Mobil versiya
“MİQ imtahanlarının çətinləşdirilməsi kommersiya məqsədi daşıyır” - Sərt ittihamlar
Tarix: 21-05-2024 | Saat: 12:06
Bölmə:Təhsil | çapa göndər

“MİQ imtahanlarının çətinləşdirilməsi kommersiya məqsədi daşıyır” -

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir. Bütün bunlar kommersiya məqsədi daşıyır. MİQ müsabiqəsi 2011-ci ildən başlayaraq bu günə qədər gəldiyi 14 ildə, kifayət qədər təkmilləşib, populiyarlaşıb. Amma müsabiqə cəmiyyətdə gəzən bir çox neqativ hallar ilə bağlı söz-söhbətlərdən də kənar deyil. MİQ müsabiqəsinin keçirildiyi 14 ildə müsahibə mərhələsinin meyarları hələ də formalaşmayıb, müsahibə komissiyasının üzvlərinin sübyektiv fikirləri əsasında qiymətləndirmə aparılması nə dərəcədə doğrudur? Eyni vəziyyət sertifikasiyanın müsahibə mərhələsində də müşahidə olunur. İbtidai sinif müəllimlərinin MİQ müsahibəsində illərdir ki, ciddi yanlışlıqlara yol veririk və bunu düzəltmək fikrimiz yoxdur”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov söyləyib.

O qeyd edib ki, MİQ imtahanında səhv sualların olması əvvəllər tək-tək hallarda rast gəlinirdisə, son illərdə bu sayda artım var:
"Hətta keçən il MİQ suallarında sızma da oldu. Yəni sualların bir çoxu, bu sualları hazırlayan kurs tərəfindən “nümunə” sual kimi öncədən açıqlandı. Düzdür, həmin kurs bunu texniki səhv olaraq etiraf etsə də , artıq cəmiyyətə lazım olan mesaj verilmişdi. Həmin mesaj bundan ibarət idi ki, "MİQ suallarını biz hazırlayırıq- MİQ və Sertifikasiyaya hazırlıq zamanı bizi seçin” . Plan baş tutdu və həmin kursa müraciət edənlərin sayı artdı. Nəticədə 34 şöbədən ibarət olan, Azərbaycan Respublikasının Təhsil Institutunun deyil, MİQ hazırlığı ilə məşğul olan bir kursun təbii ki, müqavilə əsasında sualları hazırlaması açıq-aydın ortaya çıxdı: “Azərbaycan Respublikasının Təhsil İnstitutu özü də son illər elə bir kursu xatırladır. 1931-ci ildən fəaliyyət göstərən və ölkənin pedaqoji sahədə yeganə elmi-tədqiqat müəssəsi olan ARTİ-yə rəhbərlik etmiş təhsil korifeylərindən sonra hazırda vaxtilə kursların birində inzibati işlərdə çalışmış birinin direktorluq etməsi, ARTİ-nin bir kursa çevrilməsinə, ömrünü təhsilə həsr etmiş təhsil və elm xadimlərimizin rühuna, eləcə də təhsilimizə hörmətsizlikdən başqa bir şey deyil. MİQ müsabiqəsi artıq bir neçə ildir ki, biznes layihəyə çevrilib. Belə ki, Pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssələrinin bakalaviriat səviyyəsində 240 kreditlə müəyyən olunan kadr hazırlığı həyata keçirilir. Yəni ömrünü müəllimliyə həsr etmək istəyən Azərbaycan gənci 4 il həmin 240 kredit əsasında yaxşı-pis pedaqoji, psixoloji və bu sahə ilə əlaqəli digər bilik və bacarıqlara yiyələnir, bakalavr səviyyəsi üzrə diplom alaraq əmək fəaliyyətinə başlamaq üçün MİQ müsabiqəsinə sənəd verir. Müsabiqədə isə onu satışı rekord qıran, əl-əl axtarılan məlum bir kitabda hər il yenilənən suallar gözləyir.Bu proses biznes deyil, bəs nədir? Biz ölkədə ən vacib müsabiqənin üzərində qurulan bu oyunun qarşısını ala bilmirik və ya niyə almaq istəmirik?”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə