Mobil versiya
Novruzəli Aslanov: “Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində kimsəsiz uşaqlara qayğı hər zaman xüsusi yer tutub”
Tarix: 14-04-2024 | Saat: 18:17
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində kimsəsiz uşaqlara qayğı hər zaman xüsusi yer tutub”

“Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir. Zərifə xanım 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Məhz həmin illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Amma ağır xəstəliklə mübarizədə bu kifayət deyildi. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Bu məqsədinə çatmaq üçün Zərifə xanım Rusiyanın, həmin dövrdə isə həm də keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərinə yollanır və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.”

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov 15 aprel – akademik Zərifə Əliyevanın anım günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında deyib.

Deputat həmçinin Zərifə Əliyevanın həyat və fəaliyyətində kimsəsiz uşaqlara qayğının xüsusi yer tutduğunu vurğulayaraq öz açıqlamasında bu fikirləri səsləndirib: “Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.”

Həmçinin N.Aslanov akademik Zərifə Əliyevanın peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində apardığı tədqiqatların önəmini qeyd edib: “Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb. Zərifə xanım Əliyeva eyni zamanda həm də görkəmli ictimai xadim olmaqla SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi vəzifələri daşıyırdı və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdü. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Azərbaycan səhiyyəsi qarşısında danılmaz, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Z.Əliyevanın inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.”

Sonda deputat qeyd edib ki, malik olduğu yüksək insani keyfiyyətləri ilə akademink Zərifə Əliyeva bu gün də bütün müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir: “Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Ümummilli Lider Heydər Əliyev öz xatirələrinin birində belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Öz xatirələrində Ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım haqqında bu sözləri deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.” Görkəmli oftalmoloq-alim eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Akademik Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024