kəndlərdə infrastrukturun yenilənməsi, avtomobil yollarının salınması, yaşayış binalarının, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının və digər sosial obyektlərin tikintisi sürətləndirildi. Dəmir yolu xətlərinin, tunellərin, hava limanlarının və müxtəlif kommunikasiya sistemlərinin yaradılması bölgənin gələcək iqtisadi və sosial inkişafı üçün möhkəm təməl formalaşdırdı. Həyata keçirilən bu layihələr yalnız tikinti və abadlıq işlərindən ibarət deyil. Onların hər biri məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına, bölgədə iqtisadi fəallığın bərpasına və milli-mənəvi irsimizin yaşadılmasına xidmət edir. Dağıntılara məruz qalmış şəhərlərin əvvəlki görkəminə qaytarılması, kəndlərdə yaşayışın yenidən canlandırılması, tarixi və mədəni abidələrin bərpası Azərbaycanın öz ərazi bütövlüyünə və torpaqlarına sahib çıxmasının real təzahürüdür.

Zəfərin doğurduğu ən mühüm tarixi nəticələrdən biri də Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa edilməsi oldu. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədlərimiz üzərində nəzarətin təmin olunması baxımından mühüm hadisə kimi yadda qaldı. Həmin ərazidə Azərbaycan bayrağının ucaldılması ölkəmizin suveren hüquqlarının real şəkildə həyata keçirilməsinin əyani göstəricisi idi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərksilah olunaraq ərazidən çıxarılması, hərbi təyinatlı obyektlərin zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra əməliyyat dayandırıldı. Həmin il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tariximizin ən əlamətdar hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Bu hadisə Azərbaycanın suverenliyinin tam bərpasının və dövlət hakimiyyətinin bütün ərazilərdə təmin edilməsinin rəmzi ifadəsi idi. Cənab Prezidentin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncam əsasında sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi həmin tarixi nailiyyətin milli dövlətçilik tariximizdəki əhəmiyyətini daha da artırdı.

Müsahibimiz daha sonra bildirib ki, Zəfərin mənəvi əhəmiyyəti şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısında da aydın şəkildə özünü büruzə verir. Vətənimizin azadlığı uğrunda həyatını itirən qəhrəmanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, yaralanmış hərbçilərin sağlamlıq və reabilitasiya imkanlarının genişləndirilməsi, müharibə veteranlarının məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetləri sırasındadır. Şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması, onlara müvafiq aylıq sosial ödənişlərin ayrılması, məşğulluq layihələrinə cəlb edilməsi və müasir reabilitasiya vasitələri ilə təminatı bu istiqamətdə həyata keçirilən tədbirlərin konkret nəticələridir. “YAŞAT” Fondunun fəaliyyəti də şəhid ailələrinə, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən sosial dəstəyin mühüm tərkib hissəsidir. Zəfərdən sonrakı dövrdə Azərbaycanın qarşısında duran vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə uzunmüddətli və dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. Böyük Qayıdışın növbəti mərhələsinin uğurla həyata keçirilməsi məqsədilə II Dövlət Proqramının layihəsinin hazırlanması barədə 2025-ci il mayın 30-da imzalanmış Sərəncam da bu sahədə görülən işlərin davamlılığının təmin edilməsinə istiqamətlənib.

Beləliklə, 8 Noyabr – Zəfər Günü yalnız xalqımızın keçmişdə qazandığı möhtəşəm Qələbənin xatırlanması ilə məhdudlaşmır, həm də bugünkü inkişafımızın qarşısında dayanan məsuliyyətli vəzifələri və gələcək hədəflərimizi müəyyənləşdirir. Döyüş meydanında azadlığına qovuşan torpaqlarda yeni həyatın qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin edilməsi, dövlət suverenliyinin daha da möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi tarixi Zəfərin məntiqi davamıdır.

Zəfər tariximizin qürur mənbəyi, suverenlik dövlətçiliyimizin möhkəm dayağı, Böyük Qayıdış isə gələcəyə doğru uzanan inkişaf yolumuzdur. Bu yolun başlıca hədəfi azad edilmiş ərazilərdə təhlükəsiz və firavan yaşayışın təmin edilməsi, dayanıqlı sosial-iqtisadi mühitin yaradılması, milli həmrəyliyin qorunması və əldə olunmuş tarixi nailiyyətlərin gələcək nəsillərə ötürülməsidir. Azərbaycanın Zəfər salnaməsi bu mənada yalnız keçmişdə baş vermiş tarixi hadisələr toplusu deyil, hər gün yeni quruculuq işləri, inkişaf göstəriciləri və uğurlarla zənginləşən davamlı dövlətçilik tarixidir-deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026